“Anar, Elçin... ssenarilərini bir yeşik arağa yazdırıblar” – Elçin Əlibəyli (MÜSAHİBƏ)

  • 12 Okt 2019 16:54
  • 14544 Baxış
“Anar, Elçin... ssenarilərini bir yeşik arağa yazdırıblar”  – Elçin Əlibəyli (MÜSAHİBƏ)


“Mənə qarşı böyük təzyiqlər var; auditoriyalara buraxmırlar, müdafiə etməyə qoymurlar”

“Televiziya jurnalistləri yazılı mətbuata nifrət edir”



Zaman-zaman mən də tənqid etdim onu. Düşünürdüm ki, bu cür ziyalılar ucuz şoularla pərdələnməməlidir. Söhbətimiz zamanı bir çox məsələlərə toxunduq. Məni düşündürən suallara cavab aldıqca qarşımda küskünlüyünü böyük səylə gizlətməyə çalışan bir ziyalı gördüm. Həm də bir az anladım ki, cəmiyyətin ona olan aqressiyası içimizdə böyüdüb heç cürə xilas ola bilmədiyimiz önyarğıdan qaynaqlanır.


BakuPost-un budəfəki müsahibi teletənqidçi, sənətşünslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylidir.


- Elçin Əlibəyli ictimaiyyətdə bir az qalmaqallı, bir az sərt mövqeli insan kimi tanınır. Açıq danışaq ki, kütlə sizi o qədər də sevmir. Bunun səbəbini izah edə bilərsiniz?


- İnanın ki, bu mənim vecimə deyil. Məni niyə sevməlidilər axı? Allah Allahdır, onu belə inkar edənlər var. Mənim elə bir iddiam yoxdur ki, məni sevsinlər, fanklublarım olsun. Mənim missiyam nədən ibarətdir? Bəlli kitablar oxumuşam və öyrəndiklərimi mesaj şəkilində insanlara çatdırmalıyam. İndi necə çatdırıram, çatdıra bilirəmmi, bilmirəmmi? Bu mənim məsələmdir.


- Bəlkə, o aqressiyasına səbəb olduğunuz insanlar sizdən daha yüksək səviyyəli verilişlər gözləyirlər... Şouya can atmağınız səbəb ola bilərmi?


- Mən şouya niyə qaçıram? Ona görə ki, cəmiyyətimizə bu maraqlıdır. Mən indi bunları danışıram, siz qulaq asırsınız. Çünki kifayət qədər informasiyası, mütliəsi olan bir insansınız. Amma cəmiyyət baxmayacaq axı. Gəlin səmimi olaq. Bu saat mən burda qışqırsam, hamı çevrilib mənə baxacaq. Amma maarifləndirici söhbət etsəm, heç kimin vecinə olmayacaq.


- Verilişlərinizə çağırdığınız qonaqları çox sərt şəkildə tənqid edirsiniz. Bunu reytinq xətrinə edirsiniz, yoxsa bu sizin doğurdan da xarakterinizdən irəli gəlir?


- Əgər diqqətlə fikir versəniz, istər Rusiyada, istər Amerikada, istərsə də Türkiyədə aparıcılar çox sərtdir. Öz mövqeləri var. Çünki aparıcı özü bir şəxsiyyətdir. Biz isə xalq olaraq “Xoş gəldin, sən də xoş gəldin. Al bu gülü gəl bir öpüşək” düşüncəsini sevirik. Çünki toy təfəkküründəyik. Heç vaxt sərt söz, tənqid eşitmək istəmirik. Valideyn iclaslarına da tənqid eşitməmək üçün getmirik. Amma toylara böyük həvəslə gedirik. Valideyn iclaslarının mahiyyətini dəyişmək üçün valideyn komitəsi yaradıb oranı bayram və hədiyyə kampaniyasına çevirmişik.




