Ru
16:21 / 16 Yanvar 2026

ABŞ rəsmisi İrana xəbərdarlıq etdi – “Tramp söz yox, əməl adamıdır”

ABŞ rəsmisi İrana xəbərdarlıq etdi – “Tramp söz yox, əməl adamıdır”
Eye

ABŞ-nin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Mayk Uolts BMT Təhlükəsizlik Şurasının ABŞ-ın təşəbbüsü ilə çağırılan təcili iclasında İranla bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, İran xalqı İslam Respublikasının tarixində görünməmiş şəkildə azadlıq tələb edir.

Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, Uolts ABŞ-nin mövqeyinin açıq olduğunu vurğulayıb: “Prezident Donald Tramp və ABŞ İranın cəsur xalqının yanındadır”.

ABŞ rəsmisi çıxışında Trampın siyasi xəttinə xüsusi diqqət çəkərək bildirib ki, Vaşinqton yalnız bəyanatlarla kifayətlənən tərəf deyil. Onun sözlərinə görə, Tramp uzunmüddətli və nəticəsiz danışıqlar aparan siyasətçi deyil.

“Prezident Tramp gördüyünüz kimi bitmək bilməyən müzakirələr aparan biri deyil, o, əməl adamıdır. O, qətliamı dayandırmaq üçün bütün variantların masada olduğunu açıq şəkildə bildirib və bunu İran rejiminin rəhbərliyindən daha yaxşı bilən yoxdur”, – deyə Uolts qeyd edib.

Uolts İran hakimiyyətinin etirazları “xarici sui-qəsd” və mümkün hərbi əməliyyatların tərkib hissəsi kimi təqdim etməsini də qəti şəkildə rədd edib. O bildirib ki, bu iddialar reallığı əks etdirmir və əksinə, rejimin zəifliyini göstərir.

“Dünyadakı hər kəs bilməlidir ki, rejim heç vaxt olmadığı qədər zəifdir və məhz buna görə İran xalqının küçələrdə nümayiş etdirdiyi gücdən qorxaraq bu yalanları yayır”, – deyə ABŞ nümayəndəsi vurğulayıb.

Uolts çıxışını daha sərt ifadələrlə yekunlaşdıraraq bildirib ki, İran rəhbərliyi vəziyyətin nə qədər təhlükəli olduğunu anlayır: “Onlar qorxurlar. Öz xalqından qorxurlar”.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar