"Ege" və "Referans Həyat" hospitallarında həkimlərin pasiyentə qarşı laqeyd münasibət göstərdiyi iddia olunur.
"Bakupost" xəbər verir ki, Kənan Quluzadə adlı pasiyent başına gələnləri sosial şəbəkədə paylaşaraq narazılığını bildirib.
Bir neçə gün əvvəl boynunda şiş yarandığını deyən Kənan Quluzadə müayinədən sonra bunun epidermal kist olduğunu və cərrahi müdaxiləyə ehtiyac yarandığını öyrənib. Sığorta ilə əvvəlcə "Ege" Hospitala müraciət edən pasiyent cərrah Edqard Nurməmmədovun qəbuluna yazılsa da, təyin olunan vaxtda həkimi yerində tapa bilməyib.
Şikayətçi deyir ki, qəbulun baş tutmayacağı barədə əvvəlcədən heç bir məlumat verilməyib:
"Deyilən saatda orada olarkən həkimin əməliyyatda olduğunu bildirdilər. Təəccüblə nə vaxt gələcəyini soruşduqda isə dəqiq bilinmədiyini, hətta ümumiyyətlə gəlməyə də biləcəyini dedilər. Bəs bunu niyə mənə əvvəlcədən xəbər verməmisiniz deyəndə isə "O qədər pasiyent var ki, neynəyə bilərik?" kimi absurd və hörmətsiz cavab verdilər. Həkimlə əlaqə saxlamaq istəsəm də, zənglərimə cavab vermədi. Mesajıma isə iki saat sonra cavab yazdı. Şikayətimi bildirəndə isə ümumiyyətlə mesajımı oxuyub cavab vermədi”.
Kənan Quluzadə daha sonra sığorta vasitəsilə "Referans Həyat" Hospitalında, cərrah-proktoloq Şükür Abdullayevin qəbuluna yönləndirildiyini bildirib. Onun sözlərinə görə, həkim USM müayinəsindən keçməsini və bundan sonra problemin həll olunacağını deyib. Lakin pasiyentin iddiasına görə, üç saat USM növbəsində gözləyib nəticəni aldıqdan sonra həkimin klinikanı tərk etdiyini öyrənib.
"Bilirsiniz, nə baş verdi? Üç saat USM növbəsində gözləyib nəticəni aldıqdan sonra məlum oldu ki, həkim klinikanı tərk edib. Həkimlə əlaqə saxladıqda isə mənə bildirdi ki, "O əməliyyatdan mənə cəmi 8 manat pul qalır, ona görə niyə əziyyət çəkim?!" Nəticədə bu iki həkimə görə bir neçə dəqiqəlik prosedur üçün bütün günüm boşa getdi. "Ege" və "Referans Həyat" hospitallarının həkimləri sığorta ilə işləmək istəmirlərsə, bunu niyə pasiyentə əvvəlcədən demirlər? Xəstəni qəbula çağırıb gəlməmək nə deməkdir? Xəstəni əməliyyat etməyəcəksə, saatlarla gözlətmək nə deməkdir?".
İddialarla bağlı adıçəkilən həkimlərlə əlaqə saxlamağa çalışsaq da, onlardan münasibət öyrənmək mümkün olmadı.
Lalə Novruz, BakuPost