Britaniyanın "The Economist" nəşri qarşıdan gələn il üçün qlobal mənzərəyə nəzər salan "The World Ahead 2027" ("Gələcəyin Dünyası 2027") adlı illik xüsusi buraxılışının üz qabığını təqdim etdi. Jurnalın redaksiya heyətinin fikrincə, 2027-ci il müharibə, iqtisadi sarsıntılar və iqlimlə bağlı fəlakətlər riski ilə dolu bir il olacaq.
"Bakupost" xəbər verir ki, rəssam Kleon Peterson tərəfindən hazırlanan üz qabığında qırmızı, qara və ağ rənglər üstünlük təşkil edir. Üz qabığı tanklar, raketlər, etirazçı kütlələri, müşahidə kameraları, süni intellekt və maliyyə bazarlarının çökməsi kimi müxtəlif təsvirlərlə doludur; bu isə bir-birinə qarışmış münaqişə və qeyri-müəyyənlik mənzərəsini yaradır.
2027-ci il Avropada mühüm seçki ili olacaq. Fransa, Almaniya, İtaliya, Polşa, Yunanıstan, Estoniya və digər ölkələrdə müxtəlif növ seçkilər keçiriləcək. Bunlar arasında "The Economist" xüsusilə Fransa prezident seçkilərini vurğulayır və bunu Avropa İttifaqının təməllərini sarsıda biləcək hadisə kimi qiymətləndirir.
Jurnalın təhlilinə görə, Marin Le Penin qələbəsi Fransa-Almaniya oxu üçün ciddi sınaq yarada və Fransanın yüksək dövlət borcu ilə bağlı bazarlardakı narahatlıqları gücləndirə bilər. Bazar göstəriciləri artıq bu narahatlığı əks etdirir: Fransanın və Almaniyanın onillik dövlət istiqrazları arasındakı fərq (spread) 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Avronun gələcəyinə gəldikdə, "The Economist"in "avronun çökməsi"ni proqnozlaşdıran hər hansı açıq rəsmi bəyanatı mövcud deyil. Jurnalın təhlili vahid valyutanın mövcudluğunu şübhə altına almaqdan daha çox, istiqraz bazarındakı gərginliyə və maliyyə sabitliyi ilə bağlı narahatlıqlara diqqət çəkir.
Bəzi mənbələrdə şərh olunan "avronun çöküşü" və "Drujba" neft kəmərinin fəaliyyətinin dayandırılması ilə bağlı iddialar var. "Drujba" kəmərinə gəldikdə, Avropa Komissiyasının 2027-ci ilin sonuna qədər Rusiya neftinin idxalına tam qadağa qoyulması məsələsini nəzərdən keçirdiyinə dair məlumatlar mövcuddur; bu tədbir Macarıstan və Slovakiyaya kəmər vasitəsilə həyata keçirilən tədarüklərin də dayandırılmasını əhatə edə bilər.
Tramp dövründən sonrakı vəziyyət və Tayvan boğazındakı gərginlik
The Economist jurnalı "Trampdan sonrakı dövr"ü özünün ən mühüm on tendensiyası sırasına daxil edir. Jurnal belə bir qənaətə gəlir ki, Trampın siyasi təsiri tədricən azalsa da, o, "siyasi cəhətdən aciz" (ingiliscə: lame duck) vəziyyətə düşməyəcək. Əksinə, o, yeni icra sərəncamları, hüquqi çəkişmələr və ya hətta hərbi addımlar vasitəsilə öz siyasi irsini möhkəmləndirə bilər. Eyni zamanda, ABŞ-da 2026-cı il aralıq seçkilərindən sonrakı siyasi mənzərə onun yerini tutmaq uğrunda mübarizə üçün zəmin yaradacaq. Asiyada isə Tayvan boğazındakı vəziyyət 2027-ci il üçün əsas risk mənbəyi kimi göstərilir. Jurnal qeyd edir ki, 2027-ci il Çin ordusu üçün kritik bir mərhələ hesab olunur; belə ki, həmin vaxta qədər Çin ordusu Tayvana qarşı hərəkətə keçmək üçün zəruri olan əməliyyat imkanlarına sahib ola bilər. Tayvanda 2028-ci ildə keçiriləcək seçkilərdən əvvəlki bu dövr xüsusilə həssas bir mərhələni təşkil edir. Bundan əlavə, İranla bağlı münaqişənin dalğalanma təsirlərinin 2027-ci ildə enerji axınlarına və ərzaq təhlükəsizliyinə təsir göstərməyə davam edəcəyi gözlənilir. Gübrə çatışmazlığı qlobal ərzaq qiymətlərinin sabitliyinə əlavə təhlükə yarada bilər.
İqtisadiyyat və Texnologiya: İstiqraz bazarları təzyiq altındadır; süni intellekt köpüyü
İqtisadi cəbhədə The Economist inkişaf etmiş ölkələrdə istiqraz bazarlarının gərginlik altında olduğunu xəbərdar edir. Yüksək dövlət xərcləri, süni intellekt infrastrukturuna böyük investisiyalar və enerji xərclərinin yaratdığı inflyasiya hökumətlər, korporasiyalar və ev təsərrüfatları üçün borclanma xərclərini artırır.
Jurnal açıq şəkildə bildirir: "Gec-tez bir şey haradasa qırılacaq". Bu arada, borc yığılması və süni intellektlə əlaqəli şirkətləri əhatə edən qeyri-şəffaf əməliyyat strukturları bazarda "Süni intellekt köpüyü"nün partlaması ilə bağlı narahatlıqları artırıb. Bundan əlavə, daha inkişaf etmiş süni intellekt modelləri yeni, mürəkkəb kiberhücum növlərini başlatmaq üçün istifadə edilə bilər.
Tarixdə ən isti il ola biləcək bir il
İqlim proqnozları ən çox üz qabığında yer alır. "The Economist" qeyd edib ki, "super El Niño" fenomeni səbəbindən 2027-ci il tarixdə ən isti il ola bilər.
2027-ci il sadəcə bir ölkənin və ya bir müharibənin ili olmayacaq. Siyasi hakimiyyət, enerji, maliyyə, texnologiya və hərbi təhlükəsizlik bir-birinə daha çox təsir edəcək.
Üz qabığında raketlər, silahlar çoxdur. Jurnalın açıqlamasında İran müharibəsinin nəticələri və Çin-Tayvan qarşıdurması xüsusi yer tutur.
Dəniz nəqliyyatı, enerji infrastrukturu və sənaye təsvirləri enerji təhlükəsizliyi mövzusuna uyğun gəlir. İran müharibəsinin enerji axınlarına təsiri jurnalın rəsmi proqnozlarından biridir.
Bank, maliyyə və bazar simvolları borc yükünün artmasını, istiqraz bazarlarında gərginliyi və mümkün maliyyə sarsıntılarını ifadə edir.
Bəs siz üz qabığında hansı simvollara diqqət yetirdiz və nəyə yozursuz?
Aygün Musayeva