Ru
13:41 / 20 İyul 2026

70 qəpiklik "kola" niyə 4 manata satılır?

70 qəpiklik "kola" niyə 4 manata satılır?
Eye

Hava limanlarında qiymətlərin adi mağazalarla müqayisədə bir neçə dəfə baha olması vaxtaşırı müzakirə mövzusuna çevrilir. Bu dəfə sosial şəbəkədə yayılan paylaşımda bir vətəndaş şəhərdə 70 qəpiyə aldığı "kola"nın hava limanında 4 manata satıldığını bildirərək buna təəcübləndiyini qeyd edib.

Bəs bu qədər qiymət fərqinin əsl səbəbləri nələrdir?

Mövzu ilə bağlı “Bakupost”a danışan iqtisadçı Akif Nəsirli deyir ki, bu fərqi yalnız yüksək icarə və logistika xərcləri ilə izah etmək hər zaman inandırıcı deyil:

“Əgər şəhərdə 70 qəpiyə satılan bir içki hava limanında 4 manata təklif olunursa, söhbət artıq cəmi 20-30 faiz və ya ikiqat qiymət fərqindən deyil, bir neçə dəfə bahalaşmadan gedir. Belə böyük fərqi təkcə xərclərlə əsaslandırmaq çətindir”.

İqtisadçının sözlərinə görə, əsas səbəblərdən biri hava limanlarında rəqabətin son dərəcə zəif olmasıdır:

“ Təhlükəsizlik yoxlamasından keçən sərnişinin başqa mağazaya getmək imkanı yoxdur. O, faktiki olaraq mövcud satıcılardan alış-veriş etməyə məcburdur. Belə şəraitdə satıcılar bazar rəqabəti ilə deyil, alıcının seçim imkanının olmaması ilə qiymət müəyyənləşdirirlər.

Digər məsələ hava limanlarının kommersiya siyasətidir. Dünyanın bir çox hava limanında mağazalardan yüksək icarə haqqı alınır və bu gəlirlər hava limanının əsas gəlir mənbələrindən birinə çevrilir. Nəticədə həm hava limanı, həm də mağaza yüksək qiymətlərdən iqtisadi baxımdan maraqlı olur. Bu isə yükün son nəticədə sərnişinin üzərinə düşməsi deməkdir”.

İqtisadçı bildirib ki, bir sıra Avropa hava limanlarında bu problemin qarşısını almaq üçün "şəhərlə eyni qiymət" prinsipi tətbiq edilir:

“Bu sistemə əsasən, su, çörək, sərinləşdirici içkilər və digər gündəlik tələbat məhsulları şəhərdəki mağazalardan əhəmiyyətli dərəcədə baha satıla bilməz. Məqsəd sərnişinin məcburi vəziyyətindən istifadə edilməsinin qarşısını almaqdır.

Azərbaycanda isə belə mexanizmin olmaması qiymətlərin bazar məntiqindən daha çox inhisarçı mühitin təsiri altında formalaşdığı barədə suallar yaradır. İstehlakçının alternativi yoxdursa və qiymətlər üzərində real rəqabət yoxdursa, qiymətlərin süni şəkildə şişirdilməsi riski artır.

Əlbəttə, hava limanında fəaliyyət göstərmək adi mağaza işlətməkdən daha bahadır. Ancaq bu, eyni məhsulun qiymətinin beş-altı dəfə artırılmasını avtomatik olaraq əsaslandırmır. Xərclərin artımı ilə satış qiyməti arasında məntiqli balans olmalıdır. Əks halda, bu, xidmət haqqı deyil, sərnişinin məcburi vəziyyətindən kommersiya məqsədilə istifadə edilməsi kimi qiymətləndirilə bilər.

Bu səbəbdən məsələ yalnız bazar iqtisadiyyatı ilə izah edilməməlidir. Burada rəqabət mühiti, qiymət şəffaflığı və istehlakçı hüquqlarının qorunması da müzakirə olunmalıdır. Əgər hava limanında satılan ən sadə məhsulların qiyməti şəhərlə müqayisədə bir neçə dəfə bahadırsa, bunun səbəbləri ictimaiyyətə aydın izah edilməli, eyni zamanda bu sahədə rəqabətin və nəzarət mexanizmlərinin gücləndirilməsi imkanları nəzərdən keçirilməlidir. Bu, həm istehlakçıların maraqlarına xidmət edər, həm də hava limanlarının xidmət keyfiyyətinə dair ictimai etimadı artırar”.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar