Ru
14:27 / 24 Dekabr 2021

Səngərdən gül göndərdi, amma ölüm xəbəri ondan əvvəl çatdı... - Şəhid Teymur Əzizovun yarımçıq taleyi haqqında YAZI + FOTOLAR

16739

Bakupost.az tanınmış jurnalist, Qarabağ şəhidləri barədə “Qalibiyyət – şahidlər və şəhidlər” kitabının müəllifi Aida Eyvazlının “Şəhid hekayələri” silsiləsindən növbəti yazısını təqdim edir.




Timur və onun komandası

70 yaşını ötən illərdə qeyd etdiyimiz Sumqayıt bir vaxtlar Azərbaycanın və SSRİ-nin beynəlmiləl şəhəri idi. 15 Sovet Respublikasının hər yerindən gələn gənclər şəhərin təməlini qoymuşdular. Ona görə də Sumqayıt həm tarixin, həm də cəmiyyətin ölçüsündə “Gənclər şəhəri” idi. 70 yaşını keçsə də, adını dəyişmədi. Sumqayıtın gəncləri isə elə şəhər salındığı ilk gündən həmişə irəlidə oldular. Elm, texnika, ədəbiyyat, mədəniyyət, idman ... sahəsində uğur qazandılar. Azərbaycanın və dünyanın hər yerində bu şəhərdə doğulub böyüyənlərin imzası, izi var idi. 4-cü mikrorayonun uşaqları da bütün sumqayıtlılar kimi bu izqoyma uğuruna sevinirdilər. Sumqayıtlı olmaları ilə fəxr edirdilər.

İndi həyat hekayətini danışdığım qəhrəmanım da Sumqayıtın 4-cü mikrorayonunda doğulub boya-başa çatmışdı. 22 iyun 1987-ci ildə daşyonan fəhlə Əli Əzizovun beynəlmiləl ailəsində artım baş verdi, üçüncü oğul gəldi dünyaya. Əli kişinin həyat yoldaşı Lyubov Vyaçeslavovna oğlunun adını özü qoydu “Timur”. Məşhur “Timur və onun komandası” filminə olan sevgisindən doğmuşdu qadının bu ad seçimi. Qadın uşağı “Timur”, atası Teymur deyə çağırdı. Həyət uşaqlarının dilinə də adı “Timur” kimi düşdü. Sonra hamı kimi məktəbə getdi. Bu üç qardaş - Emil, Ruslan və Teymur istər dərsə dəvamiyyətləri, istərsə tərbiyələri, özlərindən böyüklərə , həyət uşaqlarına qarşı göstərdikləri nəzakətləri ilə həmişə seçildilər. Onların ən yaxın dostları məktəb dostları idi. Əvvəlcə Sumqayıtın məşhur 14 saylı məktəbində oxudular. Bir göz qırpımında Teymur 10-cu sinfə yetişdi. 10-cu sinfi oxumaq üçün Teymurla qonşuluqda yaşayan yaxın dostu və sinif yoldaşı Seymur Baxışov “Təfəkkür” liseyini seçdilər.

Seymur ortaboylu, Teymur isə ucaboylu idilər. Dostları onları bir yerdə görəndə “Sanço və Panço gəlir” deyirdilər. Bir neçə dost idilər. Dostu Pərviz Tağızadə Teymuru sakit təbiətinə və sadə, mərd xüsusiyyətinə görə çox sevir və dəyərləndirirdi. Vasiliy Qarbarçukun da ən yaxın dostu Teymur idi. Bir sinifdə oxuduqları illərdə bu uşaqlar bir gün də olsun bir-birindən ayrılmadılar. Sinifdə şuluq uşaqlar da var idi. Lakin Teymur, Seymur, Vasya və Pərviz heç vaxt kimsənin xətrinə dəymirdilər. Bütün mübahisələri mehribançılıq və sülh yolu ilə həll edirdilər. Bu dörd dost hər zaman dərsdə və yaxud da hər hansı bir işdə geri qalan sinif yoldaşlarına kömək edirdilər. 11-ci sinfin test imtahanlarının cavablarının hamısını “5” qiymətinə yazan üç nəfərdən biri də Teymur Əzizov oldu.

Sonra abituriyentlik, qəbul imtahanları, müsbət nəticə sıralandı, Teymur Sumqayıt Dövlət Universitetinin kimya-biologiya fakultəsinə daxil oldu. Buradakı ən yaxın dostlarından biri isə Fərid oldu. Universitetdə də Teymuru bütün tələbə dəstəsinin ürəyi hesab edirdilər. Teymur olan yerdə xoş əhval-ruhiyyə, gülüş və mahnı var idi. Teymur belə oğlan idi, harada olsa özünə komanda yığırdı, bu komandanın uşaqları isə ən nümunəvi uşaqlar olmalı idilər.

SDU-nu bitirəndən sonra təhsilini BDU-nun magistraturasında davam etdirdi. Hərbi Xidmətini də uğurla başa vurub qayıtdı. Şəhərin Kimya İstehsalat İnstitutunun laboratoriyasında işlədi. 2012-ci ildə dostunun toyunda Zeynəb adlı bir qızla qarşılaşdı. Yaxından tanış oldular. İki ilə yaxın bir-biri ilə görüşdülər, danışdılar.

Teymurun ən yaxın dostu və sinif yoldaşı Seymur Baxışov Xüsusi Təyinatlı Qüvvələrdə qalıb xidmətini gizir kimi davam etdirməli oldu. Teymur nədisə də öz ağ xalatında hərbi formalı Seymura həsəd aparırdı, kimya laboratoriyasına get-gedə sığışa bilmirdi. Bir dəfə anasına demişdi ki, “Ana, mən öz boy-buxunumda utanıram. Bu boyda oğlan da laboratoriyada oturar? Düzdür, kimya –biologiyanı sevirəm, dərinliklərinə qədər öyrənmişəm, lakin mən o divarlara sığışmıram. Hərbiyə gedəcəyəm”.

Hə, əziz oxucularım, qəhrəmanımızın ömrünün bərli-bəzəkli illərini, onun haqqında gözəl xatirələri indi də anası Lyubov Vyaçeslavovnanın dilindən eşidək. Analar daha gözəl danışır axı. Lyuba Xarçenko-Əzizova sən demə heç də sadə ailədən deyilmiş. Babası Sergey Fedoseeviç Xarçenko ötən əsrin 30-cu illərində Rusiyadan Azərbaycana - Astraxanbazar rayonunun tərkibində yerləşən Biləsuvara göndərilmişdi.

Qeyd: XIII əsrin tarixi mənbələrində Biləsuvarın adı Piləsuvar kimi keçir. “Suvar” sözü qədim türklərdə həm də birlik kimi mənasını verirdi. Xosrov I Ənuşiravanın 10 minlik süvarisinin də burada yerləşdiyi haqqında tarixi mənbələrdə qeyd olunur.Yəni bu boz çöllər süvarilər yurdu olub. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünür. Rusiya İmperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra, buraya köçürülən ruslar sərhəddən 20–40 km kənarda onlar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülürlər. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilir.1938-ci ildə Biləsuvar rayonunun adını dəyişib Puşkin rayonu qoyurlar. 1991-ci ildə - müstəqillik dönəmində isə Biləsuvar adını özünə qaytarırlar.



Bir vedrə buğdanın hekayəti

Lyubov Xarçenko öz xatirələrini belə başladı:

- Mən sizə çox uzaqdan başlamaq istəyirəm. Mənim babam Sergey Xarçenko əsilli-nəsilli, tanınmış zadəgan ailəsindən idi. Çox gənc yaşlarından kənd təsərrüfatı və torpaqların becərilməsi elmini öyrəndiyindən, onu Astraxanbazara aqronom kimi göndərirlər. Burda babam öz əməksevərliyi ilə elə gənc yaşlarından seçilməyə başlayır. Əslində onun Rusiyadan Azərbaycana gəlməsinddə başqa bir səbəb də var idi. Ata-anası çox varlı olduğundan sevdiyi kasıb kəndçi qızı Anastasiyanı ona almamışdılar. Sergey də 17 yaşında ikən 15 yaşlı Anastasiyanı qaçırıb özü ilə Azərbaycana gətirmişdi. Onların hər iksi zəhmətsevərlikləri ilə kolxozda tez bir zamanda ad çıxarmışdılar.

Babamla nənəm quruculuq və məhsul yığımı planını doldurmaqda, maldarlıq sahəsində birinci yerlərə çıxırlar. Babam o qədər müdrik, mehriban və ədalətli bir kişi idi ki, rayonda hətta mübahisəli məsələləri də o həll edirdi. O həm də göyçək və ucaboylu idi. Babamın 11 övladından yalnız 5-i sağ qalmışdı. Həmin illərdə Stalin rejimində insanlar çox kasıb yaşayırdılar. Kolxozda bir almanın, bir ovuc dənin də hesabı aparılırdı. Belə ağır günlərin birində babam 8 uşağı olan, acından taqətləri kəsilən bir ailəyə kolxozun anbarından bir vedrə buğda verir. Dövlətin qarşısında çox böyük xidmətləri olan babamı istəməyənlər də var idi. Həmin o bir vedrə buğda bir ailəni ölümün ağzından almışdı, lakin babamı istəməyən həmin nakəslər babam haqqında donos yazırlar, “kolxoz əmlakını taladığına görə” görə babam həbs olunur. Salyan rayonundakı türmədə yatası olur. Elə həmin ili müharibə başlayır. Babamın o vaxt daha bir övladı dünyaya gəlibmiş. Nənəm Anastasiyaya xəbər edirlər ki, gəl Salyan dəmir yoluna, ərini müharibəyə aparırlar. Nənəm, yaylığını başına örtüb, babam üçün paltar götürüb, qundağda olan körpə südəmər qızını qoynuna alıb, qaçır üzü Salyan tərəfə. Gəlib vağzala çatır. 1941-ci ilin payızı imiş. Göydən yağış leysan kimi yağırmış. Hava soyuq, nənəm də, uşaq da suyun içərisində islanıbmış. Babam könüllü olaraq müharibəyə getməyə yazılıbmış. Həmin vağzaldan göz yaşları içərisində nənəm babamı cəbhəyə yola salır. Ayrılıq anı o qədər təsirli, o qədər dözülməz olub ki. Axı onlar bir-birlərini o qədər çox sevirdilər ki.

Vağzalda olan bir qadın qucağı qundaqlı nənəmin vəziyyətini görüb onu evinə aparır, buz tək yağışdan donmuş uşağı birtəhər xilas edirlər.

Babamın üç qardaşı da Rusiyadan döyüşə yollanırlar. Babam döyüşə gedəndə böyük oğlunun 13 yaşı var imiş. Müharibə başlayanda 13 yaşlı oğlu gedib yaşını 15 yazdırır və o da döyüşə yollanır. Oğul döyüşdən qayıdanda bir qolu yaralı idi. Babam və onun qardaşları da döyüşdən qələbə ilə, sağ-salamat qayıdırlar. Sonra isə babamı yenidən kolxoza işə götürürlər. Babam və nənəm kolxozda qabaqcıl, örnək olunası əməkləri ilə fərqlənirdilər, hər ikisi “zərbəçi” idilər. Tezliklə babamın sorağı yuxarılara da çatır - Sergey Fedoseeviç Xarçenko Puşkin rayonunda Səməd Vurğun adına kolxozun sədri təyin olunur.

Qabaqcıl kolxozçu olduqlarına görə babamgilə əlavə 30 manat da pul verirdilər. Bu isə o vaxtlar üçün çox böyülk məbləğ idi. Babam öz çörəyini tək yeməzdi. İmkansızlara əl tutardı. Sovet illərində onun bir rəssam tərəfindən çəkilmiş portreti Puşkin rayonunun kolxoz idarəsində həm müharibə, həm də əmək qəhrəmanı kimi divara vurulmuşdu.

Babam sonradan öz anası Anna Sergeyevanı da Biləsuvara gətirdi. Anna ana 70-ci illərdə 102 yaşında rəhmətə getdi. Babam da 82 yaşına kimi yaşadı. Onun adını Biləsuvarda tanıyanlar indi də böyük hörmətlə xatırlayırlar. Mən belə bir zəhmətkeş ailədə böyüdüm. Anam ikinci dəfə ailə həyatı qurduğundan Rusiyanın Stavropol diyarına köçdü. Stanitsa Suvorovda yaşayırdı. Mən babamla Biləsuvarda qaldım. 5-ci sinifdə oxuyanda anam məni də öz yanına apardı. Hər yay tətilində 3 ayı Biləsuvara gəlirdim. Biləsuvarda məhəllədə Əli adlı dostum var idi. Babamgil onlarla ailəvi dost idilər. Babam istəyirdi ki, aqronom olum. Mən Stavropolda kənd təsərrüfatı üzrə texnikumu bitirdim. Sonra burada elmi işçi kimi bitkilərin sağlamlığı, həşəratlara mübarizə üzrə laboratoriyada işlədim. Baş texnik, sonra isə aqronom kimi elmi işlə məşğul olurdum, bitkiləri zərəvericilərdən qorumaq üçün kimyəvi məhsullar hazırlayırdıq. Qabaqcıl alim kimi Moskvada konfranslarda iştirak edirdim. Və günlərin bir günü babam, nənəm və Əlinin ailəsi Stavropola bizim evimizə qonaq gəldilər. Elçilik edib məni Əli üçün nişanladılar. Elə həmin il Stanitsa Suvorovda toyumuz oldu. Biz Azərbaycana qayıtdıq.



Üstündə Azərbaycan bayrağı olan dəftər-kitablar

Lyubov Xarçenko azacıq fasilə verib söhbətini davam etdirir:

-1981-ci ildə oğlum Emil dünyaya gəldi.1982-ci ildə Sumqayıt Kompressorlar zavodunda işə başladım. Əli isə bənna-daşyonan idi. Burada 4-cü mikrorayonda 3 otaqlı evi hökumət bizə verdi. Çox xoşbəxt yaşayırdıq. Mən heç vaxt fikirləşməzdim ki, Timur nə vaxtsa, hərbidə işləyər. Mənim oğlanlarım heç vaxt mənə problem yaşatmadılar. Nə mən, nə də onlar heç vaxt səsimizi yüksək tonda qaldırmadıq. Hazırda böyük oğlum Emil Sumqayıt STS Zavodunda aparıçı mühəndisdir. Çox faydalı ixtiralar edir. İkinci oğlum Ruslan Stavropola getdi. Orada evləndi. Hüquq üzrə universitet bitirdi. İndi o, bir vaxtlar bizim yaşadığımız Suvorov Stanitsasında sahə rəisi işləyir. Bəxtdir, qismətdir, taledir. Timur doğulanda əkiz idi. Bir qız tayı tələf oldu.Timur isə 1 kilo 600 qram idi. Onu pambığın içərisində böyütdüm. Hamı deyirdi ki, bu balaca çəkili kütlədən uşaq olacaq? Mən inad edirdim, çox əziyyət çəkdim. Lakin böyüdü. Zəkalı, tərbiyəli, ağıllı böyüdü. Timurla Ruslan bir-biri ilə ömür boyu yarışırdılar. Bir də görürdüm ki, Ruslan Timura yazıb ki, “Timur , mən bu gün nümunəvi xidmətə görə “Rəşadət “ medalı aldım. Timur da ona cavab verirdi ki, gözlə, mən də bu günlərdə öz medalımı sənə göstərəcəyəm. Bir müddət keçirdi, Timur ona hərbi xidmətdən aldığı medalını göstərirdi. Timur hərbi xidmətə işə keçəndə mənim ona ilk sualım belə oldu: “Timur, sən döyüş bölgəsinə getməyəcəksən?. “Yox, mən hərbi hissənin kimyəvi laboratoriyasının rəisiyəm. Kimdir məni döyüşə aparan” deyə cavab verdi. Görünür məni yayındırırmış.

2016-cı ildə Timurla bir sinifdə oxuyan ən yaxın dostu, qonşumuz Zemfiranın oğlu Seymur Baxışov aprel döyüşlərində həlak oldu. Onun tabutunu 20 günə qədər gözlədik. Həmin günlərdə Timur çox əziyyət çəkdi. Çox fikir elədi. Ən yaxın dostu şəhadətə qovuşmuşdu. Amma buna baxmayaraq, 2016-ci ildən etibarən özü də hərbi sahədə xidmətə keçdi. Timur çox vətənpərvər idi. Mən uşaqlarıma həmişə üstündə Azərbaycan bayrağı olan dəftər-kitablar alırdım. Bayraq bizim üçün hər zaman müqəddsə sayılıbdı. Üzərində əl yazısı olan dəftərlərini indi də saxlayıram. Timur sentyabrın 27-si döyüşə yollandı. Mənə zəng vurdu. Dedi ki, buradayam ana.... Soruşdum ki, sən də avtomat əlində qaça-qaça döyüşürsən? Dedi, yox, mən hərbi hissələrə ərzaq, texnika göndərirəm. Dedi, döyüş bizdən çox uzaqda gedir, kimdir məni döyüşə buraxan.

Yenə inandım oğluma. Bir də ki, lap inanmasaydım nə olacaqdı ki... Onu ki getdiyi yerdən geri qaytara bilməyəcəkdim. Mən ona zəng vurmurdum ki, birdən fikrini yayındıra bilərəm. Son danışmamız 28 oktyabrda oldu. Sonralar oğlumu ancaq Zeynəbdən soruşurdum...



Yağış qana, qan yağışa qarışırdı...

... 27-si günü 877-ci batalyonun şəxsi heyəti də vətəni qorumaq üçün bölük-bölük sıralanıb yola düşdü. Üzü Füzuliyə gedən yol boyu düzülmüş insanlar hərbi maşın karvanlarının ardınca qaçır, əllərində olan meyvə qutularını, çörəkarası yeməkləri, içməli suları maşınlara atırdılar. Yol boyu diz üstə çöküb əsgərlərimiz üçün Tanrıya dua edən kim, ağlayan kim, alqışlayan kim... İnsanlar elə bil ki, başqalaşmışdılar. Yol boyu əsgərlərin ardınca hamısı bir ağızdan deyirdilər ki, “Marş irəli, Azərbaycan əsgəri! Dönməz geri, Azərbaycan əsgəri!”.

Vətəni qorumağa gedənləri toya-bayrama gedənlər kimi uğurlayırdılar. Əsgərlərin isə silahdan əlavə, azuqə yükü də bol idi. Lakin döyüşdə elə anlar olacaqdı ki, nə bu yeməklər kara gələcəkdi, nə də ki, su istəyən vaxt, bir içim su tapmayacaqdılar. Leytenant Teymur Əzizov, baş leytenant Qayib Əliyev, kapitan Vüsal Novruzov, Elnur Əliyev, gizir İlham Bağırov və digərləri 5-ci taborun tərkibində irəliləyirdilər. Gəlib Horadizə yetişdilər. Axşamüstü erməni tərəfindən onların dayandığı yerə ağır texnikadan raket atıldı. Ermənilərin atdığı raket üçüncü taborun yerləşdiyi hissəyə düşmüşdü. Bir neçə əsgər və gizir yaralanmış, üç nəfər döyüşə girmədən şəhid olmuşdu. Vüsal Novruzov uzun illərin hərbçisiydi. 2017-ci ildə Teymur Əzizov Silahlı Qüvvələrin Təlim –Tədris Mərkəzində kurs keçdikdən sonra zabit kimi onun tabeliyində olan tabora komandir müavini təyin olunmuşdu. Ötən illər ərzində Əzizovu əsil zabit kimi kəşf etmişdi. Leytenant Əzizovun boy- buxunu sanki zabit olmaq üçün biçilmişdi. Hələ xarakterinin incəliyi və zabitəsi onu lap çox düşündürürdü. Hərbi hissədə intizama riayət etməyən əsgərlərlə leytenant Teymur Əzizovun apardığı profilaktik söhbətlər hər zaman müsbət nəticələr verirdi. Teymurun bir neçə dil bilməsi, ali təhsili, dərin biliyi də bu işdə öz bəhrəsini verirdi. Teymurdan bu uğura necə nail olduğunu soruşduqda Teymur cavab verirdi ki, hər bir hərbçi və zabit özünün konstitusiya hüquqlarını və hərbi nizamnaməni doğru öyrənib əməl etsə, heç kmilə, heç yerdə problem yaranmaz. Əslində leytenant Teymur Əzizov öz ədəbi və ləyaqəti ilə hərbi hissədə bir məktəb yaratmışdı. Müavininin bu xüsusiyyətlərini gözəl bilən dostu, baş leytenant Vüsal Novruzov qəflətən belə bir sual etdi: “Cənab Əzizov, oturmuşdun da laboratoriyanda, isti kabinetdə, sənə bu müharibə lazım idi...”.

Teymur Əzizov onun sözünə belə cavab verdi: “Cənab baş leytenant, hər bir halda harada olmağımdan asılı olmayaraq bu döyüşə könüllü gələcəkdim. Yaxın dostum, xüsusi təyinatlı Seymur Baxışov şəhid olandan sonra hərbə meylim daha çox artdı. Nə yaxşı ki, başladıq... Əvvəl-axır bu olmalıydı... Yaxşı ki, mən də bu tarixi günlərin içərisindəyəm... Mənə etimadınıza görə çox minnətdaram”.

Belə idi Teymur, hər kəsə minnətdar, hər kəsdən razı. Özünü hamıya borclu bilsə də heç kimi özünə borclu bimirdi. Oktyabrın 27-sindən etibarən Quru Qoşunlarının tərkibində olan N saylı batalyonun şəxsi heyəti və taborları ön cəbhəyə yol aldılar. Murov silsiləsindən keçdilər. Teymur Murovu görməyi çox arzulamışdı. Sonra təyinat dəyişdi. Cəbrayıldan ötəndə təəssüfləndi. Hər yer xarabazara oxşayırdı. Bu mənfur ermənilər buraları göreşən kimi eşmişdilər. Qəbristanlıqlarımızın hamısı yerlə yeksan edilmişdi.

Suqovuşanın mənzərəsinə heyran qaldı. “Tanrı bu qədər gözəlliyi görəsən günün hansı vaxtında yaratmışdı!”- deyə düşündü. Azərbaycanın bu gözəlliklərini 30 ilə qədər görməməyin özü itirilmiş bir tarixdir. İndi bu tarixi addım-addım geri qaytarırdılar. Suqovuşandan keçəndə fikirləşdi ki, gedib qədim tarix kitablarına bir də baxacaq. Yəqin ki, bu adın özündə bir mistika var.

İndi Suqovuşandan keçən yollar onları üzü qələbəyə aparırdı. Çünki yuxarı komandanlıqdan aldıqları xəbərlərdən məlum olurdu ki, Azərbaycan Ordusu çox böyük rəşadətlə irəliləməkdə, düşmən geri çəkilməkdədir. Yollar tanış deyildi, verilən koordinatlarla gedirdilər. Bəzi yerlərdə maşından düşüb yolu piyada qət edirdilər. Qarşılarındakı dərələri, yarğanları, dağları aşıb keçirdilər. Başdan ayağa qədər silahlanmışdılar. Hər bir əsgərin üstündə qoruyucu jileti ilə birlikdə 40 kilodan artıq yük var idi. Ağır yüklə irəliləmək nə qədər çətin olsa da, döyüşə gedənlər bu işin öhdəsindən gəlməyə çalışırdılar. Leytenant özü öndə, tağımı da onun ardınca irəliləyirdi. Düşmən ağır artilleriyadan atəş açırdı. Güllələr göydən yağış kimi yağırdı.

Oktyabrın 4-ünə keçən gecə bölməyə yeni döyüş əmri gəldi. Zəruri tədarüklər görüldükdən sonra Əlixanlı kəndinə tərəf irəliləmək əmri verildi. Komandirlər şəxsi heyəti sursat, su, kiçik həcmli və yüngül qida ehtiyatı ilə təmin etməyə başladılar. Hər dəfə olduğu kimi dyüşlərdən sağ çıxan əsgərlər və MAXE-lər kimisi ailəsi ilə telefonla danışır, kimisi özü üçün yeni buşlat, dəbilqə seçir, kimisi isə kənardan durub bütün olanları sakitcə seyr edirdi. Son hazırlıqlar bitənə yaxın yuxarı vəzifəli generallardan biri şəxsi heyətlə döyüş qabağı söhbət edərək mənəvi-psixoloji durumlarını yüksək tutmaları üçün ordumuzun son günlərdə əldə etdiyi uğurlardan danışdı, onlara döyüşdə uğur arzuladı... Və həbri avtomobillər onları döyüşə aparmaq üçün yola çıxdı...

Artıq taborlar bir-birinin ardınca Füzulinin içərisinə doğru irəlilyirdi. Cəbrayılı keçib üzü Hadruta tərəf yol almışdılar. Əlixanlı kəndi arxada qalmışdı. Onlar Əlixanlı kəndindən keçəndə səhər saat 10:00 idi. Tabor komandiri, baş leytenant Qayib Əliyevin tabeliyində olan tağım komandiri Teymur Əzizov və rabitə tağım komandiri baş leytenant Elnur Həbibov eyni avtomobildə oturmuşdular. Hər ikisi sanki tabor komandirinin danışmağını gözləyirmiş kimi gözlərini ona dikmişdilər. Hərdən də ətrafı seyr edirdilər. Bu mənzərələri həyəcansız seyr etmək mümkün deyildi. Ətraf xarabalığa bənzəyirdi. Hər tərəfdə qamışlar bitmişdi. Ağaclar pərakəndə, qulluqsuz boy atmışdılar. Evlərin nə damları, nə pəncərələri var idi. Sökülümüş evlər daş skletə bənzəyirdilər. Bəzi evlərin isə heç döşəməsi də bilinmirdi. Yer-yurdu ot-ələf basmışdı. Təbiət burada sözün əsi mənasında vəhşiləşmişdi. Xarabalıqların ürək bulandıran fonunda payızın ilk nəfəsi duyulurdu ... Elə bil ki, payız fəsli də bu yerlərin xarabalığını öz sahiblərindən gizlətmək istəyirdi.

Birdən tabor komandiri baş leytenant Qayib Əliyev onlardan soruşdu: “Uşaqlar, ağır döyüşə gedirik. Evlə hallalaşmısınız?”

Sanki hər ikisinin gözlədiyi sual elə bu imiş kimi eyni anda: “Yox... Bəs siz?” deyə onlar da sual etdilər. Baş leytenant acı bir gülüşlə “Yox!”- deyə cavab verdi. Elnur Həbibov bunu gözləyirmiş kimi, tez cibindən telefonunu çıxarıb doğmalarına zəng vurdu. O atası ilə danışırdı. Səsi titrəyirdi, gözləri dolmuşdu. Lakin çalışırdı ki, evdəkilərə bunu sezdirməsin. “...Ata, sən nə danışırsan, biz onları qarışqa kimi biçib, it kimi qovuruq... İnşallah qələbə ilə qayıdacağıq. Müharibə tez qurtaracaq. Gəlib hər şeyi danışacağam... Öpürəm. Məndən nigaran qalmayın. İmkan olan kimi zəng vuracam”.

Komandir ətrafında olan şəxsi heyətin və əsgərlərin belə məğrur və rəşadətlə döyüşə qatılmalarından qürur duyurdu. Teymur Əzizov isə həmin günü gözunə çox fikirli görünmüşdü. Siqareti siqaretin oduna calayırdı. Bu gün səhər saat 7 radələrində onun telefonuna zəng gəlmişdi. Teymur üzürxahlıq edib, kənara çəkilmişdi. Telefonla danışığını bitirib qayıdanda, artıq sıra düzülüşü bitmişdi. Tabor komandiri Teymurdan 10 yaş kiçik olsa da, Teymur ona “siz” deyə müraciət edirdi. Tabor komandiri Əliyev onun yanaqlarının qızardığını, üzünə utancaq bir ifadə qonduğunu sezmişdi və nə baş verdiyini soruşmuşdu.Teymur utana-utana: “Bu gün evliliyimizin 7 illiyi idi. Unutmuşam, təbrik etməmişəm. Qadınlar unutmur amma”, deyib gülümsünmüşdü. “Eybi yox, döyüşdən sağ-salamat qayıdaq, sizi barışdıraram”, demişdi baş leytenant Əliyev.

“Rəis necə olacaq o iş?” – deyə soruşdu leytenant Əzizov. “Bir hədiyyə dükanı taparıq, onlayn sifariş edərik, aparıb çatdırarlar Zeynəb bacıya. İnanmıram ki, döyüşün ortasında səndən başqa belə bir sürpriz edən adam olsun. Mütləq könlünü alacaqsan” - dedi Əliyev.

“Əla ideyadır, qayıdan kimi edək mütləq”, - deyə cavab verdi Teymur Əzizov.

Hərbi maşın karvanı Hadrutdan Füzuliyə sarı irəliləyirdi. Lakin göydən güllələr də yağış kimi yağırdı, yağış da səhər tezdən ara vermirdi. Elə bil ki, bütün payızın yağışı bu günə saxlanmışdı. Döyüş çox şiddətli gedirdi. Düşmən bu əraziləri yaxşı tanıyırdı. Teymurgilin tağımı düşmənin 100-150 metirliyində açıq sahədəki səngərlərdə dayanmışdı. Düşmən isə qarşı tərəfdəki təpələrin üstündəki sıx meşəlikdən atəş açırdı. Ağır artilleriya silahlarından atılan güllə və mərmilər dayanmaq bilmirdi. Leytenant Əzizov “ardımca, irəli!” deyib, əsgərlərinə əmr verdi. Çiyinlərində gəzdirdikləri PK silahından atəş-aça-aça gedirdilər. Arxadan da onları ağır artilleriya müşaiyət edirdi.

Hadrut yolundan onların istiqamətinə çıxmaq çox çətin idi. Çünki yuxarı mövqelərdə dayanan düşmən buradan keçən hərbi maşınları və əsgərləri asanlıqla nişan alırdı. Onlar üzü yuxarı, düşmən isə üzüaşağı atırdı güllələri. Leytenant Əzizov fikirləşdi ki, görəsən onların koordinatlarını niyə belə veriblər. Gəlib düz düşmənin ağzının içərisinə düşüblər. Ürəyində şübhələri var idi. Onlar yola çıxanda belə danışılmamışdı. Nə isə... döyüş bitsin hər şey aydın olacaqdı. Əsas budur, Cəbrayılı alıblar, Suqovuşanı götürüblər. Hadrut yüksəkliyi onlardadır. Buradakı yüksəkliyi də alandan sonra bütün Füzuli əllərində olacaq. Axşam evə zəng vuranda Zeynəbə deyəcək ki, daha sənin doğulduğun Laçına az qalıb. Eh, bircə bu yağış yağmasaydı...



Toy gününün vay günü olmaqlığı

Şəhidlər və yaralılar var idi. Cəbrayılda da xeyli şəhid vermişdilər. Səhər tezdən başlayan döyüş səngimirdi. Axşam saat 17 radələrində səngərin içərisi ilə öndə gedən leytenant Əzizov birdən yerə çökdü... Tağımın müavini İlham Bağırova bu haqda məlumat verildi. İlham tez səngərin o biri başından qaçıb, Əzizovun yanına gəldi. “Yoldaş Əzizov, bu nədir, nə baş verdi? Dur, tərpən yerindən”- dedi.

“Yox, deyəsən gedə bilmirəm. Güllə məni tutdu. Sinəmin altından keçib, qabırğama ilişib deyəsən...” – deyə cavab gəldi Teymurdan. Digər əsgərlər tez köməyə gəldilər. Teymur Əzizovu aparıb səngərin yağış və güllə tutmayan yerinə uzandırdılar. Gizir Bağırov iki nəfər əsgəri də onun yanında keşikçi qoydu. Hərbiçilərin özlərinə aid olan tibbi ləvazimatlarla Teymura ilk yardım edildi. Gizir İlham Bağırov yuxarı komandanlığa rabitə ilə komandirin yaralandığı barədə xəbər verdi.

Teymur bir azdan ağrını elə də hiss etmirdi. Yəni ki, hələ dözə bilirdi. Bir az keçmiş özü tabor komandiri kapitan Vüsal Novruzova zəng vurdu. Hal-əhval tutdu. Kapitan Novruzov elə bildi ki, Teymur onun yaralandığını eşidib, narahat olub. Dedi ki, “Narahat olma, qolumdan yaralanmışam. Əməliyyatdan təzə çıxmışam. Bir az özümə gələn kimi döyüşə qayıdacağam. Siz özünüzdən muğayat olun”. Telefonun o biri başından Əzizovun səsi zəifləmiş halda gəldi: “Cənab komandir, tez sağalın. Gözləyirik. Mən də yaralanmışam. Lakin hələ kömək gəlib çıxmayıb. Deyirlər ki, təxliyə gələcək. Gözləyirik. Özüm də döyüş meydanındayam”. Komandir eşitdiyi xəbərdən çox həyəcanlandı. Teymura “Narahat olma, indi mən yuxarı komandanlıqla özüm danışacağam” deyib, qərargaha, öz komandirlərinə xəbəri çatdırdı. Ona dedilər ki, kömək gedib, lakin Hadruta gedən yoldakı döngədən keçmək olmur, güllə göydən yağış kimi yağır.

Teymur başını əsgərinin dizinin üstünə qoymuşdu. İçində dəhşətli ağrı olsa da, çalışırdı ki, əsgərlərin yanında büruzə verməsin. Tez-tez müavini İlham Bağırova zəng vurub təxliyə qrupunu soruşurdu. İlham da imkan tapan kimi dayandığı mövqedən qaçıb gəlib komandirinə baş çəkirdi. Bilirdi ki, belə güllə yağışının altından təxliyə qrupu da keçib gələ bilmir. Çünki əlverişli mövqedə dayanan düşmən onlara gələn yolu yaxşı seçirdi. Neçə hərbi maşına ağır artilleriyadan atəş açmışdılar. Füzulidə qan su yerinə axırdı. Yağış qana, qan yağışa qarışırdı... Elə bil ki, igidlərimizin qanını torpağa qatmağa, gizlətməyə çalışırdı Tanrı. Bəlkə də baş verənlərə görə özü xəcalət çəkirdi Yaradan. Axı 30 ilə yaxın idi hər gün şəhid verirdi bu xalq. Türkə həsrət bu torpaqlar da yəqin ki, öz dilində Tanrıya çox yalvarmışdılar ki, səbrimiz tükəndi, sahiblərimizə yol ver, gəlsinlər ata-baba yurdlarına… Yəqin ki, torpağın, çiçəyin, heyvanların, ağacların yalvarışları Tanrını təsirləndrimişdi. Döyüşə başlamaq üçün indi yatmış ruhumuzu oyatmışdı. Ruhumuz isə həqiqətən oyaq idi. Döyüşə girənlər bilirdilər ki, bu yoldan döndü yoxdur, lakin heç kəs qorxmurdu, çəkinmirdi, vətən uğrunda, ayaqları dəyməyən torpaq uğrunda canlarından elə asanlıqla keçirdilər ki…

Hər şəhid Teynur üçün bir Seymur Baxışova dönmüşdü. Bütün şəhidlərin üzündə Seymuru görürdü. Teymur Əzizov da 27 sentyabrdan bu ağrılı və rəşadətli döyüş səhnələrini həm seyr edirdi, həm də bu döyüşlərdə daim irəlidə olurdu. İnanırdı ki, güllə ona dəyməyəcək. Bilirdi ki, babası Sergey Xarçenko da onun kimi daim öndə gedib. Amma indi niyə belə oldu? Gərək ki, qoruyucu jiletini çıxarmayaydı. Ən azı bu kor güllədən qoruyacaqdı onu. Qoruyucu jilet də o qədər ağır idi ki, sürətli hərəkətə mane olurdu axı…

Bu fikirlərin məngənəsində sıxılarkən Zeynəbə zəng vurdu. Dedi ki, “Zeynəb, məni bağışla, bu gün sənin yanında ola bilmədim. Məni bağışla, mən bu gün toy günümüzdə yaralanmışam”. Teymur niyə bunu həyat yoldaşına söylədiyinin fərqinə varmadı. Əslində, bilsəydi ki, Zeynəb hamilədir, belə xəbəri ona verməzdi. Lakin dedi. Anasına deyə bilmədiyini, yoldaşına, oğlu Adəmin anasına dedi.

Zeynəbin eşitdiyi xəbərdən ürəyi yerindən oynadı. Həyəcanlandı. Telefonun o başında “Teymur, sənə qurban olum, qorxma, hansı tərəfdəsiniz, indi gəlirik ora...” - deyib, telefonu bağladı. Tez 1-ci qan qrupu olan qohumlarını axtardı. Qaynı Emilə və qaynanası Lyubaya dedi ki, gəlin anamla uşağın yanında oturun, mən əmim uşaqları ilə gedib Teymuru gətirəcəyəm. Yol boyu tez-tez Teymura zəng edir, xəbər sorurdu. Maşını Teymrun yaxın dostu Samir sürürdü. Təqribən 2 saat yarımdan sonra Füzuliyə - Əhmədbəyli postuna çatdılar. Ölkədə pandemiya rejimi olduğundan axşam saat 9-dan sonra rayonlara giriş-çıxış qadağan edilmişdi. Lakin Əhmədbəyli postunda Zeynəbgilin yaralı dalınca getdiyini biləndə, vəziyyətə uyğun olaraq məlumatları qeydə alıb, onlara icazə verdilər. Postda dayanan hərbçilər xahiş etdilər ki, yolda maşının işığını çox yandırmasınlar. Çünki ermənilər işıq gələn yerlərə atırlar.

Amma Zeynəbgil Əhmədbəylidəki hospitaldan o yana gedə bilmədilər. Teymurun keşiyini çəkən əsgərlər Zeynəbə demişdilər ki, necə olursa-olsun, Teymuru döyüş xəttindən çıxaracaqlar. Düz 8 saat idi ki, həm Zeynəb, həm də Teymur kömək gözləyirdilər. Artıq gecə idi. Oktyabrın 6-na keçən gecə idi. Saat 2 radələrində Zeynəb yenə Teymura zəng vurdu. Bu dəfə əsgərlərdən biri götürdü. Zeynəb həyəcanla Teymuru soruşdu. Əsgər dedi ki, ağrıkəsici vurmuşuq, yorğundur yatır. Bir az keçəndən sonra isə dedilər ki, artıq Teymuru döyüş xəttindən çıxarıblar, geriyə göndəriblər. Zeynəb və qohumları bu leysan yağışın altında səhərə qədər gözlədilər. Ölkənin hərbi hospitallarına, xəstəxanalarına zəng vurdular. Teymur Əzizovu gördüm deyən olmadı...

Səhəri maşında diri gözlə açdılar. Teymuru Əhmədbəyli xəstəxanasında tapmayanda, kor-peşiman evə qayıtdılar. Zeynəb fikirləşdi ki, heç belə ola bilməz. Teymur heç vaxt kimsəyə öz telefonunu verməzdi ki, mənim zəngimi açsın. Görünür, daha əli başında deyil... Ürəyinə qara fikirlər dolsa da, sonuna bir ümid saxlayırdı. Axı ümid sonda ölür. Fikirləşirdi ki, Teymur heç vaxt toy günündə ona belə hədiyyə edə bilməz. Yoxluq deyil, yoxluq ola bilməzdi.

Lakin Teymur Əzizovun qisməti və alın yazısı Tanrıdan belə yazılmışdı. Bir kor güllə öldürücü olmasa da, qanaxma, vaxtında gəlib çatmayan kömək üzündən Teymurun bədənində kibrit çöpünün başı boyda yara açmışdı, ürəyinin altından dəyən bir gülləyə qurban getmişdi Teymur. Gecə saat 2-də Zeynəb Əhmədbəyli kəndində onu gözləyərkən, Teymur bu dünyaya gözünü əbədi yummuşdu. Oktyabrın 7-si Teymurun tabutunu 10-cu mikrorayondakı yaşadığı məhəlləyə gətirdilər. Bütün Sumqayıt burada idi. Teymurun sevdiyi bayraqlar tabutunun başı üstündə dalğalanırdı. Anası Lyuba ağlaya-ağlaya özünü oğlunu gətirən maşının içərisinə atdı. Dedi ki, açın, mən balamın üzünü görmək istəyirəm.



Oğlu hər gün şəkli ilə salamlaşır

Lyubov Vyaçeslavovna danışır:

-Timuru təcili yardım maşınında gətirdilər. Açdılar üzünü, baxdım. Elə bil ki, yatmışdı. Rəngi-rufu da üstündə idi. Bircə saçları dağınıq idi. Dedilər, çiynindən yaralanıb. Dedim, açın baxım. Açdılar, yarasını tapa bilmədim. Sonra dedilər, sinəsindən yaralanıb. Sinəsində də yarasını axtardım, tapmadım. Sonra Zeynəb dedi ki, ürəyinin altından keçib güllə. O, qan itirməkdən keçinib. Hamının köməyinə çatan balama, vaxtında kömək gələ bilməyib... Baxdım, yara yox idi... Hər halda, mən görə bilmədim.

Onu tabutunda görənə qədər ümidim var idi, elə bilirdim ki, qayıdıb gələcək... Fikirləşirdim, yəqin nəsə bir yanlışlıq var. O qədər belə xəbərlər olur ki... Bir də ki, mənim müharibəyə gedən babam da, dayım da, əmilərim də sağ-salamat qayıtmışdılar. Timur boy-buxunda babama bənzəyirdi. 2 metr boyu var idi. Mən inanırdım ki, o da döyüşdən qələbə ilə qayıdacaq...

Deyirdilər ki, illər keçdikcə adam öyrəşir övladının yoxluğuna. Mən öyrəşə bilmirəm. Çox çətindir. Adəmi məktəb hazırlığına aparıram. Blokdan çıxanda binanın divarında atasının böyük portretini görür. Hər dəfə də deyir: “Ata, salam, mən dərsə gedirəm.” Məktəbdən qayıdanda isə yenə də üzünü ona tutub deyir: “Ata, mən dərsdən gəldim, bəs sən nə vaxt gələcəksən?”...

Mən hər gün bu sözləri eşidirəm... Ağırdır, çox ağırdır...



Əldən getdi qızılgül. İstər ağla, istər gül...

... Şəhid olduğu günə qədər doğmalarının və sevdiklərinin xatirələri əsasında həyatının maraqlı anlarından danışdığım Teymur Əzizovun yaşadığı evini ziyarət etmək borcum var idi. Mənzilinin qapısını döydüyümdə, qapını qaynanası Leyla Səmədova açdı. Məramımı biləndən sonra ilk sözü bu oldu:

-Teymurdan danışsam, onu dinləməyə bir insan ömrü bəs eləməz. O qədər mədəni, səliqəli, təmiz əxlaqlı bir uşaq idi ki... Hündür boyu, iti yerişi, sakit danışığı, şirin gülüşü var idi oğlumun... Eh, ay xanım, deyirlər ki: “Əldən getdi qızılgül. İstər ağla, istər gül...”. Teymur təkcə əldən getmədi, həm də eldən getdi. Məni bu Allah dərdə yoldaş yaradıb. Deyirəm ki, ay Teymur, Köynəyini ağ saxlaram, Yuyaram, ağ saxlaram, Bir də qapımdan girsən, Yüz il qonaq saxlaram.

Leyla Səmədova uzaqlardan başladı, danışdı:

-Ən böyük dərdli günlərimiz Laçın işğal olanda başladı. Evləndiyimizdən sonra şəhərin mərkəzinə gəlib orada ev tikib, yurd saldıq. Bir gün Vəli gəlib dedi ki, ay Leyla, uşaqları götür, çıx evdən, mən də ardınızca gələcəm. Laçını sonuncu tərk edənlərdən olduq. Bizi aparıb Daşburuna tökdü. Mal-qara, toyuq –cücə, həyətin iki iti qaldı yiyəsiz. Bir yumurta da götürə bilmədik. Daşburunda bir gecə qalandan sonra birdən kişinin yadına düşdü ki, itin birini açıb buraxmamışıq, zəncirdə qalıb. Durub təzədən maşın tutub kəndə qayıtdı. Həmin gün də elə yağış yağırdı ki... Yol batdaq olduğundan maşın qapıya çıxmamışdı. Kişi həyətə yetişib, iti zəncirdən açanda, it ayaqlarını qaldırıb çiyninə qoyubmuş... Sonra maşına minəndə yenidən qabaq ayaqlarını qaldırıb maşının kabinəsinin üstünə qoyubmuş ki, məni də aparın, getməyin. Kişi deyir ki, it insan kimi yalvarırdı. İtin adı Saymaz idi. Kişi həyətədəki un torbalarının birini açıb unu su vannasına tökür, yal düzəldir, toyuq cücənin də qarşısına səpir, itlərin başı yeməyə qarışanda aradan çıxırlar...

O gündən sonra kişi 6 ay üzünü qırxmadı... Hər o hadisəni danışanda zülüm-zülüm ağlayırdı... Biz kənddən ayrılanda Zeynəbin 7 yaşı var idi... Gəlib tökülüşdük Sumqayıtın düzlərinə... Sonra Nasosnı qəsəbəsində bir damın üstünü qaraladıq. Orada yaşadıq. Sonra da 2010-cu ildə oğlum Bəhruz avtoqəzada həlak oldu. Ondan 6 ay sonra da evimin sahibi - ərim Vəli köçdü dünyadan. Dərdlərə tab gətirə bilmədi... Oğlumun da bir oğlu qaldı... Adını Əli qoymuşduq. Əli 4 ay yarımlıq idi atası öləndə. Ancaq Adəm 5 yaşındadır. Qapıda dayanıb atasını gözləyir. Bilmirik necə ovunduraq. Keçən dəfə soruşur ki, ana, mənim atam hardadır? Anası deyir ki, mələk olub, göydə uçur. Bu söhbətdən bir neçə gün sonra yuxudan oyanıb anasından yenə soruşur ki, ana, niyə mənim qanadlarım yoxdur? Mən niyə uçmuram? Ana, mən atamı gördüm, atam gəldi. Ata bizi qaraja apardı. Biz maşına minib gəzməyə getdik. Bəs bir də nə vaxt gələcək? Mən onun gəlməsini istəyirəm... İndi gəl, bu sözlərdən sonra döz görüm, necə dözürsən...

Leyla bacı sinədəftər qadındır. Laçın dağlarının havası-suyu var canında. Oğlunu itirəndən sonra şeir yazmağa başlayıb. Ancaq el bayatıları da dilindən düşmür. Dərdi-halını belə ərz edir:

Bu dərdin əllisindən,

Yüzündən əllisindən.

Bu dərdə çarə yoxdur
Soruşdum əllisindən.



Dağları gəzdim gəldim

Gülümü üzdüm gəldim.

Ay şəhid balalarım, sizi elə gördüm ki,

Əlimi üzdüm gəldim.



Qadın deyir:

-Mən Zeynəbin xoşbəxtliyindən həzz alıb, o biri dərdlərimi unutmağa çalışırdım. İndi Teymur dərdimin üstünə çarpaz dağlar çəkdi. Teymura güvənirdim ki, torpaqlarımız alınanda gedəcəm yurduma-yuvama. Turşsuya düşəcəm, gəzəcəm oylaqlarımızı, xatirələrimiz qalan yerləri. İndi kim aparacaq bizi? O yurdu-yuvanı qurmaq üçün kişi gücü lazımdır. Adəm də hələ çox uşaqdır. Ürəyimin yanğısına Qələbə xəbərləri su səpsə də, dərdim ovunmur, bala. Şəhid bir olmadı, iki olmadı... Gör neçə evlərin tifaqı dağıldı...

Maral durduğu yerdə

Boynun burduğu yerdə.

Kafir erməni, kökün kəsilsin,

Qəşəng oğulları vurduğun yerdə...





Kövrək, göyçək arzularla gəl ömrümə, günümə...

Asta-asta, ehmalca danışdırıram Zeynəbi. Deyirəm ki, birdən canından asi olar, itkisi böyük itkidir. Deyir ki, məndən soruşsaydılar oğlunu, ya Teymuru seçirsən, mən oğlumu qurban verib, Teymuru götürərdim. Teymur mənim həyatımı dəyişmişdi. Bizə baxanlar həsəd aparırdılar. Toylarda “Xoşbəxt cütlük” deyirdilər adımıza...

Toxtayandan sonra davam edir:

- 2012-ci il aprel ayının 16-sı həm mənim doğum günüm idi, həm də iş yoldaşımın toyu idi. Toydaydım. Bir tanışımız gəldi, məni rəqsə dəvət etdi. Heç rəqs etmək fikrim yox idi. Dedim, hələ oynamıram. Sonra təsadüfən əlim bir oğlanın kürəyinə dəydi. Oğlan elə bildi ki, mən onunla rəqs etmək istəyirəm. Çox qəribə mənzərə yaranmışdı. Pərt olmaması üçün onunla rəqs etdim. İlk tanışlığımız belə başladı. Bu hündürboylu, sarışın oğlan Teymur idi. Toydan bir müddət sonra mənim işlədiyim dükana gəldi. Anası üçün ətir aldı. Sonralar tez-tez gəlib hədiyyələr alırdı. Beləcə tanışlığımız dostluğa çevrildi. Anasının gözəl əl qabiliyyəti var idi. Xristian bayramlarında onun bişirdiyi şirniyyatlardan mənə pay gətirirdi. 2013-cü il oktyabrın 5-də toyumuz oldu. Sonra bir qız övladımız gəldi dünyaya, bir neçə gündən sonra tələf oldu. Mən çox ağır keçirirdim bu itkini. Teymur mənə dedi ki, əzizim, məgər sən mənə hər şeydən əziz deyilsənmi? Biz bir-birimizi uşağa görə sevirik ki? Mənim üçün sən varsan, sənin üçün mən varam. Hələ ömür irəlidədir. Uşaq da olacaq. Təki bizim sevgimiz, canımız sağ olsun. Təki sevgimizi itirməyək.

Beləcə sevgisi ilə məni stressdən qurtardı. Teymur, çox savadlıydı, fərqliydi, Azərbaycan dilindən savayı 5 dil bilirdi: rus, ingilis, ukrain, italyan və erməni dillərini. Çox dil bildiyi üçün maaşı da, vəzifəsi də qənaətbəxş idi. Ümumiyyətlə, bizim maddi problemimiz yox idi. Mən parfümeriya dükanının sahibəsiyəm, o da ki, normal işdə işləyirdi. İpoteka ilə ev götürdük. Dedim, geniş ev götürək ki, gələcəkdə darlığımız olmasın. Biz çox uşaq arzulayırdıq. 2016-cı ilin aprel döyüşlərində yaxın dostu Seymur şəhid olandan sonra, elə həmin aprelin 7-də Adəm gəldi dünyaya. Teymur da işindən ayrıldı. Dedi, Seymurun ölümünü düşmənə bağışlamayacağam. Qobustanda hərbi hissələrin birində kimya sənayesi laboratoriyasına rəsi təyin edildi. Əvvəl gizir rütbəsi verdilər. 2017-ci ilin aprelində isə Silahlı Qüvvlərin Tədris Təlim Mərkəzində kursu bitirdi, leytenant rütbəsi aldı. Dərhal da onu 877-ci hərbi hissəyə komandir və kimya laboratoriyası rəisi işində xidmətə göndərdilər. Uğur –uğur dalınca gəlirdi. Tabeliyində 60 nəfərlik şəxsi heyət var idi. Bir də görürdün mənə deyir ki, “Zeynəb, mənə dezodarant, ülgüc, sabun və gigiyenik əşyalarından artığı qalanda ver”. Yığıb verirdim. Aparırdı əsgərlərə. Deyirdi ki, elə əsgərlərim var, yanlarına gəlib-gedəni, pay gətirəni yoxdur. Onlar üçün aparıram. Bir də onlara deyirdi ki, kim soruşsa, deyin ki, özünüz almısınız. Bir əsgəri var idi. Adı Adəm. Ona deyirdi ki, özünü yaxşı apar. Mənim oğlum da Adəmdir. Əsgər də hərbi hissədə qürurla gəzib deyirmiş ki, mən komandirin oğluyam. General Polad Həşimov və onun yanındakı şəxsi heyət şəhid olduqdan sonra isə müharibənin qaçılmaz olduğunu bildirmişdi, “Biz belə biabırçılığa göz yuma bilmərik. Generalın qisası alınacaq” demişdi.

Göz yaşlarını boğub davam edir:

-Elə bil ki, məni hər gün döyüşə hazırlayırdı. Sentyabrın 27-nə qədər evimizdə tez-tez bu barədə müzakirələr olurdu. 27-si səhər gəldi, oturdu çarpayının yanında. Başımı sığalladı, üz-gözümdən öpdü. Dedi, gedirəm. Cavab verdim ki, hər gün gedirsən də... Dedi ki, yox bu gün həqiqətən gedəcəyik. Onu yola salmaq üçün dəhlizə çıxdım. Balaca kətili gətirib üstündə oturdu, çəkmələrini geyindi. Dedim, gözlə. Anamın otağına gedib “Quran” kitabını gətirdim, “Quran”ın altından keçirdim. Bibim oğlu Məkkədən bir həmayil gətirmişdi. Onu qoydum döş cibinə. Yola saldım. Getdi. Səhər saat 11 olardı. Yazdı ki, artıq yola çıxmışıq, danışa bilmirəm, yanımda yoldaşlar var, çatanda yazacam. Bir gün də yazdı ki, Asifgildəyəm. Asif bacımın həyat yoldaşıdır, Füzuli rayonundandır. Döyüş günlərində telefonlarla açıq danışmaq qadağan olunmuşdu. Asifgildəyəm deyərkən Füzulidəyəm deyirdi. Gülə-gülə deyirdi ki, qabağımızdan dovşan kimi, siçan kimi qaçırlar. Deyirdi, buralardan qovaq, Laçını alan kimi birinci sənə xəbər edəcəyəm. Amma 7 ildə bircə dəfə sözünə əməl etmədi Teymur. Laçını almağa ömrü yetmədi.

Yenə göz yaşlarına təslim olur, toxtayıb davam etməsini xeyli gözləyirəm.

-Demək olar ki, hər gün telefonla bir neçə dəfə danışırdıq. Məni həyəcanlandırmamaq üçün deyirdi ki, biz ön cəbhədə deyilik. Silah-sursat aparıb-gətiririk. Bir dəfə də zəng vuranda dedi ki, 40 dənə donuz ovlamışıq. Onun 4-ü yararlıdır, qalanı yararsız. Bildim ki, 4 nəfər yüksək rütbəli düşməni ələ keçiriblər.



Yuxularda o, elə gözəl məkanda görünür ki...

Zeynəb davam edir:

-Daha nə danışım, nə deyim ki... Teymurun adına qurulan yas çadırına girmədim. Heç kimdən başsağlığı qəbul edə bilmədim. Evimizə gələn bəzi şəhid ailələrinin qadınları deyirlər ki, sən tək deyilsən, bizim də ərimiz şəhiddir. Elə deyil, mən öz dərdimlə, öz əzablarımla təkəm. Mən öyrəşə bilmirəm. Heç bir tale bir-birini təkrarlamır. Müharibə hər kəsə bir qara tale yazır. Sən demə həyat heç vaxt bərli- bəzəkli olmur. Bərli-bəzəkli, rəngli olan hər şey illyuziyadır. Həyatın iki rəngi var: ağ və qara. Tanrı ağımı əlimdən alıb, qaranı mənə bağışladı. Atamdan, qardaşımdan sonra həyatımın bir bəzəyi vardı... O da belə... Onu da Allah sona qədər vermədi mənə... Keçirdiyim stresslər nəticəsində əkiz övladlarımızı da qoruya bilmədim. Onlar da dünyaya gəlməmiş tələf oldular... Teymurun 3 mərasimini verməyə hazırlaşırdıq. Gecə yorğun düşdüm. Səhərə yaxın yuxuladım bir az. Bir gözəl çəmənlik yerdə idim. Hər yan da gözəllik idi. O mənzərəni heç yerdə görməmişəm. Gül-çiçək, bağça-bağ, sular axır, suların altında daşlar bərq vurur. Hədsiz gözəl bir yerdir. Baxıram ki, Teymur da burada gəzir. Əynindəki paltarları da elə gözəldir ki... Teymur özü də ətrafa işıq saçır. Söhbət edirik. Deyir ki, Zeynəb, sən bilirsən ki, hamiləsən? Get həkimə. Deyirəm, yox, mən bilmirəm. Bəs sən hardan bildin? Deyir, Zeynəb, sözümü qəribliyə salma, get həkimə. Deyirəm, yaxşı, sabah gedəcəyəm. Sonra əlavə edir ki, bizdə məclis olacaq. Orada bir hörmətli xanım və kişi olacaq, bu xəbəri onlara mütləq söylə. Onlar bunu bilməlidirlər. Onlar bunu məclisdə elan edəcək... Deyirəm ki, axı bizdə heç bir məclis yoxdur. Deyir ki, yox, olacaq....

