ABŞ və Ukrayna Cenevrədə keçirilən danışıqlarda müzakirə olunan yenilənmiş sülh planını razılaşdırıblar, lakin bu hələ yekun saziş deyil.
Bakupost.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer parlamentdə çıxışı zamanı bildirib.
"Bu, heç bir halda yeni təkliflər və ya sazişlər toplusu deyil", – deyə o vurğulayıb.
Starmerin sözlərinə görə, plan üzərində iş davam edir və hələ yekun razılaşmaya nail olunmasa da, mühüm addımlar atılıb. Baş nazir qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində tam sülhə nail olmaq üçün hələ uzun və çətin yol qət edilməlidir.
Qeyd edək ki, ABŞ tərəfindən təqdim olunan ilkin 28 bəndlik layihə əhəmiyyətli dərəcədə dəyişdirilərək 19 bəndə endirilib. Kiyev sülhün əsas çərçivələrinə razılıq verib, ən həssas məsələlər isə Volodimir Zelenski və Donald Tramp tərəfindən müzakirə olunacaq.
Starmer əlavə edib ki, Vaşinqtonun ilkin sülh planında "qəbulolunmaz" bəndlər olsa da, ədalətli və davamlı sülh üçün "zəruri" elementlər də mövcud idi. Bundan əlavə, Britaniya baş naziri Ukraynada ədalətli və davamlı sülh üçün dörd şərt irəli sürüb, buraya ölkənin suverenliyinin qorunması və gələcəkdə özünü müdafiə edə bilməsi daxildir.