Ru
19:41 / 24 Noyabr 2025

Ayda 16 manat ödəməyən işsiz CƏRİMƏLƏNƏCƏK - Qanuna dəyişiklik nələri tələb edir?

Ayda 16 manat ödəməyən işsiz CƏRİMƏLƏNƏCƏK - Qanuna dəyişiklik nələri tələb edir?
Eye

Milli Məclisdə "Tibbi sığorta haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, qeyri-formal məşğul şəxslər, yəni işsizlər növbəti ildən tibbi sığortadan yararlanmaq üçün aylıq 16 manat ödəməli olacaqlar. Həmçinin qeyd olunur ki, bu məbləği vaxtında ödəməyənlərə 10 faiz miqdarında cərimə tətbiq ediləcək.

Hazırda cəmiyyətdə prosesin mexanizmi ilə bağlı suallar yaranıb.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bu addımın əsas məqsədinin əhalinin leqal əmək fəaliyyətinə cəlb olunmasını stimullaşdırmaq olduğunu bildirib.

Deputat cərimələrlə bağlı məsələyə də aydınlıq gətirib:
Müşfiq Məmmədli

Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək - Qanuna dəyişiklik nələri tələb edir?

"Ödənişlərin mexanizmi və bu məsələdən irəli gələn suallar barədə yaxın vaxtlarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və ya Maliyyə Nazirliyi məlumat verəcək. Ümumilikdə qeyd edə bilərəm ki, qeyri-formal məşğul şəxslər siyahısına əmək müqaviləsi olmayan, VÖEN-siz kənd təsərrüfatında qeydiyyatsız çalışaraq gəlir əldə edən vətəndaşlar daxil ediləcəklər. Onlar ya öz əmək fəaliyyətini leqallaşdırmalı, ya da qeyri-formal şəxslər kimi tibbi sığorta haqqını ödəməlidirlər. Bu məbləğ 16 manat olaraq müəyyən edilib. Vətəndaş həmin məbləği hər ay müəyyən olunmuş gündə ödəməlidir. Bu olmadığı təqdirdə isə şəxs həmin məbləğin 10 faizi həcmində cərimə ödəməli olacaq. Dediyim kimi, məqsəd əhalinin leqal əmək fəaliyyətinə cəlb olunmasını stimullaşdırmaqdır. Burada işsiz kimi müvafiq dövlət qurumunda qeydiyyatda olan şəxslər istisnadır və onlardan heç bir ödəniş tələb olunmayacaq. Həmin vətəndaşların sığorta haqqı dövlət tərəfindən ödəniləcək".

Deputat vurğulayıb ki, bəzi şəxslər dövlət tərəfindən sığorta haqlarından yararlanırlar:

"Bir çox qrupa daxil olan şəxslərin sığorta haqları dövlət tərəfindən ödənilir: 18 yaşına qədər olan uşaqlar, 23 yaşadək birinci ali təhsil alan tələbələr, bütün pensiyaçılar, sağlamlıq haqları məhdud olanlar və bütün növ müavinət alanlar sığorta olunmuş hesab edilirlər. Bu şəxslərin ödənişləri dövlət büdcəsindən ayrılmış vəsait hesabına qarşılanır. Qeyri-formal məşğulluğu olan şəxslər ödənişləri könüllü edirlər. Bunu etmədikdə sığorta hüququndan yararlana bilmirlər. Bu məbləğ isə 16 manat nəzərdə tutulur və il ərzində ödənişlər edildikdə vətəndaş sığorta haqlarından yararlana bilər".

Milli Məclisin Səhiyyə komitəsinin digər üzvü Pərvanə Vəliyeva isə Oxu.Az-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta haqqını ödəmək icbaridir, könüllü deyil.
Pərvanə Vəliyeva

Ayda 16 manat ödəməyən işsiz cərimələnəcək - Qanuna dəyişiklik nələri tələb edir?

Deputat qanuna təklif edilən dəyişiklik layihəsinin mahiyyətini açıqlayıb:

"Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığorta haqlarını özləri ödəməlidirlər. Əslində, bu, hazırkı qanunun 15-2.2.4 maddəsində də var. Yəni rəsmi işləyən və bir sıra müəyyən olunmuş həssas əhali qruplarına aid olmayan şəxslərdən başqa, digər sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər. Təklif edilən dəyişikliklə isə bunun əhatə dairəsi müəyyənləşir. Bu qrupa qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin daxil edilməsi nəzərdə tutulur. "Məşğulluq haqqında" Qanuna əsasən, qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki hüquqi müqavilə bağlanmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də "Ailə kəndli təsərrüfatı haqqında" Qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edənlərdir".

Millət vəkilinin sözlərinə görə, onların ödəyəcəyi sığorta məbləği isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qurum tərəfindən müəyyən olunacaq:

"Qeyd edilən şəxslər tərəfindən sığorta haqqını ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə, öhdəliyin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq. Bu, əmək müqavilələrinin "ağardılması"na, VÖEN olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qanunvericiliyə uyğun şəkildə fəaliyyətə cəlb edilməsinə yönəlib.

Bundan başqa, növbəti ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bəzi dövlət proqramlarını da əhatə edəcək. Şəkərli diabet, dağınıq skleroz, hemofiliya, vərəm, ixtioz və bullyoz epidermoliz xəstəliklərinin, eləcə də bir sıra digər xəstəliklərin müalicəsi və profilaktikası sığorta sistemi ilə əhatə olunacaq. Burada vətəndaş olaraq həmrəylik nümayiş etdirməliyik. Bu dəyişiklik, əsasən, hesabatlılığın artırılmasına yönəlib.

Həmçinin vurğulamaq lazımdır ki, ilkin səhiyyə xidməti təcili və təxirəsalınmaz hallarda hər kəsə ödənişsiz göstərilir. Bunun xərci dövlət büdcəsi hesabına ödənilir. Söhbət ixtisaslı tibbi xidmətdən gedir və o zaman da sığorta haqqı ödənilməlidir. Reyestrdə vətəndaşın icbari tibbi sığorta haqqını ödəmək öhdəliyi yaranıbsa, bundan imtina mümkün deyil".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, qanunvericiliyə dəyişiklik edildikdən sonra ödəniş mexanizminə aydınlıq gətiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar