Avstriyanın paytaxtı Vyanada 28 yaşlı iş adamı Amar Dezic bahalı avtomobilini mühafizə etmək üçün qeyri-adi üsuldan istifadə edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, qaraj tapa bilməyən biznesmen 300 min avroluq (təxminən 600 min manat) "Ferrari"sini kranla birinci mərtəbədəki balkonuna qaldırıb. İş adamı 1,4 tonluq avtomobili balkonuna qaldırmaq üçün bir neçə min avro xərcləyib.
Dezic avtomobilini qış aylarında qorumaq üçün ağılasığmaz həll yolunu seçib və maşının ətrafını şüşə ilə bağlayıb.
Avtomobil ehtiyat hissələri və tuninq biznesi ilə məşğul olan biznesmen Dubaydakı lüks hotellərdə istifadə olunan avtomobil liftlərindən ilhamlanıb.
Avtomobilin qeyri-adi mühafizəsi uzun sürməyib. Təhlükəsizlik və yanğın qaydalarına zidd olduğu üçün polis “Ferrari”nin balkondan endirilməsini tələb edib. Avtomobili endirmək üçün iş adamına üç gün vaxt verilib.

Cavid, BakuPost