Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirilməsini təklif edib. O bildirib ki, xalq yeni Konstitusiyanı rədd edərsə, istefa verəcək, qəbul edərsə, növbəti seçkilərdə Baş nazir postuna namizədliyini irəli sürməyəcək.
"Bakupost" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Ermənistanlı baş nazir bu bəyanatı noyabrın 19-da hökumətin iclasında yeni Konstitusiyanın qəbul edilməsi prosesi ilə bağlı danışarkən səsləndirib.
"Müxalifətə təklif edirəm: gəlin, referendum keçirək. Əgər xalq Konstitusiyanı rədd etsə, istefa verəcəyəm. Əgər xalq Konstitusiyaya "hə" desə, növbəti seçkilərdə baş nazir postuna namizədliyimi irəli sürməyəcəyəm", - Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, bir gün əvvəl bu təklifini parlamentdə qismən səsləndirib və indi onu daha aydın şəkildə ifadə etmək istəyir.
Yeni Konstitusiyanın hazırlanmasından danışan Paşinyan ilkin layihənin gələn həftə dərc olunacağını bildirib. O vurğulayıb ki, Konstitusiya layihəsinə yenidən baxılmalıdır, eyni zamanda hökumət üçün əsas ideoloji çərçivə müəyyənləşdirilməlidir.
"Konstitusiya layihəsi, sözsüz ki, dəyişdirilməlidir, lakin o, "Real Ermənistan" ideologiyasının hüdudlarından kənara çıxa bilməz", - baş nazir deyib.