ABŞ-ın İranla bağlı planında kritik tarix yaxınlaşır. 6 aprelə qədər razılaşma əldə olunmasa, regionda hərbi eskalasiyanın yeni mərhələyə keçəcəyi gözlənilir.
Bakupost.az xəbər verir ki, ABŞ administrasiyası İranla 6 aprel tarixinədək razılıq əldə etməyi planlaşdırır. Bu məqsədlə Vaşinqtonun İranın enerji infrastrukturuna zərbələri müvəqqəti dayandırdığı bildirilir.
Lakin əsas sual bundan sonra nə baş verəcəyidir. Razılaşma əldə olunmazsa, proses hansı istiqamətdə inkişaf edəcək?
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirib ki, danışıqların nəticəsiz qalacağı ehtimalı daha yüksəkdir və bu halda müharibə yeni mərhələyə keçəcək:
“6 aprelə qədər razılaşma əldə olunmasa, qarşıdurmanın əsas mərkəzi Hörmüz boğazı və Fars körfəzi istiqamətində olacaq. Burada məqsəd strateji nəzarəti ələ keçirməkdir”.
Ekspertin sözlərinə görə, ABŞ daxilində də müharibəyə qarşı ciddi narazılıq var:
“Son sorğular göstərir ki, ABŞ əhalisinin təxminən 65 faizi bu müharibəyə qarşıdır. Bir çox ştatlarda müharibə əleyhinə etiraz aksiyaları keçirilib”.
Ü.Şəfiyev hesab edir ki, proseslərin taleyi danışıqlar masasından çox, döyüş meydanında müəyyənləşəcək:
“Geosiyasətdə iki əsas model var – tellurokratik (quru gücü) və talassokratik (dəniz gücü). Müharibələr əsasən logistika xətləri, nəqliyyat dəhlizləri və strateji su hövzələri uğrunda gedir. Tarixən Rusiya quru gücünü, ABŞ isə dəniz gücünü artırmağa çalışıb. Bu baxımdan, razılaşma baş tutmasa, mübarizə Hörmüz boğazına nəzarət uğrunda daha da kəskinləşəcək”.
Ekspert əlavə edib ki, Rusiya və Çin də bu münaqişənin uzanmasında maraqlı tərəflər kimi çıxış edə bilər:
“Qərb Rusiyanı Ukraynada zəiflətmək istəyirsə, Moskva və Pekin də ABŞ-ın İran bataqlığında ilişib qalmasında maraqlıdır. Bu isə müharibənin genişlənməsi ehtimalını artırır”.
Onun fikrincə, quru qoşunlarının bölgəyə yeridilməsi ABŞ üçün əlavə risklər yarada bilər:
“Vaşinqton İran daxilində sosial və siyasi prosesləri stimullaşdırmaq yolu ilə nəticə əldə etməyə çalışmalı idi. Birbaşa hərbi müdaxilə ABŞ-ı daha da zəiflədə bilər”.
Rüfət Sultan, BakuPost