Sentyabrın 9-da Bakıda xaricdə yaşayan azərbaycanlı alimlərin forumunda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev alimlərə irad bildirib. Nazir alimlərin sosial şəbəkələrdən uzaq olduğunu deyib.
Nazir cəmiyyətdə aparılan müzakirələrdə elmi məsələlərə çox az toxunulduğunu bildirib:
"Hay-küydən elmə gedən yolda nümunələr istəyirik. Doğru elmlə məşğul olan alimlərin adını ancaq jurnallarda görürük. Hərdən həmin alimlərə sual verirəm ki, niyə sosial şəbəkələrdə aktiv deyilsiniz?”
Bakupost.az xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli Qaynarinfo-ya açıqlamasında elm və təhsil nazirinin bu məsələdə haqlı olduğunu bildirib:
"Azərbaycan elm və təhsilinin müzakirəsi sosial şəbəkələr tərəfindən o adamlar tərəfindən gedir ki, həmin adamların elmə, təhsilə heç bir aidiyyatı yoxdur. Qəribədir, nədənsə alimlərimiz sosial şəbəkələrin heç birində fəal deyillər. Bu gün Azərbaycan cəmiyyəti üçün bəla olan "TikTok", "Facebook" və digər şəbəkələrdə alimlər gözə dəymir. Azərbaycanda daha çox populyar olan bu iki şəbəkədir və burada da alimlərin mövqeyi zəifdir. Maariflənmə istiqamətində müəyyən iş apara bilərlər, gəncləri elmə-təhsilə təşviq edə bilərlər".
Məzahir Məmmədli Azərbaycanda çoxsaylı yaşlı müəllimlərin olduğunu xatırladıb:
"Artıq bu müəllimlər siniflərlə vidalaşmalıdırlar. Amma universitetlərin əksəriyyəti hələ ki, onlara möhtacdır və onların əksəriyyətindən istifadə edirlər. Həmin adamlar da tutduqları vəzifəyə bir vasitə kimi baxırlar. Nə qədər əmək haqqım olacaq, nə qədər burada fəaliyyət göstərəcəm deyə günlərini sayırlar. Amma yeni nəsil gəlsə, bunlar üçün həvəsləndirici bir məsələ olsa, bu lap əla olar. Yaxud da indiki alimlər yerini gələcək nəslə vermək istəsələr, sosial şəbəkə üzərindən elə çıxışlar edərlər ki, gənc nəsilin elmə, təhsilə bir qədər də marağı artar".
Ekspert bu məsələdə elm və təhsil nazirinin haqlı olduğunu hesab edir.