Almaniyada miqrasiya və islam əleyhdarı “Alternativ Almaniya” (AfD) partiyasının reytinqi yüksəldikcə, biznesmenlərin illərdir bu partiyaya qarşı saxladığı məsafə qısalmağa başlayıb.
Bakupost.az “Handelsblatt” nəşrina istinadən xəbər verir ki, 6 500 üzvü olan “Almaniya Ailə Şirkətləri Dərnəyi” AfD-yə qarşı mövcud “güvən divarı” siyasətini yenidən nəzərdən keçirir. Dərnəyin prezidenti Mari-Kristin Osterman deyib ki, AfD-nin Federal Məclis deputatlarının tədbirlərdən kənarda saxlanılması qərarı artıq ləğv olunub.
Bununla belə, dərnək AfD-ni hökumətdə koalisiya tərəfdaşı kimi görmək istəmədiyini vurğulayıb. Radikal millətçilərə qarşı sərt xəttini qoruyan “Ailə Şirkətləri Fondu” isə radikal hesab etdiyi partiyalarla əlaqəni bərpa etməyə əsas görmədiyini açıqlayıb.
Məsələ biznes dairələrində gərginlik yaradıb. “Deutsche Bank” AfD nümayəndələrinin “Parlament üçün şam yeməyi” tədbirinə dəvət edilməsinə görə dərnəyin növbəti il üçün nəzərdə tutulmuş müqaviləsini ləğv edib.
Oxşar müzakirə orta ölçülü şirkətləri birləşdirən “BVMW”də də aparılır. Qurum AfD-nin artan reytinqini “güvən divarı” strategiyasının işləməməsi kimi qiymətləndirib və yaxın vaxtlarda öz mövqeyini açıqlayacağını bəyan edib.
Almaniyada 28 mindən çox orta ölçülü şirkəti təmsil edən “BVMW” və 180 mindən çox ailə şirkətini birləşdirən “Ailə Şirkətləri Dərnəyi” ölkənin əsas biznes lobbiləri hesab olunur. İşçi çatışmazlığının kəskinləşdiyi bir vaxtda bir çox şirkətlər AfD-ni miqrasiya əleyhinə yönəlmiş siyasətinə görə tənqid edir və partiyaya verilən dəstəyin iqtisadiyyata zərər vuracağını bildirir.
Cavid, BakuPost