Ru
09:25 / 24 Sentyabr 2026

2500 manatadək maaş alanların gəliri necə dəyişəcək? – RƏQƏMLƏRLƏ TƏHLİL

2500 manatadək maaş alanların gəliri necə dəyişəcək?  – RƏQƏMLƏRLƏ TƏHLİL
Eye

2027-ci il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərinə tətbiq olunan gəlir vergisinin dərəcələrində dəyişiklik ediləcək.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakupost”a bildirib ki, tətbiqi nəzərdə tutulan yeni gəlir vergisi dərəcələri vətəndaşların xalis maaşına müəyyən təsir göstərəcək.


Ekspert qeyd edib ki, əsas dəyişiklik 2500 manatadək gəlirlər üzrə vergi dərəcəsinin 3 faizdən 5 faizə yüksəldilməsidir. 2500 manatdan yuxarı gəlirlərdə isə əsas dərəcələr 10 və 14 faiz olaraq qalır:

“2500 manatadək əməkhaqqının ilk 200 manatı vergidən azad edildiyi üçün 800 manat maaş alan şəxsin gəlir vergisi 30 manat, 1000 manat alanın 40 manat, 1500 manat alanın 65 manat, 2500 manat alanın isə 115 manat olacaq. 3000 manat maaşda gəlir vergisi 175 manat, 5000 manat maaşda 375 manat, 10 min manat maaşda isə 955 manat təşkil edəcək.

Burada söhbət yalnız gəlir vergisindən gedir. Sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları da çıxıldıqdan sonra xalis əməkhaqqı daha aşağı olacaq. Məsələn, digər tutulmalar da nəzərə alınmaqla 800 manat brüt maaşın təxminən 684 manatı, 1000 manatın 849 manatı, 1500 manatın 1261,5 manatı, 2500 manatın 2086,5 manatı, 3000 manatın 2471,5 manatı, 5000 manatın 4051,5 manatı, 10 min manatın isə təxminən 7921,5 manatı işçinin sərəncamında qala bilər .

Hazırkı sistemlə müqayisədə vergi yükünün artması xüsusilə 2500 manatadək gəlir əldə edənlər üçün hiss olunacaq. Məsələn, 800 manat maaş alan şəxsin aylıq gəlir vergisi 12 manat, 1000 manat alanın 16 manat, 1500 manat alanın 26 manat, 2500 manat alanın isə 46 manat artacaq. 2500 manatdan yuxarı gəlirlərdə isə sabit hissənin dəyişməsi səbəbindən aylıq gəlir vergisi əsasən 50 manat artacaq”.

A.Nəsirli vurğulayıb ki, bu dəyişikliklərin əsas məntiqi gəlir vergisi sisteminin mərhələli şəkildə əvvəlki güzəştli rejimdən normal vergi rejiminə keçirilməsidir. Eyni zamanda, dövlət əmək münasibətlərinin rəsmiləşdirilməsini, vergidən yayınmanın azalmasını və əməkhaqlarının rəsmi göstərilməsini stimullaşdırmağa çalışır. Lakin işəgötürənlərin əlavə vergi yükünü əməkhaqqının artırılması və ya xərclərin başqa formada optimallaşdırılması ilə necə balanslaşdıracağı da mühüm məsələdir:

“800 manat maaş alanla 8000 manat qazananın eyni məbləğdə vergi ödəməsi düzgün deyil. 800 manat maaşda gəlir vergisi 30 manat olduğu halda, 8000 manat gəlirdə 675 manat vergi yaranır. Yəni gəlir artdıqca ödənilən verginin məbləği də artır. Burada əsas məsələ odur ki, yeni sistemdə aşağı və orta gəlir qruplarında vergi yükünün artması yüksək gəlir qruplarına nisbətən daha fərqli hiss olunur.”

Xanım Səbuhi,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar