Lənkəran rayonunun mərkəzi bazarında yerli istehsal olan, müxtəlif keyfiyyətdə və çeşiddə çaylar müştərilərə təklif olunur. Qiymətlər isə xeyli fərqlidir. Bazarda bir kiloqramı 15, 20, 25 manat olan çaylarla yanaşı, 400-450 manata satılan məhsullar da mövcuddur.
Satıcıların sözlərinə görə, daha münasib qiymətə olan çaylara tələbat yüksəkdir. Bahalı çaylar isə əsasən, hədiyyə məqsədilə alıcı tapır.
Yerli sahibkar bildirir ki, ən bahalı çay məhsulu onun "zoğ hissəsi"dir:
“Onu səhər tezdən, gün çıxana kimi yığırlar ki, yarpağın üstündə şeh qalsın. Əgər şeh olmasa, yarpaq barmaq arasında əzilir. Zavod qiyməti 440 manatdır”.
Bəs bir kiloqram çayın 450 manata satılması nə ilə əsaslandırılır? Bahalı çaylarla münasib qiymətə olan çaylar arasında hansı fərqlər var?
Məsələ ilə bağlı
Bakupost.az -a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, 450 manatlıq qiymət adi bazar çayları ilə müqayisədə yüksək görünsə də, bu müəyyən şərtlərlə əsaslandırıla bilər:

“Premium çayların qiyməti bir neçə faktora görə yüksəlir. Birincisi, yığım vaxtı və üsulu önəmlidir. Gün çıxmamış yığım yalnız yüksək keyfiyyətli çaylarda tətbiq edilir. Bu saatlarda yarpaqlar hələ şehli olur, bu isə onların nəm balansını qoruyur və fermentasiya prosesinə müsbət təsir göstərir. İkincisi, bitkinin hansı hissəsindən istifadə olunmasıdır. Sahibkarın qeyd etdiyi zoğ hissəsi, yəni çayın ən yuxarıda olan, yeni çıxmış tumurcuqları dünyanın ən bahalı çaylarınınəsas hissəsini təşkil edir (məsələn, Çin və Yaponiyanın "first flush" çayları). Bu hissə həm antioksidant, həm də aromatik tərkib baxımından daha zəngindir.Üçüncüsü, əl ilə yığım daha bahalı və çətin prosesdir. Hər yarpaq ayrı-ayrılıqda seçilərək yığılırsa, bu, məhsula əlavə dəyər qatır. Dördüncüsü isə məhdud istehsaldır. Nadirdirsə və kütləvi istehsal olunmursa, qiymətə birbaşa təsir edir”.
F.Səfərovun sözlərinə görə, yarpağın üzərində şehin olması onun elastikliyini qoruyur və bu da fermentasiya prosesinin daha düzgün aparılmasına şərait yaradır:
“Əgər yarpaq quruyubsa və ya günəş şüası alıbsa, içindəki bəzi uçucu birləşmələr itə bilər. Çin və Yaponiyada da çayın "şehli" yığımı haqqında praktik yanaşmalar var. Amma bu, çayın dadı və təsiri baxımından "daha yaxşı" olduğunu deyil, sadəcə fərqli ola biləcəyini göstərir.”
Ekspert vurğulayıb ki, dedikləri düzgün strategiya ilə təqdim edilərsə, bu çay Azərbaycanın milli dəyər simvoluna çevrilə, amma bu qiymətin yalnız marketinq hiyləsi kimi təqdim olunsa, istehlakçı etibarını zədələyə bilər:
“Əgər çay nadir bir növdürsə, yalnız əl ilə və şərti olaraq səhər tezdən şehli-şehli yığılırsa, xüsusi fermentasiya və qurudulma texnikaları ilə hazırlanırsa, onda bu tip çayların kilo ilə deyil, qramla satılması adi haldır. Məsələn, "Da Hong Pao" və ya "Gyokuro" kimi çaylar dünyada 1000 dollardan yuxarı qiymətə satılır. 450 manatlıq çayın qiyməti dediyim kimi, müəyyən şərtlərdə əsaslı ola bilər. Lakin bu əsasların doğruluğunu müstəqil analizlərlə (məsələn, laboratoriya testi, dad panelləri, yığım şəraiti ilə bağlı vizual sübutlar) təsdiqləmək lazımdır.”
Lalə Novruz,
BakuPost