Ölkəmizin bir çox bölgələrində dadı və mineral tərkibi ilə seçilən bulaqlar mövcuddur. Lakin Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən “Yanar bulaq” özünəməxsus xüsusiyyəti ilə fərqlənir. Onu digərlərindən ayıran əsas cəhət suyunun alışmasıdır.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, mütəxəssislər bu xüsusiyyəti bulağın tərkibində kükürdün olması ilə izah edirlər. Yerli sakinlərin sözlərinə görə, yay aylarında bulağın suyu azalsa da, qışda həcmi artır. Hətta yeraltı təkanlar zamanı bulaq fəvvarə də vurur.
“Yanar bulaq”ın yaranma tarixi ötən əsrin 70-ci illərinə təsadüf edir. Ərazidə aparılan geoloji kəşfiyyat işləri zamanı yeraltı çayların mövcudluğu müəyyən edilib, daha sonra xüsusi ekspedisiya qrupu tərəfindən qazıntılar aparılıb.
Mütəxəssislərin fikrincə, bulağın müalicəvi əhəmiyyəti də var. Buna görə də, bir çox sakinlər gündəlik içməli su kimi məhz “Yanar bulaq”dan istifadə edirlər.
Qeyd edək ki, Ərçivan qəsəbəsində yerləşən bu unikal bulaq dövlət əhəmiyyətli tarixi abidə kimi qorunur.