Xəbər verdiyimiz kimi, ötən gecə Hindistan ordusu üç istiqamətdən Pakistana hücuma keçib. Kəşmir bölgəsindəki Müzəffərabad şəhərinə və digər ərazilərə endirilən zərbələr nəticəsində xeyli ölən və yaralanan var.
İki ölkə arasında gərginliyin hərbi qarşıdurmaya çevrilməsini
Bakupost.az -a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, artıq müharibənin ilk addımları atılıb:
“Hindistan Pakistan ərazisində hansısa obyektlərə zərbə endirib. Cavab olaraq Pakistan Hindistan ərazisində, Kəşmir bölgəsindəki hind hərbi bazalarına zərbələr endirib. İndiki mərhələdə qarşılıqlı zərbələrdən sonra dayanmaq da olar. Əgər müharibə istəmirlərsə, öz xalqları və dövlətlərinin qayğısını çəkirlərsə, dayana bilərlər. Yox əgər mənəm-mənəmlik, siyasi məqsədlər naminə öz əməliyyatlarını genişlədirsələr, bu, ərazidə geniş müharibəyə yol aça bilər. Unutmayaq ki, hər iki dövlət nüvə silahına malikdir və bu silahları tətbiq etsələr, çox böyük fəlakət baş verə bilər".
Z.Əlizadənin sözlərinə görə, Azərbaycan Pakistanla müttəfiq olsa da, bu münaqişədə hərbi iştirak imkanları məhduddur:
“Azərbaycan Pakistanla yaxın müttəfiqdir. Təbii ki, biz şərti cəhətdən Pakistanın tərəfindəyik. Lakin indi cərəyan edən hərbi münaqişədə Azərbaycanın hərbi qüvvə, maddi və silah cəhətdən iştirak etmək imkanları yoxdur. Unutmayaq ki, Pakistan nəhəng dövlət olduğu kimi, Hindistan da ən çoxsaylı və ərazi baxımından böyük dövlətidir. Azərbaycan isə kiçik dövlətdir və imkanlarımızı bilməliyik. Yenə deyirəm, şərti cəhətdən haradasa bir bəyanat vermək, səsvermədə Pakistanı dəstəkləmək olar, bunları bacararıq. Amma münaqişədə Azərbaycanın iştirak imkanları çox məhduddur. Müttəfiqimizə mənəvi və siyasi dəstək verə bilərik, amma hərbi dəstək yox. Fərz edək ki, Azərbaycan 1500–2000 nəfərlik briqadasını Hindistanla vuruşmaq üçün Pakistana göndərir. Bu, mümkün deyil və buna ehtiyac da yoxdur. Pakistanın xeyli əhalisi, nəhəng silahlı qüvvələri var. Onun Azərbaycanın bir damcı yardımına ehtiyacı yoxdur. Şəxsən biz Hindistanla düşmən deyilik. Hindistanla bizim siyasi, mədəni, iqtisadi münasibətlərimiz var. Biz sadəcə, hər iki tərəfi təmkinli olmağa çağırırıq”.
Lalə Novruz,
BakuPost