Ru
14:42 / 09 Dekabr 2025

Ağdaşda Fikrət Qocanın 90 illiyi qeyd olundu - FOTO

Ağdaşda Fikrət Qocanın 90 illiyi qeyd olundu - FOTO
Eye

Ağdaş rayonunda Xalq şairi Fikrət Qocanın 90 illik yubileyi qeyd olunub.

Bakupost.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən "Şair nəğmə kimi gəlir cahana" adlı tədbirə ədəbi ictimaiyyətin tanınmış simaları, dövlət rəsmiləri və şairin ailə üzvləri qatılıb.

Yubiley mərasimində Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və rayon rəhbərliyi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri Rəşad Məcid, eləcə də bölgənin ziyalıları iştirak ediblər.

“Fikrət Qoca Ağdaşın adını həmişə uca tutub”

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova çıxışında Prezident İlham Əliyevin Fikrət Qocanın 90 illiyinin qeyd olunması ilə bağlı sərəncamının xüsusi əhəmiyyətini vurğulayıb:

“Fikrət Qoca doğulduğu Ağdaşın adını həmişə uca tutub. Onun yaradıcılığı rayonun ədəbi mühitinə, gənclərin ədəbiyyata marağının artmasına və təhsilə diqqətin yüksəlməsinə böyük təsir göstərib.”

Anar: “O mənim ən etibarlı dostum idi”

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tədbirdə çıxış edərək Fikrət Qocanı həm dost, həm də böyük şair kimi yad edib:



“Qocalığın bir əlaməti odur ki, səni kürsüyə qolundan yapışıb qaldırırlar, cavanlığın əlaməti isə danışmaq istəyirsən. Bu baxımdan mən həm qocayam, həm də cavanam. “Qoca” deyəndə ilk ağlıma gələn Fikrət Qocadır. O da həm qoca idi, həm də cavan”.

Anar şairin yaradıcılığının populyarlığını belə ifadə edib:

“Onun sözləri o qədər sevilirdi ki, bəstəkarlar şeirlərinə saysız-hesabsız mahnılar bəstələyirdilər. Ağdaşlıları təbrik edirəm ki, bu torpaq çox tanınmış şəxsiyyətlər yetişdirib və onların içində ən parlaq simalardan biri də Fikrət Qocadır. O, mənim ən etibarlı dostum idi.”

Sabir Rüstəmxanlı: “Söz onun əlində mum kimi idi”

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında Fikrət Qocanın poeziyasını yüksək dəyərləndirərək onun insan kimi böyüklüyündən danışıb:

“Onun “Qağayı” adlı ilk kitabı çap olunanda şeirləri yaddaşıma elə həkk olundu ki, bu gün də yadımdadır. Fikrət son dərəcə saf bir adam idi. Söz onun əlində mum kimi idi. İçindəki poetikanı elə ifadə edirdi ki, oxucu o duyğunu onunla birlikdə yaşayırdı. Fikrət həm də gözəl nasir idi, dəyərli əsərləri vardı. Amma şeirləri o qədər oxunurdu ki, nəsr əsərləri bir qədər kölgədə qalırdı. Təəssüf ki, insanlarımız bəzən öz ədiblərini unudurlar. Uşaqlarımıza ədəbiyyatı sevdirmək lazımdır. Ədəbiyyatı sevmək millətin tarixini bilməkdir.”

Sabir Rüstəmxanlı sözünü Ağdaş ictimaiyyətinə müraciətlə tamamlayıb:

“Bu torpaq böyük şəxsiyyətlər yetişdirib. Bu torpaq bundan sonra da belə insanlar yetirsin və xalq da onların qədrini bilsin.”

Rəşad Məcid: “Onun şeirləri insana güc verir”

Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında Fikrət Qocanın ədəbi irsinin gücünü belə xarakterizə edib:

“Fikrət Qocanın şeirləri insana güc və möhkəmlik verir. Onun sözündə bir təmizlik var. Elə buna görə də şeirlərinə 3 minə yaxın mahnı bəstələnib.”

Rəşad Məcid dövlət rəhbərlərinin şairə göstərdiyi qayğını da xatırladıb:

“80-ci illərdə o, Moskvada əməliyyat olunanda Ulu Öndər Heydər Əliyev onun səhhəti ilə şəxsən maraqlanmışdı. Cənab Prezident İlham Əliyev də onun yaradıcılığına xüsusi diqqət göstərib. Bu yubiley həmin qayğının davamıdır.

Çıxışı boyu F.Qocanın şeirlərindən maraqlı nümunələr təqdim edən Rəşad Məcid AYB-də Fikrət müəllimin otağında oturduğunu bildirib: "Hər gün onun fotolarıyla üz-üzə oluram və ruhunu hiss edirəm.”

Tədbirdə şairin bacısı Gülbəniz Qocayeva, qardaşı Vaqif Qocayev, eləcə də AYB-nin Ağdaş üzrə nümayəndəsi Fəxrəddin Əsəd çıxış edərək Fikrət Qocanın insanlıq keyfiyyətlərindən, yaradıcılığa bağlılığından və bölgənin ədəbi həyatına verdiyi töhfələrdən danışıblar.

Yubiley mərasimi Fikrət Qocanın sevilən şeirləri və bu şeirlərə bəstələnmiş mahnıların səsləndirilməsi ilə davam edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar