Vətən, milli-mənəvi dəyərlər hər birimiz üçün müqəddəs və əzizdir. Milli-mənəvi dəyərlərin, vətənpərtvərlik ruhunun təbliğinə adətən kiçik yaşlardan başlamaq lazımdır.
Məktəblər bu istiqamətdə əsas və ilk pillədir. Məktəblilər Vətən nə deməkdir?”, “dilimiz, dinimiz nədir?” kimi suallara düzgün cavab axtarmağı bacarmalıdırlar.
Bu xüsusda gənc nəslin sözügedən istiqamətlərdə maarifləndirilməsində orta ümumtəhsil müəssisələrinin də üzərinə mühüm vəzifə düşür. Orta ümumtəhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilində əsas məqamlardan biri məhz şagirdlərin milli-mənəvi dəyərlərə hörmət etmələri, vətənpərvərlik ruhunda tərbiyyə edilməsidir.
Bu kimi dəyərlərin şagirdlər arasında təbliği milli dəyərlərimizin qorunması, onlar arasında Vətənə sevginin formalaşması, milli kimlik və dövlətçilik anlayışlarının güclənməsində mühüm rol oynayır. Ona görə də sözügedən dəyərlərin orta məktəblərdə təbliği daimi xarakter daşımalıdır. Digər tərəfdən, orta məktəblərdə vətənpərvərlik hisslərinin təbliği təkcə şüarlar və tədbirlərlə kifayətlənməməli, sistemli və davamlı bir proses halını almalıdır.
Habelə, şəhid ailələri, qazilər tez-tez orta məktəblərə dəvət edilməlidir ki, şagirdlər onların təcrübəsindən bəhrələnsinlər.
Təhsil eksperti Elmin Nuri Bakupost.az -a bildirib ki, məktəblərdə milli-mənəvi dəyərlərin, vətənpərvərliyin təbliği olduqca vacibdir:
“Bu məsələ ən azından təhsilin özü qədər vacibdir”.
O qeyd edir ki, bununla bağlı iki istiqamətdə işlər aparılmalıdır:
“Birincisi, şagirdlər arasında milli-mənəvi dəyərlərin təbliği yolları və bundan ötrü dərsliklərdən istifadə metodları. Tarix, ədəbiyyat və digər dərsliklərin məzmununda, kurikulum standartlarında bu detalı ciddi şəkildə qabartmalıyıq. Hazırda tarix fənninin kurikulumunda bu cür dəyərləri aşılamağın müəyyən metodları var”.
Bununla belə ekspert təəssüflə qeyd edir ki, onun tətbiqi prosesi qənaətbəxş deyil:
“Sözsüz ki, tarix fənni üzrə müəllimlərimizin milli-mənəvi dəyərlərə bağlı olduqlarına qətiyyən şübhələnmirəm. Lakin burada əsas narahatlıq həmin dəyərlərin şagirdlərə çatdırılması məsələsilə bağlıdır. Tarix və yaxud ədəbiyyat fənni hansısa tanınmış bir şəxsin doğum və ölüm tarixlərini, bu və ya digər döyüşlərin, habelə hökmdarların taleyinin necə olduğunu, hansısa şairin şeirini çatdırmaqla yekunlaşmamalıdır. Burada zamanlar arasında inteqrasiya və bağlantı öz-özlüyündə milli-mənəvi dəyərləri də yaradır. Bu istiqamətdə də müəyyən işlər həyata keçirilməlidir”.
Müsahibimiz sözügedən məsələdə müstəqil proqramların tətbiqini də vacib saydı:
“Bunun üçün əlavə müstəqil proqramlar da lazımdır. İldə bir-iki dəfə hansısa bir tədbirin keçirilməsi, uşaqların milli paltar geyinərək rəqs etməsi milli dəyərlərin təbliği yolunda böyük proqramlar sayıla bilməz. Bunlar sadəcə olaraq adda-budda, pərakəndə tədbirlər kompleksidir. Söhbət böyük şəkildə davamlı, dinamik bir sistemdən gedir. Bu yöndə də işlər müsbət deyil”.
E. Nuri milli dəyərlərimizin daha geniş təbliği üçün milli təhsil modelinin olmasını da vacib hesab edir:
“Ölkəmizin milli təhsil modeli yoxdur. Finlandiyadan, Sinqapur modelindən təhsilimizə nəyisə gətiririk. Milli təhsil modelimiz olsa, orada azərbaycançılığa xidmət edən milli dəyərlərimizin yüksək tərənnüm edildiyinin də şahidi ola biləcəyik”.
Təhsil eksperti Məzahir Məmmədli isə müəllimlərin timsalında milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunu kifayət qədər geniş həcmdə təbliğ etməyi bacaran potensial bazanın artıq formalaşdığı qənaətindədir:
“Ümumtəhsil məktəblərində gənc nəslin mlli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyyəsi istiqamətində potensial baza artıq kifayət qədər formalaşıb. Müəllimlərin sertifiksiyadan keçirilməsi və onların işə qəbulu da göstərir ki, onlar artıq keçəcəkləri fənlərlə yanaşı, şagirdlərə həmçinin milli mənəvi dəyərləri aşılamağı bacaran pedaqoqlar səviyyəsinə qədər də yüksəliblər.
Bütün bunları özündə cəmləyə bilən müəllimlər artıq müəyyən kompetensiyaya sahib müəllimlərdir. Milli dəyərlərə, vətənpərvərlik hissələrinə sahib yeni nəslin yetişdirilməsində məhz bu kimi müəllimlərə böyük ehtiyac var. Azərbaycanda hazırda seçilən müəllimlərimiz də artıq məhz həmin istiqamətdə günün tələblərinə cavan verən müəllimlərdir”.
Rüfət Sultan, BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.