Fevralın 6-da Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində riyaziyyat müəllimi Şəhla Kamilova məktəbin onuncu sinif şagirdi tərəfindən güllələnib. Yaralı müəllim xəstəxanaya çatdırılıb, əməliyyat olunub, durumu normaldır.
Binəqədi Rayon Məhkəməsi hadisəni törədən şagird barədə 4 aylıq həbs qətimkan tədbiri seçib. Hüquq-mühafizə orqanları məsələni araşdırır.
Bakupost.az Yenisabah-a istinadla xəbər verir ki, “İdrak” liseyi ilə bağlı çoxlu söz-söhbətlər yayılıb. Liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov təhsil müəssisəsində hadisədən sonra yaranmış durumdan danışıb. Onunla müsahibəni təqdim edirik:
- Hazırda “İdrak” liseyində vəziyyət necədir? Dərslər bərpa edilib?
- Hər şey qaydasındadır. Gedib baxa bilərsiniz. Tədris prosesi davam edir və hər şey öz axarı ilə gedir. Hüquq-mühafizə orqanları tərəfindən düzgün, dəqiq və qərəzsiz yoxlama, istintaq aparılır. Azərbaycanda Kamran Əliyev kimi Baş prokuror olmayıb. İstintaqın nəticəsi olanda siz də, mən də biləcəyik. İndi nə deyə bilərik? Bir çoxları ağızlarına gələni yazır, amma bunların hamısı reallıqdan uzaq şaiyələrdir.
- Mətbuatda yazılanlar arasında ən çox nədən narazı qalmısınız?
- Saytlar düzgün yazmırlar. Bir çox şantaj xarakterli xəbərlər yayır. Biri deyir ki, müəllim ölüb, biri yazır ki, həyətdə olub. Mən hadisəni eşidəndə yazmışdılar ki, guya məktəbə silahlı hücum edilib. Mən də getdim gördüm heç nə yoxdur. Valideynlər də narahat idilər. Olmaz axı belə yalan yazmaq. Allaha şükür hər şey öz qaydasındadır. Bura təlim-tərbiyə ocağıdır. Belə bir hadisənin baş verməsi bizim ziyanımızadır.
- Bu hadisədən sonra övladını liseydən çıxarmaq istəyən valideyn olub?
- Xeyr. 1 nəfər belə olmayıb. Dünən bizim ilin yekunu ilə bağlı valideynlərlə əvvəldən planlaşdırılmış iclasımız keçirildi. Hər kəs real və obyektiv şəkildə fikrini bildirdi. Liseyin tədris prosesindən, təlim-tərbiyəsindən razılıq etdilər.
- Baş verən hadisəyə görə liseydə cəzalandırdığınız şəxs yaxud şəxslər varmı?
- Xəbərdarlıq olub. Araşdırma yekunlaşsın, nəticəni bilək. Əlbəttə ki, günahkar olarsa, cəzalandırılacaq. Biz dünənki iclasda valideynlərə hadisənin necə baş verdiyini tam obyektiv formada dedik. Özləri də bilirdi. Valideynlər də çox narahatdır.
- Hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilovaya baş çəkmisiniz?
- Bəli. Müalicəsinə də kömək edirəm. Atası da bu barədə intervü verib. Səhhəti yaxşıdır. Dünən palataya köçürülüb.
- Bəs hadisəni törədən uşağın valideyni ilə görüşməmisiniz?
- Uşağın valideyni ilə necə görüşəcəm? Allah o valideynə heç insaf verməsin. Belə uşaq tərbiyə edib. Evdə uşağa silah verərlər?
- “İdrak” liseyinin idarəçiliyi sizdədir yoxsa oğlunuzdadır?
- Hər kəsin öz vəzifəsi var. Mən neçə illərdir liseyin idarəetməsini qızıma vermişəm. Onlar idarə edirlər. Mən elmi rəhbər olaraq qalıram.
- Onlar arasında idarəçiliklə bağlı fikir ayrılığı, narazılıq varmı?
- Qətiyyən. Belə bir şey ola bilməz. Konflikt olan yerdə bu cür tədrisi təşkili etmək mümkün ola bilərmi? Bizim nəticələrimiz göz qabağındadır. Uşaqlarımız dünya universitetlərində təhsil alır. Bir çox olimpiyadaların qalibidir. Şagirdlərimiz təkcə keçən il 50-dən çox qızıl medal gətirib.
- Liseyin binası sizin özünüzündür yoxsa icarədir?
- Xeyr bina mənim deyil. İcarədir.