Azərbaycan məktəblilərinin beynəlxalq və yerli olimpiadalarda qazandığı uğurlar ölkənin təhsil sisteminin ən önəmli nailiyyətlərindən sayılır. Bu uğurları qazanan gənclər arasında yer alan Respublika Riyaziyyat Olimpiadasının qızıl medalçısı Orxan Əliyev çətinliklə qarşılaşıb.
Bakupost.az xəbər verir ki, Orxan Əliyev təhsilini Türkiyədə davam etdirdikdən sonra ailəvi səbəblərlə Azərbaycana qayıdaraq, yerli universitetlərdən birinə transfer olunmaq üçün müraciət edib.
Onun sözlərinə görə, lazımi sənədləri təqdim edib, qiymət və imtahan nəticələri müvafiq tələbləri qarşılayır. Hətta Təhsilin Keyfiyyət Təminatı Agentliyi tərəfindən “uyğunluq sənədi” də təqdim olunub. Lakin o bildirir ki, transfer üçün müraciət etdiyi universitetlərdən mənfi cavab alıb və bunun əsassız olduğu qənaətindədir.
“Mən, Orxan Əliyev – Respublika Riyaziyyat Olimpiadasının qızıl medalçısıyam. Məşhur olimpiadaçılar Abutalıb Barış Namazov, İbrahim Tağızadə, Abbas Məmmədov, Murad Eynizadə, Murad Ağazadə, Rəşad Məmmədov və bir çox başqaları ilə eyni sinifdə oxumuşam, dostlarımdır. Çoxu vəziyyətimi bilir.
Türkiyədə təhsilimi davam etdirə bilmədim. Talesizlik oldu – atam qəza keçirdi. Sarsıldım, nigaran qaldım və pulsuz qaldım. Ailəmin də mənim köməyimə ehtiyacı oldu. Məcburən məzuniyyət götürüb ölkəyə gəldim. Hazırda Azərbaycan ali məktəblərinə transfer olunmaq istəyirəm. Təhsilin Keyfiyyət Təminatı Agentliyinə bütün sənədlərimi təqdim etmişəm və transfer üçün uyğunluq sənədi almışam.
TRYÖS imtahanından 500 üzərindən 498 bal toplamışam. Mən niyə uyğun sayılmamalıyam? Medalçı olaraq bizim universitetlərə imtahansız qəbul hüququm var idi. İndi isə mənə rədd cavabı verirlər.
Transfer pəncərəsi açılan kimi müraciət etmişəm. Dərhal rədd cavabı aldım. Bildirdilər ki, Azərbaycan Texniki Universiteti məni qəbul etməyib. Niyə? Ora yaramırammı? Başqa universitetlər medalçılar axtarır, bəs məni niyə rədd edirlər?
Bir neçə gündür Ali Təhsil Agentliyi ilə Texniki Universitet arasında qalmışam. Əvvəl dedilər ki, universitet rədd edib. Universitetə getdim, dedilər: transkript yükləməmisən. Deyirəm, müraciət sistemində transkript yükləmək yeri və tələbi yoxdur. Transkriptimi Keyfiyyət Təminatı Agentliyinə də yükləmişdim və məqbul saymışdılar. Bütün sənədlərim apostil təsdiqi ilə mövcuddur.
İndi deyirlər ki, kredit sayım azdır. Axı agentlik məqbul sayıb. Mən ötən il ümumiyyətlə akademik məzuniyyətdə olmuşam, deyirlər ki, onun kreditləri hanı? Axı oxuduğum dövrün krediti var və tələbi ödəyir.
Günlərdir ortada qalmışam və sabah müraciət dövrü bitir.
Hörmətli nazir Emin Əmrullayevi şəxsən tanıyıram, onu təmiz və vicdanlı insan kimi tanıyıram. Ancaq bu prosesdə mənə qarşı bu cür münasibətin səbəbi nədir? Əgər yeni üsullar bu cür ədalətsizliklərə səbəb olursa, necə "yenilənmiş və ədalətli sistem" sayılır? Emin müəllim, vaxtilə uğuruna əl çaldığınız şagirdinizəm mən. Məgər talesizlikdən kim sığortalanıb? Niyə bütün tələbləri ödədiyim halda transfer olub, həm universitetə pul ödəyib, həm də ailəmə arxa duraraq təhsilimi davam etdirə bilmərəm? Niyə məni bu məngənəyə salırlar?
Cənab nazir, sizdən cavab gözləyirəm!”
Müvafiq qurumların da mövqeyini işıqlandırmağa çalışacağıq.
Aysel,
BakuPost