Ru
17:03 / 19 Noyabr 2026

Tramp və Si Cinpinin Rusiya uğrunda mübarizəsi: Kim üstün olacaq?

Tramp və Si Cinpinin Rusiya uğrunda mübarizəsi: Kim üstün olacaq?
Eye

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə Şençjendə keçirilən görüşündə hər iki ölkənin Ukraynadakı müharibənin başa çatmasına kömək etmək istədiyini bildirib.

“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Vaşinqton və Pekinin Rusiya-Ukrayna müharibəsinin həllində rol oynaya biləcəyinə ümid etdiyini deyib.

“Mən bu müharibənin bitməsini istəyirəm və düşünürəm ki, hər ikimizin adından danışıram”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, Çin indiyədək Ukrayna müharibəsi ilə bağlı sülh təşəbbüsləri irəli sürsə də, münaqişənin dayandırılması üçün Rusiyaya ciddi təzyiq göstərməkdən çəkinib. Pekin Moskva ilə iqtisadi və siyasi əlaqələrini qoruyub saxlamağa üstünlük verib.

Lakin Trampın son açıqlaması Çinin Ukrayna məsələsində daha fəal rol oynaya biləcəyi ehtimalını yenidən gündəmə gətirib.

Maraqlıdır, Pekin həqiqətən də mövqeyini dəyişməyə hazırlaşır? Çinin sülh prosesinə fəal qoşulması Rusiyanı güzəştə getməyə məcbur edə bilərmi? Ümumiyyətlə, ABŞ və Çin arasında Moskva üzərində təsir uğrunda mübarizədə hansı tərəfin imkanları daha genişdir?

Siyasi şərhçi, “Yeni Nəsil” Jurnalistlər İttifaqının sədri Arif Əliyev “BakuPost”a bildirib ki, Çinin Ukrayna müharibəsinin həllində iştirak etməyə hazır olması yeni mövqe deyil:

“Pekin indiyədək də bu məsələyə münasibət bildirərkən prosesdə iştirak etməyə hazır olduğunu rəsmi şəkildə bəyan edib. Ona görə də Trampın açıqlamasında sensasion heç nə yoxdur. ABŞ, Çin və Rusiya üçbucağında əsas məsələ Vaşinqtonla Pekindən hansının Moskvaya daha çox təsir göstərə bilməsidir. Mübarizə də əslində bunun üzərində gedir”.

Ekspertin fikrincə, hazırda Çinin Rusiyaya təsir imkanları ABŞ ilə müqayisədə daha genişdir:

“Pekinin Moskvaya iqtisadi, coğrafi və ideoloji yaxınlığı daha böyükdür. Bu qonşuluq bir çox baxımdan Çinə ciddi üstünlüklər verir. Bazar və təbii resurslar baxımından da Rusiya Çin üçün mühüm əhəmiyyət daşıyır”.

Arif Əliyev hesab edir ki, Pekin Ukrayna müharibəsinin dayandırılması üçün Moskvaya ciddi təzyiq göstərərsə, bunun nəticəsiz qalması mümkün deyil:

“Çinin təzyiqi istənilən halda təsirsiz ötüşməyəcək. Amma Pekinin məqsədi sadəcə hansısa mərhələdə Rusiyaya kömək etmək deyil. Onun əsas hədəfi iqtisadi və insan resursları uğrunda gələcək qlobal mübarizədə Rusiyanı özündən asılı vəziyyətə salmaq, faktiki olaraq, özünün əlavəsinə çevirməkdir.

Çin bu cür təsir vasitələrindən istifadə etsə, Rusiyanın ondan üz döndərməsi asan olmayacaq. Pekinin Ukrayna məsələsinə marağı artarsa, bu, əslində, ABŞ-ni üstələmək istiqamətində atılan addım kimi qiymətləndirilməlidir”.

Bununla belə, siyasi şərhçi Ukrayna müharibəsinin tezliklə başa çatmasının hazırda Çinin əsas prioritetlərindən biri olduğunu düşünmür.

“Ukrayna probleminin sürətli həlli indiki mərhələdə Pekini dərindən düşündürən məsələ deyil. Bunun ona nə istisi, nə də soyuğu var. Əksinə, mövcud vəziyyət Çinin Rusiyanın resurslarına çıxış imkanlarını daha da genişləndirir”, – deyə Arif Əliyev bildirib.

Beləliklə, ekspertin qənaətinə görə, Ukraynada sülh məsələsi ABŞ və Çin arasında daha böyük geosiyasi rəqabətin tərkib hissəsidir. Bu rəqabətdə əsas məqsədlərdən biri Rusiyaya təsir imkanlarını artırmaqdır. Hazırkı şəraitdə isə Pekinin iqtisadi və coğrafi üstünlükləri ona Moskva üzərində daha güclü təsir rıçaqları verir.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar