Ru
12:06 / 30 İyul 2025

8,8 bal gücündə zəlzələ... - Təhlükə yaxınlaşır - Milyonlarla insan təşvişdə - VİDEO

8,8 bal gücündə zəlzələ... - Təhlükə yaxınlaşır - Milyonlarla insan təşvişdə - VİDEO
Eye

Rusiyanın uzaq şərqində, Kamçatka yarımadası sahillərində baş verən 8,8 bal gücündə zəlzələ nəticəsində 4 metrlik sunami dalğaları yaranıb. Hadisə ilə əlaqədar bu gün Havay və Sakit okean hövzəsində yerləşən bir sıra ölkələrdə təxliyə əmrləri verilib.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, zəlzələ Rusiyanın ucqar bölgəsində bir neçə binaya ziyan vurub, bir neçə nəfər xəsarət alıb. 2011-ci ildə 9 bal gücündə zəlzələ və sunami nəticəsində böyük fəlakət yaşamış Yaponiyanın şərq sahillərində də təxliyə göstərişləri elan olunub.


Havayda sahil sakinlərinə yüksək ərazilərə və ya binaların yuxarı mərtəbələrinə qalxmaq tapşırılıb. ABŞ Sahil Mühafizəsi sunaminin yaxınlaşması ilə əlaqədar gəmilərə limanları tərk etməyi əmr edib.


Honolulu Fövqəladə Hallar İdarəsi X platformasında yaydığı açıqlamada “Təxirəsalınmaz tədbir görün! Dağıdıcı sunami dalğaları gözlənilir,” – deyə xəbərdarlıq edib.


Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, sunami dalğaları daha əvvəl Kamçatkada bəzi əraziləri vurub. Şimali Kurilsk şəhərində liman və balıq emalı müəssisəsi qismən su altında qalıb, bəzi gəmilər lövbərdən qoparaq sürüklənib.


Nazirlik həmçinin Telegram vasitəsilə bildirib ki, bir uşaq bağçası zərər görüb, lakin əksər binalar zəlzələyə davam gətirib. İndiyə qədər insan tələfatı qeydə alınmayıb.


Kamçatka vilayətinin qubernatoru Vladimir Solodov Telegram kanalında yaydığı videomüraciətdə bildirib ki, bu zəlzələ “son onilliklər ərzində bölgədə baş verən ən güclü zəlzələ olub.”


Rusiyalı alimlər də onun 1952-ci ildən bəri bölgədə qeydə alınan ən güclü zəlzələ olduğunu qeyd ediblər.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerin 19,3 kilometr dərinliyində olub. Təbii fəlakət Petropavlovsk-Kamçatski şəhərindən 119 kilometr şərq-cənub-şərqdə baş verib. Həmin şəhərdə 165 minə yaxın əhali yaşayır.

İdarə zəlzələnin gücünü əvvəlcə 8,0 bal olaraq qiymətləndirsə də, daha sonra bu göstəricini 8,8 bala yüksəldib. Ardınca 6,9 bala çatan bir neçə güclü afterşokun baş verdiyi bildirilib.

Petropavlovsk-Kamçatski şəhərinin sakini, 25 yaşlı Yaroslav bildirib:

“Mən binanı tərk etməyə qərar verdim. Divarların hər an uça biləcəyini hiss etdim. Titrəyiş fasiləsiz olaraq azı 3 dəqiqə davam etdi”.

Sakit okean boyunca sunami xəbərdarlıqları

Yaponiyanın Sakit okean sahillərində yerləşən sahil şəhərlərində sunami siqnalları səsləndirilib, on minlərlə insan üçün təxliyə əmrləri verilib.

2011-ci ildə sunaminin nüvə fəlakətinə səbəb olduğu Fukusima Atom Elektrik Stansiyasının əməkdaşları ərazidən təxliyə olunub. Bu barədə stansiyanın operatoru TEPCO məlumat yayıb.

NHK dövlət kanalının yayımladığı görüntülərdə Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında balıqçı gəmilərinin limanları tərk etdiyi əks olunub.

“Kyodo” agentliyi xəbər verir ki, avtomobil istehsalçısı “Nissan Motor” ölkədəki bəzi zavodlarında işini müvəqqəti dayandırıb və bu addım işçilərin təhlükəsizliyi məqsədilə atılıb.

Yaponiya hökumətinin məlumatına görə, artıq üç sunami dalğası qeydə alınıb. Ən yüksək dalğanın hündürlüyü 60 santimetr (24 düym) olub. Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib ki, indiyə qədər nə xəsarət, nə də dağıntı müşahidə olunmayıb. Nüvə obyektlərində də heç bir pozuntu baş verməyib.

ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi isə “təhlükəli sunami dalğalarının” Sakit okean boyunca yayıla biləcəyini açıqlayıb.

Qurumun məlumatına görə, 3 metrdən yüksək dalğalar Rusiyanın bəzi sahilləri, Şimal Havay adaları və Ekvador sahillərində gözlənilir. 1-3 metrlik dalğalar isə Yaponiya, Havay, Çili və Solomon adaları da daxil olmaqla bir sıra ölkələrin sahillərində müşahidə oluna bilər.


Daha kiçik dalğaların ABŞ-ın qərb sahilləri də daxil olmaqla, Sakit okean regionunda bir çox sahilboyu ərazilərdə baş verməsi ehtimal olunur.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək bildirib:

“Sakit okeanda baş verən güclü zəlzələ səbəbilə Havayda sunami xəbərdarlığı qüvvədədir. Alyaska və ABŞ-ın Sakit okean sahillərində isə sunami müşahidəsi elan olunub”.

Lalə,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar