Naxçıvanlı şagirdlər Bakıda təhsil ala bilmir - “Sistemə Naxçıvan daxil edilməyib”

  • 02 Sen 2019 14:30
  • 327 Baxış
Naxçıvanlı şagirdlər Bakıda təhsil ala bilmir -  “Sistemə Naxçıvan daxil edilməyib”

Məlum olduğu kimi Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.


Həmçinin, həmin əmrə əsasən ölkə daxilində orta məktəblərdə yerdəyişmələr də online qaydada həyata keçirilir.

Gununsesi.org-a daxil olan bir məlumatda isə bu sistemin tətbiqində ciddi problemlər yarandığı bildirilir.

Belə ki, Naxçıvan Muxtar Respublikasından olan vətəndaşların övladlarının Bakıda orta təhsil almaq işi müşkülə çevrilib.

Redaksiyaya müraciət edən Muxtar Respublika sakinləri bildirib ki, 500 nəfərə yaxın şagird Bakıda qeydiyyata düşə bilmir.

Yaradılmış online sistem Naxçıvandan olan vətəndaşların qeydiyyatını qəbul etmir.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə üz tutan sakinlərə problemin həlli üçün Bakı Baş Təhsil İdarəsini göstəriblər.

İdarədən isə bildiriblər ki, bu sistem yaradılarkən Naxçıvan Muxtar Respublikasındakı məktəblərin oraya daxil edilməsi unudulub.

Problemin nə zaman həll ediləcəyi isə bildirilmir.

Media vasitəsi ilə təhsil nazirinə üz tutan naxçıvanlılar məsələnin tezliklə həllini tələb edir.