ABŞ və İsrail mediasında İranla bağlı diqqətçəkən iddia yayılıb. Məlumata görə, Vaşinqton administrasiyası Tehrana müharibəni dayandırmağa yönəlmiş 15 maddəlik plan təqdim edib.
Bakupost.az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin yazdığına görə, plan İranın üç əsas nüvə obyektinin tam şəkildə sökülməsini və ölkə ərazisində bütün uran zənginləşdirmə fəaliyyətinin dayandırılmasını nəzərdə tutur. Bundan əlavə, Tehrandan ballistik raket proqramını dayandırmaq, regiondakı proksi qüvvələrə dəstəyi kəsmək və Hörmüz boğazını beynəlxalq nəqliyyat üçün tam açmaq tələb olunur.
Xəbərdə bildirilir ki, bu addımlar qarşılığında İrana qarşı nüvə ilə bağlı sanksiyalar ləğv edilə bilər və ABŞ ölkənin mülki nüvə proqramına dəstək verə bilər.
“The New York Times” isə planın Tehrana Pakistan vasitəsilə çatdırıldığını yazıb. Məlumata görə, Pakistan ordusunun komandanı Seyid Asim Munir diplomatik prosesdə əsas vasitəçi rolunu oynayır.
İsrailin “Kanal 12” televiziyası isə ABŞ-nin bu 15 maddəni müzakirə etmək üçün tərəflər arasında bir aylıq atəşkəs elan edilməsini istədiyini bildirib.
Hələlik məsələ ilə bağlı nə ABŞ, nə də İran rəsmilərindən rəsmi açıqlama verilməyib.
İddia olunan 15 maddəlik planın əsas məqamları aşağıdakılardır:
1. İrana qarşı bütün sanksiyaların ləğvi;
2. ABŞ-nin mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) təşviqi və inkişafına yardımı;
3. Sanksiyaların yenidən tətbiqi təhlükəsinin aradan qaldırılması;
4. İranın nüvə proqramının müəyyən edilmiş çərçivə daxilində dondurulması;
5. Zənginləşdirilmiş uran nəzarət altında və razılaşdırılmış limitlər daxilində qalacaq;
6. Raket proqramı sonrakı mərhələdə miqdar və mənzil məhdudiyyətləri ilə yenidən nəzərdən keçiriləcək;
7. Nüvə proqramlarının istifadəsi yalnız mülki/müdafiə məqsədləri ilə məhdudlaşdırılacaq;
8. Mövcud nüvə imkanlarının inkişafı dayandırılacaq;
9. Uran zənginləşdirmə imkanlarının daha da genişləndirilməsinə icazə verilməyəcək;
10. İranda silah dərəcəli nüvə materialının istehsalına icazə verilməyəcək;
11. Bütün zənginləşdirilmiş materiallar razılaşdırılmış müddət ərzində AEBA-ya təhvil veriləcək;
12. Nətənz, İsfahan və Fordo nüvə obyektləri istismardan çıxarılacaq;
13. Beynəlxalq monitorinq və yoxlama mexanizmləri tətbiq olunacaq;
14. Tədricən tətbiq, öhdəliklərə əməl olunmasından asılı olacaq;
15. Tərəflər arasında əlavə regional və təhlükəsizlik razılaşmaları olacaq.
Cavid, BakuPost