Əslində isə aparıcı elə sərt olmalıdır. Məsələn, Qardonu, Solovyovu misal çəkə bilərəm. Qardon siqaretlə bağlı verilişdə maraqlı bir hərəkət etmişdi. Xanım deputat siqaretin əleyhinə qanun layihəsi irəli sürmüşdü. Qardon ondan soruşdu ki, bu qanun layihəsinin səbəbi nədir? Deputata cavab verdi ki, ziyandır. Aparıcı sərt şəkildə millət vəkilinə qayıtdı ki, bundan sənə nə? Millət vəkili dedi, qoxusu mənə pis təsir edir. Qardon birbaşa millət vəkilinə dedi ki, sənin vurduğun ətrin qoxusu mənim ürəyimi bulandırır bu saat. İndi mən neyləyim, qanun layihəsi qəbul edim? Çox iyrənc bir ətir vurmusan. Təsəvvür edirsiniz, bu sözü aparıcı bir millət vəkilinə, özü də qadına deyir. İyrənc sözünü hələ mən daha yumşaq dedim. Yaxud da bu yaxınlarda azərbaycanlı bir ekstrasensi verilişindən söyərək qovdu. Aparıcının bir tələbkarlığı olmalıdır. Mən qonağı niyə çağırıram verilişə, məni tərifləməsi üçün?

Mən onu tərifləyim, o məni tərifləsin, nə gözəl, hamımız xoşbəxtik. Amma həqiqəti öyrənmək istəyiriksə, biz onun üstünə getməliyik. Mən o zaman qonağın üstünə gedirəm ki, artıq onun yalan danışdığından əmin oluram. Məsələn, adam gəlib deyir ki, ərzaq sahəsində hər şey qaydasındadır. Yaxşı, hər şey qaydasındadırsa, bu “Leş Tofiq” hardan çıxdı? Həkim gəlib deyir ki, bütün xəstələr bizdən razıdır. Yaxşı, belə razıdırlarsa, həkimlərlə bağlı bu qədər sosial narazılıq hardandır? Niyə yalan danışırsan? Ginekoloqa deyirəm, Azərbaycanda qanun var ki, uşağın cinsiyyətini müəyyən vaxta qədər valideynə sellektiov abortlara görə demək olmaz. Deyir, bəli biz buna əməl edirik. Bir də soruşuram ki, heç demirsiniz? Cavab verir ki, valideyn məcbur edəndə olur. Deyirəm, siz cinayətkarsınız, qanunu pozursunuz. Adamın xətrinə dəyir. Hansısa həkimin xətrinə dəyməsi mənim vecimə deyil. Mənim vecimə olan odur ki, Azərbaycanda sellektiv abortlar olmasın. Əgər bunun başında ginekoloqlar durursa, onlar öz cəzasını almalıdır. Dietoloqları deyək. Hərəsi bir yerdən nələrsə öyrənib düşüblər camaatın canına. Heç həkim də deyil əksəriyyəti.


- Uzun illərdir televiziya sahəsində fəaliyyət göstərirsiniz. Keçmişlə müqayisədə indiki televiziya aləmində irəliləyiş varmı və nələrdir?


- Aparıcılıq baxımından böyük bir irəliləyiş var. O dövrün aparıcıları aparıcı deyildi. Çoxu diktorluq məktəbi keçib gəlmişdi və onlar ancaq hazır, yazılı mətnləri oxuyurdular. Tamaşaçı ilə ünsiyyət qurmağı bacarmırdılar. Aparıcılıq anlayışı ilk dəfə “Səhər” verilişində Qulu Məhərrəmli tərəfindən yaradıldı. Düzdü, orda da hər şey hazır vəziyyətdə aparıcılara təqdim olunurdu, yəni ekspromt bir şey baş vermirdi. Bu isə aparıcılıq deyildi. Bu ən yaxşı halda spikerlik idi. Amma yeni nəsil gələndən sonra istər xəbər aparıcıları, istər tok-şou moderatorları, istər də şoumenlər fərqli bir sima almağa başladılar. Əlbəttə ki, məktəbin olmaması, xarici təcrübənin öyrənilməməsi faktoru da var burda.






Məsələn, Türkiyə gedib Almaniya, Amerika təcrübəsini öyrəndi. İngilis dilini yaxşı bilirdilər, ona görə də müqayisə etmək imkanları geniş idi. Bizdə isə o baş vermədi və nəticə etibarilə biz peşəkarlıq baxımından hansısa məqamlarda uduzduq. Amma zaman etibarilə götürsək, bu gün elə aparıcılar var ki, onlar 20 il bundan əvvəl yox idi.


- ATV-də çalışdığınız zamanlar aparıcı seçimlərində siz də iştirak edirdiniz. Nələrə diqqət yetirirdiniz əsas?


- Baxır hara üçün aparıcı seçirik. Əlbəttə ki, görünüş efir üçün çox əhəmiyyətli bir faktordur. Televiziyanın qızıl qanunudur bu. Çünki tamaşaçı ilk beş saniyəni aparıcının görünüşünə baxır, hələ nə dediyinə qulaq asmır. Ona görə də bütün aparıcılar adətən, ilk beş saniyədə salamlaşmaq adı altında cəfəngiyyat danışırlar. Çünki bilirlər ki, bu hissəyə heç kim qulaq asmayacaq. Söhbət ondan getmir ki, dünya gözəli olsun. Söhbət xarizmanın olmasından gedir. Məsələn, Opra çox eybəcər qadındır. Amma adamın xarizması var və neçə illər efirdə dayanmadan tok-şou aparması ancaq onun xarizması ilə bağlıdır. Sima nə isə deyir, nə isə dəyişir. Yalnız ondan sonra qavrama qabiliyyəti nəzərə alınır. Birinci bu şəxs kimdir? - sualına cavab axtarılır, sonra nə dediyi əhəmiyyət kəsb edir. Daha sonra isə necə dediyi. Bu üç əsas sual ilə mərhələli şəkildə qavrama prosesi gedir. Sonra isə əlbəttə ki, adamın informasiya qabiliyyəti yoxlanılır. Söhbət intellektdən getmir. Kiminsə intellektini yoxlamaq çox çətin məsələdir. Amma informasiya elə bir şeydir ki, varsa, adam qısa suallara əhatəli cavab verə biləcək. Məsələn, adam var ki, gedib dünyanı gəzir, soruşursan nə gördün, deyir, belə də... Amma adam var gedib Biləcəriyə qayıdır, olduqca əhatəli danışa bilir. Deməli, bu adamın informasiya toplamaq, müşahidə etmək və bu informasiyanı çatdırmaq qabiliyyəti var. Aparıcıdan da tələb olunan odur ki, informasiyanı alsın, qavrasın, özününkü eləsin və çatdıra bilsin.


- O zaman elə aparıcıları yazılı mətbuatdan seçsinlər də. Kifayət qədər bu sahədə peşəkar və görünüş etibarilə də efirə uyğun jurnalistlər var. Televiziyalar niyə bunu etmir?


- Bu təcrübəni mən etmişəm və heç də uduzmamışam. Məsələn, Xoşqədəm Hidayətqızı çox yaxşı reportyor idi. Sonra baş redaktor oldu, indi də aparıcı kimi çox əhəmiyyətli bir yer tutur. İlham Tumas, İlqar Əlfioğlu. Bunlar da yazılı mətbuatdan televiziyaya gələn jurnalistlərdir. İlqar Əlfioğlu uzun illər mətbuatda çalışdı, sonra televiziyaya gəldi, hazırda da televiziyadadır. Amma çatışmayan nədir? Jurnalistikanın olmaması. İlqar hazırda APA-da bir veriliş aparır. Jurnalisitkası çatmır, bu hiss olunur. Amma Sevinc Telmanqızı “Musavat”da canlı yayımlara çıxır. Jurnalistikası olduğu üçün, illərlə o adamların hamısını tanıdığı üçün çox gözəl moderatorluq edə bilir.




Siz çox haqlı sual verdiniz ki, niyə televiziyalar bunu eləmir? Mən hər zaman bunu deyirəm ki, televiziya ilə yazılı mətbuat arasında çox böyük bir uçurum var və bu uçurum da nifrətə gətirib çıxarır. Türkiyədə bir dövr var idi ki, tok-şou aparıcıları köşə yazarları idi. “Hüriyyət”in çox yaxşı bir köşə yazarı vardı - Cevizoğlu. Onun maraqlı bir tok-şousu vardı: “Ceviz qabığı” adlı. Veriliş 2 saat gedirdi. Adam köşə yazarı olduğu üçün, mühiti bildiyi üçün verilişi də çox maraqlı qura bilirdi. Amma bizim səmimi deyək, aparıcıların bir qismi heç yazılı mətbuatı oxumur, imzaları tanımır. Ümumiyyətlə, televiziyalarda prinsiplər düzgün qoyulmayıb. Çatışmayan şeylər çoxdur bu sahədə.


- Konkret olaraq, hansı problemləri nəzərdə tutursuz?


- Bizdə fikirləşirlər ki, aparıcı 30 yaşına çatdısa, qocaldı. Halbuki aparıcının yaşı nə qədər çox olarsa, ona inam və etibar daha çox olar. Məsələn, xəbər aparıcıları. Yüzlərlə misal Türkiyədən, Amerikadan çəkə bilərik. Bizdə isə parta arxasından yenicə qalxan adamı gətirirlər ki, xəbər oxusun. Bu mənə nə xəbər deyəcək? O adam heç bilmir ki, haqqında xəbər verdiyi şəxs kimdir. Hətta yerli kanalların birində belə bir hal baş vermişdi. Xəbər aparıcılarının informasiyası yoxdur. Onlar hələ öyrənməlidilər ki, aparıcı olsunlar. Yaş məsələsi bizdə çox ciddi problemdir. Mən demirəm, yeni nəsil gəlməsin. Amma aparıcıların hamısı cavanlardan ibarət olmamalıdır. Məsələn, tok-şounun atası sayılan məşhur Amerika aparıcısı Lari Kinq heç vaxt vaxtı dəyişmədən CNN də efirə çıxdı. Onun şərti o idi ki, mən vaxtımı dəyişmirəm, çünki tamaşaçı bilməlidir ki, bu saatda Lari Kinq başlayır. Bizim televiziyalarda bu prinsip də yoxdur.

Bir də bizim televiziya rəhbərlərinin aparıcılara qarşı qısqanclığı var. Televiziya rəhbərləri düşünür ki, niyə aparıcı tanınır, mən yox. Türkiyədə aparıcıya əmtəə kimi, məhsul kimi baxırlar. Mən bunu satmalıyam və satıram, bu mənə pul gətirir. İstədiyi məbləğdə maaşı verir və bilir ki, aparıcı ondan artıq gəlir gətirəcək. Bizdə isə aparıcının pul gətirməyi unudulur, beyinlərdə yalnız bir sual qalır: bu niyə bu qədər tanınır, mən yox? Adam həm televiziya rəhbəri olmaq istəyir, eyni zamanda da populyar sima olmaq. Bu qısqanclıq bəzi televiziya rəhbərlərində xəstəlik səviyyəsinə çatıb və kənardan çox pis görünür.

Azərbaycan telekanalı tarixində ən yaxşı ən fərqli kanal rəhbəri Faiq Zülfüqarov olub. ABA telekanalında. Bu adam heç vaxt özü populyar olmaq istəmirdi. ATV-də də bu xətt saxlanılır. ATV-nin rəhbəri məşhur olmağa can atmır. Efirə də çıxmaq istəmir. Mən ATV-nin prezidenti və vitse-prezidenti ilə çalışdığım illərdə o əziyyəti görməmişəm.





- Düşük şoularla ekranları bəzəyən aparıcıların yalnız bir sözü var: bu, kütlənin tələbidir. Olmazmı ki, biz kütlənin arxasınca getməyək, kütləni öz arxamızca gətirməyə çalışaq?



