ABŞ Senatında keçirilən dinləmə gözlənilmədən qalmaqallı insidentlə nəticələnib. İclas zalında etiraz edən keçmiş dəniz piyadasının zorla çıxarılması zamanı dava düşüb, nəticədə onun qolu sınıb və bir neçə polis əməkdaşı xəsarət alıb.
Bakupost.az “CBS News”a istinadən xəbər verir ki, hadisə Senatda dinləmə davam edərkən baş verib. Keçmiş dəniz piyadası Briyan MakGinnis qəfil ayağa qalxaraq yüksək səslə etiraz edib və ABŞ-ın Yaxın Şərq siyasətini tənqid etməyə başlayıb. Onun çıxışı iclas zalında gərginlik yaradıb və dinləmə qısa müddətdə xaosa çevrilib.
Kapitol polisinin əməkdaşları etirazçını zaldan çıxarmaq üçün müdaxilə ediblər. Bu zaman Respublikaçı senator Tim Şihi də təhlükəsizlik əməkdaşlarına qoşularaq etirazçının zaldan çıxarılmasına kömək etməyə çalışıb.
Zalda itələşmə başlayıb, tərəflər arasında sərt qarşıdurma yaranıb. MakGinnis qapıdan yapışaraq müqavimət göstərib. Qarşıdurma zamanı güclü səs eşidildib və onun qolunun sındığı məlum olub.
Hadisə nəticəsində Kapitol polisinin bir neçə əməkdaşı da xəsarət alıb. İnsident Senat zalında böyük səs-küyə səbəb olub və iclas müvəqqəti dayandırılıb.
Hazırda hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırma aparır. ABŞ mediası hadisəni Senatda nadir hallarda baş verən fiziki qarşıdurmalardan biri kimi qiymətləndirir.
Cavid, BakuPost