90, hətta 100 yaşa qədər yaşamağın sirri nədir? Sağlam qidalanmaq, hər gün idman etmək, artıq çəkidən uzaq durmaq?
ABŞ alimlərinin uzun illər apardığı “90+ Study” araşdırmasının nəticələri uzunömürlülüklə bağlı bəzi ənənəvi təsəvvürlərə fərqli rakursdan baxmağa imkan verir.
"Bakupost" xəbər verir ki, Kaliforniya Universitetinin Irvine kampusunda aparılan “90+ Study” dünyanın 90 yaşdan yuxarı insanları əhatə edən ən böyük tədqiqat layihələrindən biridir. Araşdırmaya 1600-dən çox insan cəlb olunub.
Alimlər onları mütəmadi müayinə edərək uzunömürlülüyə hansı amillərin təsir etdiyini, yaddaş və düşünmə qabiliyyətinin necə qorunduğunu, demensiya riskinin nədən asılı olduğunu öyrəniblər.
Araşdırmanın bəzi nəticələri kifayət qədər maraqlıdır.
Bir qədər artıq çəki həmişə pisdirmi?
Araşdırmanın diqqətçəkən nəticələrindən biri çəki ilə bağlıdır.
Məlum olub ki, 70 yaşlarında bir qədər artıq çəkisi olan insanlar normal və aşağı çəkili insanlarla müqayisədə daha uzun yaşayıblar.
Amma burada mühüm bir detal var: bu nəticə piylənmənin faydalı olması demək deyil. Araşdırmada həm normadan ciddi aşağı çəkinin, həm də piylənmənin ölüm riskinin artması ilə əlaqəsi müşahidə olunub.
Gündə 15-45 dəqiqə hərəkət
Sosial şəbəkələrdə yayılan mətnlərdə bu araşdırmaya istinad edilərək idmanın guya infarkt və insult riskini artırdığı yazılır. Lakin araşdırmanın nəticələri bunun əksini göstərir.
Fiziki aktivlik ölüm riskinin azalması ilə əlaqələndirilib. Fayda gündə təxminən 45 dəqiqəyə qədər fiziki aktivliyin artması ilə yüksəlib, bundan sonra isə əlavə üstünlük o qədər də nəzərə çarpmayıb.
Yəni araşdırmadan çıxarıla biləcək nəticə “idman etməyin” deyil, yaşa və sağlamlıq vəziyyətinə uyğun olaraq hərəkətli qalmağın əhəmiyyətidir.
Qəhvə də siyahıdadır
Araşdırmada qəhvə və kofeinlə bağlı da maraqlı nəticələr əldə olunub.
Orta miqdarda kofein qəbul edən insanlarda uzunömürlülüklə müəyyən əlaqə müşahidə edilib. 90 yaşdan yuxarı insanların ayrıca təhlilində isə gündə 200 mq və daha çox kofein qəbul edənlərdə demensiya riskinin aşağı olması müşahidə olunub.
Lakin alimlər bunun birbaşa səbəb-nəticə əlaqəsi olduğunu söyləmirlər.
Bəs alkoqol həqiqətən ömrü uzadır?
Araşdırmanın ən çox müzakirə olunan nəticələrindən biri də budur.
Məlumatlara görə, gündə iki və ya daha çox porsiya alkoqollu içki qəbul edən iştirakçılarda ölüm riskinin təxminən 15 faiz aşağı olduğu müşahidə edilib. Maraqlıdır ki, nəticə konkret olaraq qırmızı şərabla məhdudlaşmayıb.
Ancaq bu nəticə “uzun yaşamaq üçün içki içmək lazımdır” mənasına gəlmir.
Söhbət müşahidə xarakterli araşdırmadan gedir və belə tədqiqatlar alkoqolun məhz özünün ömrü uzatdığını sübut edə bilməz. Araşdırmanın rəhbərlərindən professor Klaudiya Kavas da sonrakı açıqlamalarında həddindən artıq alkoqol qəbulunun sağlamlığa və uzunömürlülüyə mənfi təsir göstərdiyini vurğulayıb.
Buna görə də spirtli içki qəbul etməyən insanın sırf uzun yaşamaq məqsədilə içkiyə başlaması üçün bu araşdırma əsas sayıla bilməz.
Uzunömürlülüyün başqa bir açarı: həyatdan qopmamaq
Araşdırmanın bəlkə də ən maraqlı tərəfi yalnız qida, qəhvə və fiziki aktivliklə bağlı deyil.
Alimlər sosial və zehni aktivliyin də yaşlı insanların həyatında mühüm rol oynadığını müşahidə ediblər.
Kitab oxumaq, insanlarla ünsiyyətdə olmaq, müxtəlif tədbirlərə qatılmaq, əl işləri ilə məşğul olmaq, heyvanlarla vaxt keçirmək və ümumiyyətlə, gündəlik həyatdan qopmamaq daha yaxşı nəticələrlə əlaqələndirilib.
90 yaşdan yuxarı insanlarda aparılan ayrıca araşdırmada müntəzəm kitab oxumaq demensiya riskinin aşağı olması ilə xüsusilə güclü əlaqə göstərib.
Beləliklə, “90+ Study”nin verdiyi ən maraqlı mesaj bəlkə də çox sadədir: uzun ömür təkcə nə yediyimizdən deyil, necə yaşadığımızdan da asılı ola bilər.
Hərəkətdə qalmaq, zehni fəaliyyəti davam etdirmək, sosial həyatdan uzaqlaşmamaq, maraq dairəsini qorumaq və sağlamlığı nəzarətdə saxlamaq yaş artdıqca daha böyük əhəmiyyət qazanır.
Amma alimlər bir məqamı da xüsusi vurğulayırlar: bunlar statistik əlaqələrdir və “100 yaşa çatmağın hazır resepti” kimi qəbul edilməməlidir.
BakuPost