Ru
17:39 / 15 Oktyabr 2020

Açıq qalan erməni kitabı bağlanmalıdır

2904

XEYBƏR GÖYYALLI


Hay tayfasının xarakterindən az-çox xəbərdar olanlar yaxşı bilirlər ki, onlar saxta tarix yaratmaqla özlərinə dövlət qurmuşlar. Buna da zaman-zaman türklərin düşmənləri olan imperiyaların əli ilə nail olublar. Erməni tarixi yalan, saxta və qondarma faktlar əsasında (əslində, əsası yoxdur) yazılmış açıq kitaba bənzəyir. Ona görə açıq kitab adlandırırıq ki, bu kitaba istənilən vaxt müdaxilə edilir, kim nə istəyirsə çıxarır, kim nə istəyirsə əlavə edir. Ona görə açıq kitab deyirik ki, saxta tarix yazanlar bu kitaba nöqtə qoya bilmirlər. Xislətləri- məkrləri, riyakarlıqları buna imkan vermir.


Yer üzünə alaq otu kimi səpələnmiş bu tayfa harada icma şəklində on-on beş il məskunlaşırsa, oranı doğma vətəni bilir, özlərini həmin məkanın aborigen xalqı sanır. Müasir tarixi fakt göz qabağındadır. Arxalarında bərk duranların hər cür dəstəyi ilə 1993-cü ildə işğal etdikləri rayonlarımızdan bu gün çıxmaq istəmirlər. Min illərlə orada yaşamış Azərbaycan türklərinin yaratdıqları maddi mədəniyyət abidələrini vandalcasına dağıdır və müxtəlif üsullarla özününküləşdirirlər. Bununla həmişə açıq olan saxta tarix kitablarına yeni səhifələr əlavə edib dünyaya sırıyırlar. Məqam düşəndə isə həqiqi tarixin araşdırılmasından, əsl həqiqətin üzə çıxmasından hiyləgərcəsinə qaçırlar. 2015-ci ildə saxtakarlıqla dünyaya sırıdıqları erməni soyqırımının yüz illiyində bütün dünyada, o cümlədən ABŞ-da olmazın vay-şüvənini saldılar. Türkiyə Cümhuriyyətinin indiki prezidenti sayın Ərdoğan yüz illik saxta vay-şüvənə son qoyacaq bir təklif irəli sürdü. Sayın Ərdoğan bəyan etdi ki, faktaraşdırıcı beynəlxalq komissiya yaradılsın və arxivlər açılsın, kimin tarixdə hansı missiyanın daşıyıcısı olduğu birdəfəlik bəlli olsun. Tarixən imperiyaların oyununda alətə çevrilmiş məlum qövmün başbilənlərinin səsi qarınlarından gəldi.

Torpaq itkisi ilə barışmayan və ərazi bütövlüyünü təmin etməkdə qətiyyətli olan Azərbaycan dövləti yeni bir prosesə start verib. İşğal olunmuş ərazilərinin danışıqlar yolu ilə qaytarılacağına uzun illər səbirlə duruş gətirmiş Azərbaycanın daha səbri tükənib. Bu səbəbdən dövlətimiz ərazi bütövlüyünün təmini üçün dünya dövlətləri tərəfindən tanınan sərhədləri daxilində anti-terror əməliyyatına başlayıb. Beynəlxalq hüquqa görə bu aktı bütün dünya alqışlamalıdır. Ancaq təəssüflər olsun ki, bu, belə deyil. Elə belə olmadığı üçündür ki, Azərbaycan torpaqları otuz ildir işğal altındadır. Erməni hiyləsinə uyan bəzi dövlət rəhbərləri hələ də şər qüvvələri açıq-aşkar müdafiə edirlər. Dünya xalqlarının ədalətin ünvanı və ədalətsizliyə məruz qalan xalqların son ümid yeri kimi baxdığı BMT belə ədalət tərəzisini əlində əyir. BMT kimi mötəbər bir təşkilata sədrlik edən şəxs, rəhbəri olduğu beynəlxalq qurumun yox, saxta və qondarma tarix yazan bir xalqın tələsinə düşür. BMT-yə rəhbərlik edən Quttereşin özü də yaxşı bilir ki, sədr kimi maaş aldığı beynəlxalq qurumun dörd qətnaməsinin heç birinə ermənilər nəinki əməl etmir, əksinə bu qətnamələrə bir kağız parçası kimi bir kənara atıblar. BMT və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti isə hələ də köhnə missiyalarına sadiq qalaraq ermənilərə keşik çəkirlər. Birində ədalət yoxdur ki, silahlı ermənilərin Azərbaycan ərazisindən çıxmasını tələb etsin. Otuz ildir boş və mənasız danışıqlarla məşğuldurlar.

Azərbaycan dövləti yeni proses başladıb. Bu prosesə BMT, ATƏT, Avropa Birliyi və digər beynəlxalq qurumlar ciddi dəstək verməlidirlər. Cənubi Qafqazda bu gün başlanan siyasi proses sabah bütün dünyada proqressiv dəyişikliklərə gətirib çıxara bilər. Bu prosesin sabah hansı dəyişikliklərə gətirib çıxaracağını proqnozlaşdıranlar isə bütün gücləri ilə müsbət istiqamətin yönünü dəyişməyə çalışırlar. Onlar yaxşı anlayırlar ki, Azərbaycanın başlatdığı proses yalnız Cənubi Qafqazda yox, ümumən keçmiş SSRİ coğrafiyasında ciddi dəyişikliklərə səbəb olacaq. Gürcüstanda, Ukraynada, Moldovada sünicəsinə yaradılmış separtizmə son qoyulacaqdır.

Əslində, Azərbaycanın başlatdığı yeni siyasi prosesə Rusiya dövləti də ciddi dəstək verməlidir. Əgər hansı səbəbdənsə açıq dəstək vermirsə, ən azından ədalət tərəzisinin əyilməsinə təkan verməməlidir. Rusiya bir dövlət kimi Ermənistanın illərlə davam etdirdiyi ədalətsizliyi müdafiə etməməlidir. Rusiyanın Ermənistana olan özəl və fərqli münasibəti yaxın gələcəkdə federasiyanın nəzdində yaşayan xalqların nifrətinə qazanmaqla nəticələnə bilər.

Dünya politoloji fikrinin tanınmış nümayəndələri keçmiş SSRİ-nin dağılmasının nüvəsində Qarabağ probleminin durduğu qənaətindədirlər. Rusiyanın bugünkü birtərəfli mövqeyi də ədalətli olmadığından yaxın gələcəkdə ciddi fəsadlara gətirib çıxaracağını söyləmək olar

Yazının əvvəlində saxta erməni tarixinin hələ də açıq olduğunu bildirdim. Azərbaycanın başlatdığı yeni prosesdə bu saxta və qondarma tarix kitabı bağlanılmalıdır. Hiylə, məkr və riyakarlıqla yazılması hələ də davam etdirilən kitab bağlanılmalıdır. Bir daha vurğulayıram ki, bu saxta və qondarma tarix kitabının bağlanılmasından ötrü vicdanı, ədaləti, insafı-mürvəti olan hər bir dövlət başçısı əlindən gələn köməyi etməlidir. Bu saxtakarlıqla yazılmış açıq kitab gec-tez qapadılacaqdır, ancaq nə qədər tez olsa, bundan hər kəs fayda görəcəkdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər