Tehran meri Əlireza Zakani yanvarın 8-dən 9-a keçən gecə İran paytaxtında olmuş hadisələri "terror aktları" adlandırıb.
Bakupost.az IRIB-ə istinadla xəbər verir ki, o, kütləvi iğtişaşlarda dəyən ziyanı açıqlayıb:
"Onlar (iğtişaşçılar - red.) xaos yaymaq və yalançı görüntü yaratmaq üçün xəstəxanalara və iki tibb mərkəzinə, 26 banka, 25 məscidə, "Bəsic" bazalarına və hüquq-mühafizə orqanlarına hücum ediblər. Vandallar 42 avtobusu, habelə təcili yardım maşınlarını, 10 dövlət idarəsini və 24 yaşayış binasını yandırıblar".
Həmçinin 8 ağır yanğınsöndürmə maşını da daxil olmaqla, 48 yanğınsöndürmə maşınını yandırdılar, hətta yanğınsöndürənlər yanğınları söndürməyə çalışarkən onları hədəfə alıblar".
Qeyd edək ki, dekabrın 28-də İranın paytaxtı Tehranda sahibkarların təşəbbüsü ilə başlayan aksiyalar qısa müddət ərzində ölkənin 30-dan çox vilayətinə yayılıb. Küçələrə çıxanlar qiymət artımlarına etiraz edirlər.
İran İnsan Haqları Təşkilatının məlumatına əsasən, iğtişaşlar zamanı 2 minə yaxın şəxs həbs edilib, etirazçılardan 29 nəfər öldürülüb, 64-ü yaralanıb.
İranın dövlət mediasının iddiasına görə isə, aksiyalar başlayandan bəri təhlükəsizlik qüvvələrini təmsil edən 295 nəfər yaralanıb.