Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri zamanı onu müşayiət edən şəxsin əlindəki nüvə çamadanının nümayiş etdirilməsi diqqət çəkib.
“BakuPost” xəbər verir ki, Rusiyanın “Rossiya 1” telekanalının müxbiri prezidentin yanında olan hərbçidən daşıdığı çamadanın təyinatını soruşub. Hərbçi bunun Rusiyanın strateji nüvə qüvvələrinin idarə olunmasında istifadə edilən xüsusi çamadan olduğunu təsdiqləyib.
Maraqlıdır, nüvə çamadanının dövlət başçılarını xarici səfərlərdə müşayiət etməsi adi təhlükəsizlik proseduru olduğu halda, Rusiya televiziyası niyə bu dəfə onu xüsusi olaraq nümayiş etdirib? Moskva bununla dünyaya hansı mesajı vermək istəyir?
Politoloq Zərdüşt Əlizadə
“BakuPost”a açıqlamasında bildirib ki, nüvə çamadanının Putinlə birlikdə Çinə aparılmasında qeyri-adi heç nə yoxdur:
“Hara, hansı ölkəyə getsə də, bu çamadan həmişə onun yanında olur. Burada qəribə heç nə yoxdur. Təkcə Rusiya Prezidentini deyil, ABŞ Prezidenti Donald Trampı və Çin lideri Si Cinpini də müvafiq nüvə idarəetmə sistemləri müşayiət edir. Çünki gözlənilməz təhlükə yarandıqda dövlət başçısının operativ qərar verməsi üçün belə sistemlər nəzərdə tutulub”.
Politoloqun sözlərinə görə, Rusiyada nüvə silahının tətbiqi ilə bağlı qərarvermə mexanizmi bir neçə yüksəkvəzifəli şəxsin iştirakını nəzərdə tutur:
“Rusiyada bu prosesdə üç şəxs – prezident, müdafiə naziri və Baş Qərargah rəisi iştirak edir. ABŞ-da isə nüvə silahından istifadə barədə qərarvermə səlahiyyəti prezidentdə cəmləşib. Lakin bu, verilən istənilən əmrin avtomatik yerinə yetiriləcəyi anlamına gəlmir. Hərbi rəhbərlik qanunsuz əmri icra etməkdən imtina edə bilər”.
Zərdüşt Əlizadə hesab edir ki, əsas diqqət çəkən məqam çamadanın Putini müşayiət etməsi deyil, Rusiya tərəfinin bunu nümayişkaranə şəkildə göstərməsidir.
Onun fikrincə, Moskva bununla Rusiyanın dünyanın aparıcı nüvə dövlətlərindən biri olduğunu xatırlatmağa çalışır:
“Diplomatik protokola əsasən, dövlət başçılarının xarici səfərlərinin bütün detalları əvvəlcədən hazırlanır. Görünür, Trampın səfəri zamanı Amerika tərəfi nüvə çamadanını nümayiş etdirməyə ehtiyac duymayıb. Rusiya tərəfi isə Putinin nüvə dövlətinin rəhbəri olduğunu xüsusi vurğulamaq qərarına gəlib.
Bununla göstərmək istəyirlər ki, guya nəyəsə qadirdirlər. Reallıqda Rusiyanın nüvə silahından başqa fəxr etməli heç nəyi yoxdur. İqtisadiyyatı zəifdir, həyat səviyyəsi aşağıdır, demoqrafik vəziyyəti pisdir. Çin sürətlə inkişaf edən dövlətdir. ABŞ isə dünyanın aparıcı iqtisadi güclərindən biridir, dolların sahibidir. Ona görə də onların öz güclərini nümayiş etdirmək üçün nüvə silahını ön plana çıxarmağa ehtiyacları yoxdur”.
Qeyd edək ki, Rusiyanın “Çeget” adlanan nüvə çamadanı strateji nüvə qüvvələrinin idarə olunması və müvafiq əmrlərin ötürülməsi üçün nəzərdə tutulmuş rabitə sistemidir. Rusiya prezidenti, müdafiə naziri və Baş Qərargah rəisi üçün ayrıca belə sistemlər mövcuddur. Bununla belə, nüvə zərbəsinə icazə verilməsi prosedurunda hər üç şəxsin razılığının mütləq tələb olunub-olunmadığı barədə açıq mənbələrdə fərqli qiymətləndirmələr var.
Rüfət Sultan,
BakuPost