Azərbaycanda pensiya yaşı 65 yaş müəyyən olunsa da, bu yanaşma əksər hallarda yüksək vəzifələrdə çalışanlara şamil edilmir.
Belə ki, bir çox nazir və icra hakimiyyəti rəhbərləri 65 yaşı haqlasalar da, hələ də vəzifədə qalmaqda davam edirlər. Bu isə gənc kadrların irəli çəkilməsinə xeyli dərəcədə əngəl olur.
Qanunvericilikdə dövlət qulluğu və pensiya yaşı ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, bu qaydaların icra hakimiyyəti başçılarına necə tətbiq olunduğu sual doğurur.
65 yaşdan sonra icra başçılarının vəzifədə qalması nə dərəcədə məntiqlidir?
Hüquqşünas Qulamhüseyn Əlibəyli
Bakupost.az-a bildirib ki, idarətmədə kadrlarla bağlı məsələdə vahid yanaşmanın olması daha məqsədəuyğundur:
“Adətən, dövlət məmurları üçün pensiya yaşı 65 yaş müəyyənləşib. Hüquq-mühafizə sahəsində çalışanlar üçün isə pensiya yaşı həddi 55-60 yaş arasındadır. Həmin dövrdən sonra onlar istər-istəməz işlədikləri sistemdən ayrılmalıdırlar. Belə bir yanaşma hüquq-mühafizə sahəsində müəyyən nüanslara malikdir. Amma icra hakimiyyəti sahəsinə münasibətdə bu özünü o qədər də doğrultmur. İcra başçıları formal cəhətdən dövlət məmurları sayılmır, lakin bununla belə icra hakimiyyətini həyata keçirirlər”.
Həmsöhbətimizin fikrincə, nazirlərə, mərkəzi və rayon icra hakimiyyəti orqanlarının rəhbərlərinə də münasibətdə vahid kriteriya, yanaşma olmalıdır ki, fərdi seçim və fərqləndirmə imkanı olmasın:
“Həmin kateqoriyadan olan vəzifəli şəxslərə münasibətdə də vahid yaş həddi müəyyənləşməlidir. Hesab olunursa ki, pensiyaya çıxmaq üçün 65 yaş yetərlidir, bu nazirlərə, mərkəzi və rayon icra hakimiyyəti rəhbərlərinə də şamil olunmalıdır. Bəzi hallarda onlara münasibətdə həmin yaş həddi rəhbər orqanın razılığı ilə 70 yaşa qədər də artırıla bilər. Belə olan halda 70 yaşı həmin kateqoriyadan olan vəzifəlilər üçün optimal variant olaraq götürmək olar. Bəzən bəyan edirlər ki, təcrübəli işçilər daha çox olmalıdır. Lakin proses göstərir ki, gənc kadrların işə yanaşmaları da əksər hallarda özünü doğruldur”.
Rüfət Sultan,
BakuPost