- Bu sula bir müsahibə çərçivəsində cavab vermək bir az çətin olacaq, amma izah etməyə çalışacam. Fransız maarifçiliyi fransız xalqını dəyişə bilmədi. Zaman da göstərdi ki, maarifçilik özünü doğrultmur. Kütləni heç cür dəyişmək mümkün deyil. Məşhur bir əsər var “İncəsənətin dehumanistləşməsi”. Yəni incəsənətin insansızlaşması. İncəsənət inkişaf edirdi, amma kütlə onu başa düşmürdü, gedib küçədə öz incəsənətini yaradırdı. Çünki onlara maraqlı deyildi. Postmodernizm niyə gəldi? Televiziya əslində, postmodernizmdir. Başa düşən üçün informasiya ötürür, anlamayana əyləncə göstərir. Yəni belə deyək də informasiyanı əyləncəli şəkildə çatdırır. Hindistanda kütlə dinləməyi sevmir. Bütün aparıcılar xəbər verməzdən əvvəl oxuyur, ondan sonra xəbər çatdırır. İslandiyada istəyir dünya dağılsın. Onlar üçün birinci xəbər hava proqnozu ilə başlayır. Çünki islandiyalılar balıq tuturlar, hər şey onunla bağlıdır. Onların bir problemi var; hava necə olacaq? Biz dənizə çıxa biləcəyik, ya yox? Hər xalqın özünəməxsus yanaşma tərzi var. Biz kitab oxuyurqmu? Kitabxanaya gedirikmi? Ölkədə kütləvi kitabxanalar varmı?. Suallar çoxdur.



- Artıq Azərbaycanda müəyyən bir təbəqə yerli telekanallara baxmadığını deyir. Daha çox YouTube kanallarındakı verilişlərə baxırlar...



- YouTube nə göstərir? Orda kimlər öndədir? YouTube-da İlham Tumas “Gizli tarix” adlı layihə edir. Görün neçə baxış var? YouTube-u da biz etmirik axı. Ordakı da bu cəmiyyətin üzvləridir. Yaxşı ki, YouTube çıxdı hamının bütün suallarının cavabı verildi. Televizorla internetin əsas bir fərqi var. Bizim bəzi internet televiziya yaradıcıları da bunu bilmirlər. O da başqa bir mövzudur. Onsuz da bu ölkədə hamı elə zənn edir ki, hər şeyi bilir. Televizor ailəvi baxış üçündür. İnternet isə intim bir şeydir. Siz tək oturub monitorun qarşısında baxırsınız. Deməli, burda həcm çox qısa olmalıdır. Çünki siz darıxacaqsınız. Televizorda darıxdırıcı məqam olanda söhbət başlayır, ta ki, kimsə orda qışqırana qədər. Amma internetdə bu, baş vermir və sən 4 maksimum 5 dəqiqəyə hər şeyi çatdırmalısan. Təbii ki, oynaq klip estetikası ilə. Çünki göz artıq klip estetikasına alışıb. Türkiyədə xəbər buraxılışlarına baxıram. Adamlar görüntü ilə işləyirlər. Əllərində cəmi 3 görüntü var, o 3 görüntü ilə necə ustalıqla işləyirlər. Heyrətamizdir.


- Yazılı mətbuatda vəziyyət necədir sizin baxışınızdan?


- Yazılı mətbuatında da bu peşəkarlıq yoxdur. Saytlarımız çox qurudur. Bir insanın gözü bir monitorda olan informasiyadan artığını oxumur. Deməli, sən bunun içərisində inqilab etməlisən. Məsələn “Sputnik” bunu edir. Dinamika yoxdur bizim saytlarda. Hətta artıq başlıqlara şəkil qoymaq dəbdən düşüb. Başlığa gif qoyurlar, videonun özü qoyulur. Kütləni aparmaq üçün dinamik üsullardan mütləq istifadə etmək lazımdır. Saytın dinamikliyi çox vacibdir. Bizdə ən çox saytlar nəyə qaçırlar? Açıqlama almağa. Ən zəhləm gedən şeydir. Filankəs asqırdı get o birindən açıqlama al. İndi o dövr deyil. Bu niyə asqırdı. Bunu 3 cümlə ilə analiz et vəssalam məsələ budur. Azərbaycanda yeni baş nazir təyin olundu. Zəng edib Artur Rəsizadədən açıqlama alırlar. Artur Rəsizadə nə deyəcək? Deyəcək pisdi? Mənə o maraqlı deyil axı. Mənə maraqlı odur ki, 1 il 6 ay ərzində əvvəlki baş nazir hansı işləri görüb. Müsbəti və mənfisini qısa şəkildə analiz edib vermək lazımdır.



- Verilişlərinizə daha çox gənc və yeni simalar dəvət edirsiniz. Facebookda sizin veriliş vasitəsilə məşhur olan gənclər az deyil.



- Bu mənim prisnplərimdən biridir. Biz yaşlı nəsli artıq yetərincə dinləmişik. Onlar 50 ildir danışırlar və artıq bilirik ki, nə deyəcəklər. Onların danışmaq fikir bildirmək üçün kifayət qədər tribunaları var, amma gənclərin tribunası yoxdur. Mən fərqli fikirləri sevirəm.



- Tez-tez sosial şəbəkələrdə aparıcılıq kursları ilə bağlı elanlar verirsiniz. Qatılan olurmu?


- Ən vacib və məni çox narahat edən məsələlərdən biridir bu. Dəfələrlə “Facebook”da, “İnstaqram”da bu barədə elanlar versəm də, heç kim müraciət etmir təəssüf ki... Bir nəfər müraciət elədi, mənim tapşırqlarımı görəndən sonra gəlmədi.

















- Niyə nə tapşırmışdınız ki?


- Kitablar. Bu işlər birinci kitabdan başlayır. Birinci adam orfoepiya lüğətini bilməlidir. Bir neçə kitab adı yazdırdım öyrənməsi üçün adam artıq dedi ki, istəmirəm. Birbaşa efir istəyir hamısı.


- Elçin bəy, bir zamanlar sizinlə bağlı şayiələr çıxmışdı. Bu şayiələrin yaranmasına səbəb varımı? Deyirlər od olmayan yerdən tüstü çıxmaz


- Mən anladım siz hansı şayiələrdən bəhs edirsiniz. Bəzi adamlar vardı ki, məni ictimaiyyətə qadın düşkünü bir insan kimi təqdim etmişdi və haqqımda artıq belə bir fikir formalaşdırmışdı. Amma bunlar həqiqətə uyğun deyil. Həyatımda iki dəfə sevmişəm və ailə qurmuşam. İlk evliliyimdə müəyyən vaxtdan sonra münasibətlərdə qopma yaşandı və biz mədəni şəkildə ayrıldıq. İndi onun öz ailəsi var, mənim öz ailəm var.


- Son vaxtlar AzTV-nin buraxılışlarında ciddi səhvlər tutursunuz. Bunu da şəxsi qərəzlə əlaqələndirilər...


- Mənim AzTV ilə heç bir şəxsi ədavətim yoxdur. Hələ mən çox şeyi yazmıram. AzTV-də elə səhvlər var ki, onu peşəkarlar daha yaxşı bilər Məsələn, kameralarda problem var, dekorasiyalarda ciddi problemlər var. Bunlar elə şeylərdir ki, dilə gətiriləsi deyil. Dövlətdən maliyyələşən bir kanalda o cür səhvlərin olması sadəcə ayıbdır.


- AzTV-nin yeni loqosu ilə bağlı nə düşünürsünüz?


- Vallah mən ilk dəfədir eşidirdim ki, “play” işarəsinin belə fəlsəfi anlayışı var. O sadəcə qabağa getmək işarəsidir, əksi də var - geriyə getmək. Söhbət üçbucaqdan gedirsə, bunu xeyli əvvəl ATV-də mənim də iştirakım ilə etmişdik. İndi də üçbucaq qalır, amma bir az formasını dəyişib. ATV-də o üçbucağın mənası – informasiya, maariflənmə və əyləncə idi. Amma üçbucağın milli mənəvi dəyərlər fəlsəfəsini söyləmək gülüncdür. Ondansa paxlava işarəsi qoyardılar.


- Televiziyada uşaq verilişləri sahəsində böyük bir boşluq var. Bu gün uşaq verilişlərinin yaranmamasının səbəbi nədir?


- Kim eləsin onu? Birincisi sponsorlar bu məsələyə girişmirlər Bu, çox ciddi problemdir ki, Azərbaycanda televiziya verilişlərinin məzmununu televiziya rəhbərləri yox sponsorlar müəyyən edir. Bütün bunları dövlət və İctimai televiziyalar etməlidir. Onlar da eləmirlər. Elədikləri də elə vəziyyətdədir ki, baxılası deyil.


- Axar.az saytının baş redaktoru Anar Niftəliyevlə münasibətlərinizin Kəslinləşməsinə səbəb olan prosesdən bir az danışaq. Doğurdanmı siz verilişi efirə verməmək üçün həkimdən pul almışdınız?


- O məlum hadisə baş verəndə hər kəs kimi mən də dərindən sarsılmışdım. Ona qədər Anar ilə də münasibətlərimiz çox yaxşı idi. Mən məsələni işıqlandırmaq istədim və veriliş üçün icazə aldım. Yaxşı da şahidlərim var idi. Bu mövzu ilə bağlı klinikanın özünə şəxsən mən zəng vurdum ki, bir nümayəndənizi yollayın. Anara da dedim gəlsin. O, ded ki, mən indi o vəziyyətdə deyiləm Elçin Zahiroğlunu göndərəcəm. Dedim eybi yox gəlsin. Həmin vaxt aznews.az satının baş redaktoru olan Elçin verilişə gəlmədi. Klinika isə dedi ki, işimiz məhkəmədə olduğu üçün verilişə gəlməyimiz mümkün olmur. Təsəvvür edin tərəflərin heç biri yoxdur, mən nə etməliydim? Anons da artıq gedib. Heç bir tərəf verilişdə olmadığı üçün mən mövzunu ümumiləşdirməyə məcbur idim. Mən verilişdə bildirdim ki, biz dəvət etdik klinikanı, amma şərəfləri çatıb gəlmədilər. Bu faktı səslədirdim ki, insana qarşı amansız rəftar olunub, biz dəyərli bir ziyalımızı itirmişik. Bütün veriliş boyu mesajlar ötürmüşəm. Klinika haqqında mümkün olan hər bir mənfi fikirləri səsləndirmişəm. Nə Anar, nə Elçin verilişə baxmadan, sadəcə anonsu görüb belə bir iddiaya qalxdılar ki, mən həkimdən pul aldığım üçün verilişin mahiyyətini dəyişmişəm. Mən o adamdan necə pul almışdım ki, bütün veriliş boyu həkimi klinikanı tənqid edirdim.
Bunu özümə qarşı böyük haqsızlıq hesab edirəm.



- Tənqid etdiyiniz qədər də tənqid olunursunuz. Tənqidə dözümlüsünüzmü?



- Təhqir olmamaq şərtilə bütün tənqidlərə açığam. Hətta Günel Mövlud bir dəfə mənimlə bağlı çox amansızcasına bir tənqid yazmışdı. Mən hətta ona təşəkkür yazmışdım. Çünki adam haqlı tənqid etmişdi. Amma bu yaxınlarda biri götürüb Qənirə Şəmmədqızının şəkili ilə mənim şəkilimi birləşdirib yazıb ki, bu Elçindən yaxşı aparıcıdır. Guya, bununla məni qıcıqlandırmaq istəyir. Amma mən qıcıqlanmıram. Onu yazanın özündə problem var. O ömür boyu aparıcı olmaq istəyib, amma alınmayıb. Həmin adamın əməkdaşlıq etdiyi sayt rəhbərinin də mənimlə problemi var deyə, bu yaxınlarda götürüb bu il birinci sinifə gedən toppuş bir uşaq vardı, yanında da kökə.
Onun şəkilini saytda yerləşdirib yazıb ki, Elçin Əlibəylinin uşaqlığı. Birincisi o uşaq mənim uşaqlığımdan qat-qat gözəldir. Mən çox eybəcər uşaq olmuşam. Mən əksinə sevindim ki, məni ona bənzədiblər. Bu artıq verilən tribuna ilə məzələnməkdir. O tribunanı ona verən adam çağırıb deməlidir ki, axı sən Allah qoymasa, ədəbiyyat saytısan, get ədəbiyyatdan yaz. Öz qohum-əqrabandan, otardığın mal-heyvandan başqa heç nə yazmırsan.


- Qadın zorakılıqları, cinayətləri son günlərdə artıb. Qadına qarşı bu aqressiyanın səbəbi hardan qaynaqlanır sizcə?


- Dünən qadın cinayəti ilə bağlı həmin o statistikanı görəndə dəhşətə gəldim. Bunun günahkarı türk seriallarıdır. Özünü oxşatmaq deyilən bir proses var. Türkiyədə illər əvvəl bir serial vardı - “Aşkı Memnu”. Onun finalında qız intihar edirdi. Mən sonrakı 6 ay ərzindəki statistikaya baxdım. Azərbaycanda 6 ay ərzində 7-8 gənc qadın intihar edib. Mən bir dəfə də prezidentə müraciət edəndə demişdim ki, serial milli təhlükəsizlik məsələsidir. Niyə Rusiyada dövlətdən ayrı olan nazirliklər rus ədəbiyyatı və tarixinə aid çəkilən filmlərə maliyyə ayırırlar? Rusiyada Aviasiya Nazirliyi ayrıca bir qurumdur. Onlar gənclərin Aviasiyaya marağını artırmaq üçün aviasiyaya aid bir neçə serial maliyyələşdirdilər. Moskva Şəhər Meriyası Bulqakovun “Master və Marqarita” serialını maliyyələşdirdi. İnqilabın 100 illiyində Birinci kanal Trotski haqqında, Rusiya kanalı Lenin haqqında serial buraxdı.



- Azərbaycanda tarixi serial üçün tarixi əsərləri ssenari halına sala biləcək ssenaristlər də yetişmir axı. Məncə, bizim bir böyük problemimiz də ssenarist məktəbinin olmamasıdır...



- Sovet dövründə də bizdə ssenarist məktəbi yox idi. İndi açıq danışacam, hamı mənə düşmən olacaq. O ssenari müəllifləri ki, var - Anar, İsa Hüseynov, Elçin və digərləri. Onların əsərlərini bilirsiz kimlər ssenariləşdirib? Rusiyada ssenaristlər var idi. Onlara dəqiq olaraq “ədəbiyyat qulları” deyirdilər. Onların işi nədən ibarət idi? Qonorar qarşılığında oturub ədəbi materialı ssenari çərçivəsinə salırdılar. İnsaflı yazıçılar həmmüəllif kimi onların adlarını filmlərə salıblar. İnsafsızlar isə yazıçıların istirahət mərkəzində bir yeşik arağa öz adlarına çıxıblar. Bununla da filankəs olurdu, yaxşı ssenari müəllifi.



- Bu gün cəmiyyətdə sizi ən çox narahat edən nədir?



- Cəmiyyətimizdəki biganəlik və cahillik məni çox narahat edir. Özü də oxumuş, diplomlu adamların cahilliyi daha təhlükəlidir. 42 yaşım var, mənzilim yoxdur, kirayədə yaşayıram. Məni səhv anlamayın, ağlamıram, reallığı deyirəm ki, kənardan göründüyü kimi yağ -bal içində yaşamıram. Bunlara dözmək olar, normal şeylərdir. Amma psixoloji təzyiqlərə dözmək olmur. Təkcə ictimaiyyətdə və sosial şəbəkələrdə aldığım təzyiqlər deyil məni sarsıdan. Azərbaycanda məni heç bir universitetə buraxmırlar. Doktorluq işimə maneə törətdilər. 2011-ci ildən doktorluq işim hazırdır, amma məni müdafiəyə buraxmırlar. Siz elə bilməyin ki, mənim üçün yaşamaq asandır. Mənim bir neçə tələbəm fəxri ad, diplom, təqaüd, hətta jurnalistlərə verilən mənzillərdən alıblar. Özümə qarşı biganəlik gördüm. Mənim ölkədən getmə qərarı verməyim də məhz bununla bağlıdır. Çox yaxın bir zamanda ölkəni tərk edəcəm. Artıq ailəmi göndərmişəm. Gedəcəyim yerdə universitetdə dərs deyəcəyəm.



Günel Musa
BAKUPOST