Ru
11:30 / 20 Dekabr 2025

AB-də viza rejimi sərtləşir – Gürcüstan “Şengen” imtiyazını itirir

AB-də viza rejimi sərtləşir – Gürcüstan “Şengen” imtiyazını itirir
Eye

Avropa Birliyi (AB) viza azadlığı olan ölkələrdən edilən sığınacaq müraciətlərinin artmasından narahatlığını açıq şəkildə ifadə etməyə başlayıb.

Bakupost.az “Politico Europe”ya istinadən xəbər verir ki, Avropa Komissiyasının açıqladığı son hesabatda bu narahatlıq xüsusilə Cənubi Qafqaz regionuna da şamil olunur. Sənəddə Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu Şərq Tərəfdaşlığı ölkələri ayrıca qiymətləndirilir və region üzrə irəliləyişin məhdud olduğu vurğulanır.

Hesabatda qeyd olunur ki, viza rejimindən sui-istifadə halları Avropa Birliyinə üzv dövlətlərin sığınacaq sistemlərinə ciddi təzyiq yaradır. Komissiya açıq şəkildə bildirir ki, əgər viza azadlığı olan üçüncü ölkələr bu sahədə əməkdaşlıq etməsə, “aydın və sərt sanksiyalar” gündəmə gələ bilər. Bu yanaşma 2026-cı ildən tətbiq olunacaq yeni viza strategiyasının əsas sütunlarından biri kimi təqdim olunur.


Gürcüstan xüsusi nəzarət altındadır

Cənubi Qafqaz ölkələri arasında ən ciddi risk Gürcüstanla bağlıdır. Avropa Komissiyası Gürcüstanın Avropa Birliyi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, fundamental hüquq və azadlıqların pozulması hallarının artdığını və demokratik geriləmənin sistemli xarakter aldığını bildirir. Hesabatda bu proseslər açıq şəkildə “əsas meyarların pozulması” kimi qiymətləndirilir.

Komissiya vurğulayır ki, vəziyyət dəyişməzsə, 30 dekabr 2025-ci ildə qüvvəyə minəcək yenilənmiş Viza Rejiminin Dayandırılması Mexanizmi çərçivəsində Gürcüstan üçün konkret addımlar atıla bilər. İlkin mərhələdə viza azadlığının ləğvi diplomatik, xidməti və rəsmi pasport sahiblərinə şamil edilə bilər. Lakin problemlər aradan qaldırılmasa, yaxın müddətdə məhdudiyyətin bütün Gürcüstan vətəndaşlarına da tətbiq olunacaq. Bu isə faktiki olaraq Gürcüstanın “Şengen zonası”na vizasız giriş hüququnu tam itirməsi deməkdir.


Azərbaycan və Ermənistan: ehtiyatlı müşahidə mərhələsi

Hesabatda Azərbaycan və Ermənistan birbaşa sanksiya riski altında göstərilməsə də, Şərq Tərəfdaşlığı ölkələri arasında viza siyasətinin Avropa Birliyi ilə uyğunlaşdırılması istiqamətində “əhəmiyyətli irəliləyişin müşahidə olunmadığı” qeyd edilir. Bu, Brüsselin regiona yanaşmasının daha sərt və şərtli mərhələyə keçdiyini göstərir.

Avropa Komissiyası xüsusilə viza rejimindən sui-istifadə risklərinin qarşısının alınması üçün məlumatlandırma kampaniyalarının gücləndirilməsini, çıxış nəzarətinin artırılmasını və “Frontex”in texniki dəstəyindən daha fəal istifadə olunmasını tövsiyə edir. Bu tələblərin yerinə yetirilməməsi gələcəkdə Cənubi Qafqaz ölkələri üçün də əlavə təzyiq mexanizmlərinin işə salınmasına yol aça bilər.


Post-sovet məkanında ümumi mənzərə: Ukrayna, Moldova və digərləri

Hesabat keçmiş SSRİ məkanının digər ölkələrinə də toxunur. 2024-cü ildə Ukraynadan Avropa Birliyinə edilən sığınacaq müraciətlərinin artdığı qeyd olunur, lakin müharibə şəraiti nəzərə alınaraq Kiyevlə əməkdaşlığın yüksək səviyyədə davam etdiyi vurğulanır. Moldova üzrə müraciətlərin azalması müsbət tendensiya kimi qiymətləndirilsə də, bu ölkə də viza rejimindən sui-istifadə riskləri kontekstində diqqət mərkəzində saxlanılır.

Ümumilikdə Avropa Birliyinin yanaşması göstərir ki, viza azadlığı artıq siyasi və təhlükəsizlik meyarları ilə daha sərt şəkildə əlaqələndirilir. Cənubi Qafqaz və post-sovet ölkələri üçün bu, vizasız rejimin avtomatik və daimi status olmadığını, əksinə, davamlı siyasi təzyiq mexanizminə çevrildiyini açıq şəkildə ortaya qoyur.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar