“Azercell Telelcom” MMC-nin iyulun 1-dən tətbiq edəcəyi yeni şərtlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd olunur ki, balansa 1 manat yükləndikdə nömrə 1 gün açıq qalacaq. Bununla belə, qiymət artımının detalları əhaliyə tam aydın deyil.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovla əlaqə saxladıq.
O,
Bakupost.az -a açıqlamasında dəyişiklik barədə ətraflı məlumat verdi:
““Azercell”in metodologiyası odur ki, hər bir sim kartda mütləq hansısa bir tarif planı olmalıdır. Tarifləri 28 gün istifadə etmək olur, bu müddət bitdikdən sonra ödəniş edilməsə, nömrə birtərəfli bağlanır, 90 gün ərzində ödəniş edilməsə, nömrə satışa çıxarılır. Dəyişiklik ondan ibarətdir ki, tarif paketinin müddəti bitdikdən sonra onu yeniləmək üçün kifayət qədər balans yoxdursa, ödəyəcəyiniz məbləğ qədər istifadə edə bilirsiniz.”
Məsələn abunəçi 10 manatlıq tarif istifadə edir və 28 gün sonra tarifi yeniləmir. Əvəzində balansa 2 manat yükləyir. Belə olduqda nömrə 2 gün açıq qalır. Məbləğ artdıqca nömrənin aktiv qalma müddəti də artır. Lakin 10 manat yüklənərsə, tarif növbəti 28 gün üçün yenilənir.
“Azercell”in rəsmi açıqlamasında qeyd olunub ki, artıq ödəniş kartlarının nominalına uyğun olaraq istifadə müddəti tətbiq ediləcək. Əlavə olaraq mövcud tarifin abunə haqqı ödənildikdə, balansa edilən ödəniş nominalından asılı olmayaraq, nömrənin xətti tarifin istifadə müddəti bitənədək aktiv qalacaq. Misal olaraq, əgər nömrənizdə "Azercellim" (və ya "Bölgə", "Gəncsim" və s.) tarifidirsə və balansınıza 2 AZN ödəniş edərək, tarifi yeniləyirsinizsə, bu zaman tarifin istifadə müddəti bitənədək (28 gün) nömrənizin xətti aktiv qalacaq.
Bundan başqa, iyulun 1-dən “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tarif paketlərinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixə kimi qoşulan abunəçilər abunəlik ləğv edilənə qədər müvafiq tarif paketlərindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər.
Qeyd edək ki, bu tariflər nisbətən aşağı qiymətli tariflərdir. Məsələn “Azercellim”, “Bölgə”, “GəncSim” tariflərinin qiyməti 2 manatdır. Onların ləğv edilməsindən sonra 2 manat ödəməklə nömrəni 28 gün açıq saxlamaq mümkün olmayacaq. Hazıda təklif olunan minimal məbləğli tarif 7 manatdan başlayır.
Burdan belə qənaətə gəlmək olar ki, internet istifadə etməyən şəxslər də yüksək qiymətli tariflərə qoşulmalıdılar. Əvvəl 2 manatla 30 gün ərzində telefonla danışan abunəçilər minimum 7 manat ödəməklə 28 gün istifadə edə biləcəklər.
Aysel,
BakuPost