İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb.
Hökmə əsasən, Qəhrəman Məmmədova 6 il həbs cəzası verilib.
Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanında saxlanılarkən çantasında ümumilikdə 10.391.970,08 manat dəyərində 70 kiloqramlıq qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyənləşib.
Xəbəri rus dilində oxuyun: Вынесен приговор полковнику-лейтенанту Мамедову
Q. Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yekun ittiham verilib.