Yuxunun təsirindən birdən oyandım. Ətrafıma baxdım, Teymur yox idi. Yuxu o qədər aydın idi ki, elə bil ki, Teymur yanımdan bu dəqiqə çəkilmişdi. Tez mətbəxə, bacımın yanına qaçıb yuxumu ona danışdım. Gedib aptekdən test alıb gətirdi. Onu yoxlayanda məəttəl qaldıq. Hamilə olduğumu göstərirdi. Və Teymurun məclis haqqında danışdığını xatırladım. Böyük xalam dedi ki, deməli, xəbər edib ki, qadın və kişi molla bu xəbəri məclisdəkilərə çatdırsınlar... Sənin adını qorumaq üçün girib yuxuna...

Teymurun 3 mərasimi verilən günü qadın və kişi məclisinin mollaları gələn qonaqlara bu xəbəri verdilər. Hamiləliyimi 5 ayına qədər gətirdim... Qanım durulmurdu. Heç bir xəstəxanada şəhid qadını olduğumu demədim. Dedim, elə fikirləşərlər ki, şəhid adından istifadə edirəm. Çox böyük məbləğdə pul xərclədim ki, bətnimdə olan qız və oğlan uşaqlarını saxlaya bilim. Amma nə yazıq ki, keçirdiyim stress səbəbindən uşaqlar inkişafdan qaldı... Qanları laxtalanırdı... 5 aylığında hər iki uşağın ürəyi dayandı... Əməliyyat edib onları götürdülər... Teymur kimi bir sərkərdəmi itirəndən sonra bütün itkilərə öyrəşməyi bacarıram...

Bir dəfə də belə bir yuxu gördüm. Yenə gözəl bir məkandaydı. Teymuru gördüyüm yerləri sözlə ifadə edə bilmirəm. Bəlkə rəssam olsaydım çəkib göstərərdim. Teymurun yanında 8-9 yaşlarında bir gözəl qız uşağı var... Əynində ağ qırmızı xallı və çobanyastığı gülləri olan ağ bir paltar var. Elə gözəldir ki, özü da Lyuba xalaya bənzəyir... Teymur bu qızı qucaqlayıb bağrına basır... Gülür, elə gülür ki... Güləndə də zənaxdanları batır... Soruşuram ki, o qız kimdir yanında.... Təəccüblə deyir ki, qızımızdır da... tanımadın? Adəm səninlədir, qızımız da mənimlə. Elə oradaca xatırlayıram ki, mənim birinci uşağım doğulandan sonra tələf olmuşdu axı... Yuxumdaca elə sevinirəm ki... Deyirəm ki, nə yaxşı... Mən də elə bilirəm ki, qızımız ölüb... Deyir ki, yox, ölməyib, mənimlədir.

Sonra görürəm ki, Teymurun yanında hündür boylu gözəl bir xanım var. Ancaq Teymura da bənzəyir. Teymurla qucaqlaşırlar, gülüb danışırlar... Qızla yemək yeyirlər... Elə xoşbəxtdirlər ki... Deyirəm ki, Teymur, deməli sən evlənmisən, buna görə evə gəlmirsən? O xanım kimdir yanında? Mən sənin üçün darıxmışam. Sən isə başqa qadınlasan, yaman sevinirsən onunla... Yuxuda onu elə qısqanıram ki... Amma ki, aramızda yarım metirlik məsafə var, neyləyirəmsə onların heç birinə toxuna bilmirəm. Teymur yenə gülüb deyir ki, bu xanım mənim bacımdır da... Unutumusan? Axı mən sənə danışmışdım ki, biz əkiz doğulmuşuq, bacım ölmüşdü, mən qalmışdım... İndi biz hamımız bir yerdəyik, bir ailəyik... Elə sevinirəm, elə gülürəm ki... Teymura yalvarıram ki, nə olar mən də gəlim də yanınıza... Deyir ki, yox, sən hələ gəlmə. Tezdir. Zamanı çatanda gələrsən.

... Yuxudan ayıldığıma elə peşiman oldum ki... Teymur sağlığında olduğu kimi danışırdı mənimlə...

Bir neçə gündən sonra bu yuxunu bir ilahiyyatçı xanıma danışdım. O dedi ki, Allah təala ananın birinci qız övladını əlindən alırsa, onu cənnətə aparır. O dünyada onlar Bərzaq aləmindədirlər. O kəslər Allahın ruzisi ilə dolanırlar. Hamı kimi boy atıb böyüyürlər, hamı kimi qocalırlar.

Bu yuxunu görənə qədər Teymuru itirdiyimə tam əmin idim. İndi bir az güclənmişəm. Ayaqda durmağa başlayıram. O yuxu Teymurun yanımda olduğunu, var olduğunu mənə anlatdı... Həyatımda dönüş yaratdı.

Zeynəb danışdıqca mənim fikirmdə Flora Kərimovanın oxuduğu həzin nəğmə səslənirdi...

Gəl, gəl gülüm, gəl görüşək,
Hicranina dözməz ürək,
Həsrət mənə bir dağ olar, bir dağ olar,
Gəl, gəl gülüm, gəl görüşək,
Ağlamasın salxım söyüd,
Göz yaşları bulaq olar, bulaq olar...

Kövrək- göyçək arzularla

gəl ömrümə, günümə,
Sənsiz ürək haray çəkir,

yet səsimə, ünümə,
Bu eşq məni öldürsə də,

yalvarmağa üzüm yox,
İnsafsızlıq yetər gülüm,

daha məndə dözüm yox…



Teymurun bəzək otağı...

Teymur Əzizov şəhid olanda atası Əli kişi Rusiyada, oğlu Ruslanın yanında idi. Koronovirus xəstəliyinin tüğyan etdiyi bir vaxtda kişi orada bu COVİD 19 virusuna yoluxmuşdu. Xəstəlikdən ayılanda, ona oğlunun şəhid olması xəbərini verdilər. Ata Azərbaycana oğlunun şəhadətindən bir neçə ay sonra gəldi. Evində , işində sağ salamat qoyub getdiyi oğlunu gedib Sumqayıtdakı Şəhidlər Xiyabanında tapdı. Şəhidlər Xiyabanı qan rəngində idi. Sonuncu dəfə oğlunun dostu, yaxın qonşuları Seymur Baxışov dəfn ediləndə gəlmişdi bura. İndi oğlu da çox sevdiyi dostunun yanına köçmüşdü. Daşa dönmüşdü uca boylu oğlu Teymur.

Şəhadətindən sonra Teymur Əzizov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına gör”. “Vətən uğrunda” medalları ilə təltif olundu. İndi Temur Əzizovun 5 otaqlı mənzilinin birində onun əşyaları toplanıb. Bu otağın ölçücü 44 kvadratmetrdir. 44 günlük döyüşün qəhrəmanlarından birinin xatirələrini, hərbi geyim formalarını, əşyalarını qorumaq və Adəmə yadigar saxlamaq üçün ediblər bunu. Teymur Əli oğlu Əzizovun şəhadətindən sonra aldığı medallar və sağlığında “Ordu Sıralarında Qüsursuz Xidmətə görə”, “Azərbaycan Ordusunun 95 illiyi”, “100 illiyi” münasibəti ilə aldığı medallar da bu otağın bəzəyi və qiymətli əntiq əşyalarına çevrilib.


Şərhlər
  • SEHID ailesi

    Aide xanim siz esil yazarsiz. Qeleminize ve zehininize sagliq var olun. Hormetle sehid Ailesi

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər