ABŞ xüsusi əməliyyat qüvvələri Hind okeanında bir gəmiyə basqın edərək Çindən İrana göndərilən ikili təyinatlı hərbi yükləri ələ keçirib.
Bakupost.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, əməliyyat Şri-Lanka sahillərindən bir neçə yüz mil aralıda həyata keçirilib. Yük müsadirə olunduqdan sonra gəminin yoluna davam etməsinə icazə verilib. ABŞ rəsmiləri bildiriblər ki, bu nadir əməliyyat İranın hərbi imkanlarını, xüsusilə də raket proqramını gücləndirməsinin qarşısını almaq məqsədi daşıyıb.
Amerika tərəfinin açıqlamasına görə, əməliyyatdan əvvəl gəmi kəşfiyyat vasitəsilə izlənilib. Məlumatlar yoxlanılarkən yükün İranda raket proqramı üçün komponentlər tədarük edən şirkətlərə çatdırılacağı bəlli olub. Gəminin adı və sahibinə dair məlumatlar açıqlanmayıb.
Qeyd edək ki, ötən ay baş tutan əməliyyat indiyə qədər gizli saxlanılıb.