2026-cı il Dünya Kubokunun finalında İspaniyaya uduzduqdan sonra Argentina millisinin kapitanı Lionel Messi və daha 9 futbolçu nümayəndə heyəti ilə birlikdə Vətənə qayıtmayıb.
"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə "TyC Sports" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Argentina millisini aparan təyyarə final matçından cəmi bir neçə saat sonra Nyu-Yorkdan Buenos-Ayresə uçub. Paytaxta ümumilikdə 16 futbolçu qayıdıb.
ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Messi komanda yoldaşı Rodriqo De Paul kimi ABŞ-də qalıb. Onlarla yanaşı Enso Fernandes, Lautaro Martines, Xulian Alvares, Xeronimo Rulyi, Nikolas Pas, Kristian Romero, Nauel Molina və Xuan Musso da Argentina nümayəndə heyəti ilə Buenos-Ayresə uçmayıblar.
Argentina Futbol Assosiasiyası (AFA) bildirib ki, ABŞ-də qalan futbolçular "öz klublarına qayıtmaq və ya istirahət dövrünə başlamaq üçün" fərqli istiqamətlərə yola düşüblər.
Qeyd edək ki, Argentina yığması 2026-cı il Dünya Çempionatının finalında əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq dünya çempionu titulunu qoruya bilməyib.
Xatırladaq ki, argentinalılar üçqat dünya çempionudurlar: onlar 1978-ci ildə Niderlandı, 1986-cı ildə Almaniya Federativ Respublikasını (AFR) və 2022-ci ildə Fransanı məğlub edərək titula sahib çıxıblar. Bundan əlavə, Argentina dörd dəfə Dünya Çempionatının gümüş mükafatçısı olub.