2026-cı il sentyabrın 1-dən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb.
“Bakupost” xəbər verir ki, əməkhaqqı islahatı ümumilikdə 72 212 tibb işçisini əhatə edir.
İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artırılıb. Yeni sistemdə əməkhaqları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri, eləcə də regionlarda kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılır.
TƏBİB-in icraçı direktoru Anar Bayramov bildirib ki, yeni əməkhaqqı modelində işin xüsusiyyətləri və kadr təminatı əsas meyarlar sırasında yer alır.
Bəs 72 mindən çox tibb işçisini əhatə edən bu islahat Azərbaycan səhiyyəsində hansı dəyişikliklərə səbəb ola bilər?
Musa Quliyev: “Həkimlərin rayonlara həvəslə getməsinə şərait yaradacaq”
Milli Məclisin deputatı Musa Quliyev
“Bakupost”a bildirib ki, bu addım Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilir və onu səhiyyə sahəsində aparılan islahatların mühüm mərhələsi kimi qiymətləndirmək olar.
Deputatın fikrincə, məsələyə yalnız əməkhaqqının artırılması kimi yanaşmaq doğru olmaz:
“Bu, həm də əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq üçün insan kapitalına qoyulan investisiyadır. Tibb işçisinin maaşının əməyinə uyğun olması onun motivasiyasını, məsuliyyətini və öz işinə bağlılığını artıracaq. Azərbaycanda sovet dövründən bu günədək tibb işçilərinin maaşı, demək olar ki, həmişə orta əməkhaqqından aşağı və ya həmin səviyyədə olub”.
M.Quliyev hesab edir ki, TƏBİB-də həyata keçirilən islahat digər qurumların tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarına da müsbət təsir göstərə bilər:
“Hazırda ölkədə səhiyyə xidmətlərinin 70 faizindən çoxu TƏBİB tərəfindən göstərilir. Tibb işçilərinin 70 faizindən çoxu da TƏBİB sistemində çalışır”.
Deputatın sözlərinə görə, əməkhaqqı islahatının ən mühüm üstünlüklərindən biri diferensial yanaşmanın tətbiqidir:
“İşin keyfiyyətinə, xidmətin həcminə və mütəxəssisin peşəkarlığına görə sabit əməkhaqqına əlavələr ediləcək. Diferensial yanaşma və rayonlarda müəyyən əmsalların tətbiqi işçilərin motivasiyasını gücləndirməklə yanaşı, bəzi bölgələrdə kadr axıcılığının qarşısını almağa kömək edəcək. Bu, rayonlarda boş ştatların tutulmasına, həkimlərin bölgələrdə işləməyə həvəsləndirilməsinə şərait yaradacaq. Diferensial əməkhaqqı sistemi tibbi xidmətin keyfiyyətinə də müsbət təsir göstərəcək”.
M.Quliyev hesab edir ki, əməkhaqqının yüksəldilməsi peşəkar həkimlərin xaricə üz tutmasının qarşısının alınmasına da müəyyən qədər kömək edəcək.
Deputatın fikrincə, islahatların davam etdirilməsi TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına, idarəetmənin keyfiyyətcə yenilənməsinə və pasiyent məmnunluğunun yüksəlməsinə də şərait yaradacaq.
Adil Qeybulla: “Həkimlərə dövlət qulluqçusu statusu verilməlidir”
Tibb elmləri doktoru Adil Qeybulla da qərarı səhiyyədə aparılan islahatların mühüm istiqamətlərindən biri hesab edir.
“Həkimlərin maaşlarının artırılması yaxşı addımdır. Çünki bu, sosial müdafiənin mühüm elementidir. Əməkhaqqı sistemli şəkildə artırılmalıdır. Düşünürəm ki, məsələ kompleks həllini tapmalıdır. Həkimlərin fiksə olunmuş maaş sistemi yaradılmalıdır. Habelə, həkimlərə dövlət qulluqçusu statusu verilməlidir. Analoji addım Səhiyyə Nazirliyinin tabeliyində olan tibb işçilərinə münasibətdə də atılmalıdır”, – deyə A.Qeybulla bildirib.
Turanə Rəsulova: “Özəl sektorda çalışan həkimlərin maaşlarına da müsbət təsir edəcək”
Uzman həkim Turanə Rəsulova isə sözügedən qərarı Azərbaycan dövlətinin həkim əməyinə verdiyi dəyərin göstəricisi kimi qiymətləndirib:
“Dünən yayılan xəbərlərdən dövlət tibb müəssisələrində çalışan həkimlərin əməkhaqlarında əhəmiyyətli artımların nəzərdə tutulduğunu öyrəndik. Uzun müddətdir gözlənilən bu addım kifayət qədər ciddi və təqdirəlayiqdir”.
T.Rəsulovanın sözlərinə görə, xüsusilə təcili və təxirəsalınmaz tibbi yardım, əməliyyatxana, anesteziologiya və reanimatologiya kimi yüksək risk, məsuliyyət və ağır iş şəraiti tələb edən sahələrdə çalışan həkimlərin əməyinin daha yüksək qiymətləndirilməsi vacibdir.
O hesab edir ki, qərarın təsiri yalnız dövlət tibb müəssisələri ilə məhdudlaşmayacaq:
“Dövlət sektorunda əməkhaqlarının və saatlıq ödənişlərin artırılması səhiyyə əmək bazarında sağlam rəqabəti gücləndirəcək. Nəticədə özəl tibb müəssisələri də peşəkar, təcrübəli və yüksək keyfiyyətli tibbi xidmət göstərə bilən həkimləri cəlb etmək, mövcud kadrları qorumaq üçün daha rəqabətqabiliyyətli əməkhaqqı və iş şəraiti təklif etməli olacaqlar. Bu baxımdan qərarın özəl sektorda çalışan həkimlərin əməkhaqlarına da uzunmüddətli perspektivdə müsbət təsir göstərəcəyinə inanıram”.
Uzman həkim qeyd edib ki, həkim əməyinin layiqincə qiymətləndirilməsi səhiyyədə arzuolunmaz halların azalmasına, peşəkar kadrların ölkədən getməsinin – “beyin axını”nın qarşısının alınmasına, eləcə də gənclərin tibb təhsilinə marağının artmasına xidmət edə bilər:
“Eyni zamanda, həkimlərin sosial rifahının və peşə məmnunluğunun yüksəlməsi göstərilən tibbi xidmətin keyfiyyətinə də müsbət təsir göstərəcək.
Ümumilikdə, bu qərarı Azərbaycan səhiyyəsi üçün çox müsbət addım hesab edirəm. İnanıram ki, əmək bazarında rəqabəti gücləndirərək həm dövlət, həm də özəl səhiyyə sektorunda inkişafa, xidmət keyfiyyətinin yüksəlməsinə və həkim peşəsinin nüfuzunun daha da artmasına ciddi stimul verəcək”.
Rüfət Sultan,
BakuPost