Ru
14:07 / 19 Yanvar 2022

Bahalaşma daha çox hansı sahəni zədələyəcək? - Özəl sektorun özəl dərdi - Açıqlama

3629
Ölkədə bir bahalaşma bumu yaşanmaqdadır. Əksər ərzaq məhsullarının qiyməti, eyni zamanda rüsumlar artırıldı. Hökumət bu prosesdən əhalinin çox ziyan görməməsi üçün dövlət sektorunda çalışanların maaşını 20%-dən 40%-ə qədər artırdı.

Lakin nəzərə alsaq ki, ölkədə gənclərin çoxu özəl sektorda çalışır və onların 60%-dən çoxunun aldığı məvacib 300-500 manatdır, onda dövlətin atdığı priventiv addımın əhalinin böyük bir hissəsinə təsir göstərməyəcəyini demək olar.

Belə olduğu halda, maraqlıdır, özəl sektorda çalışanlar bahalaşma ilə necə ayaqlaşmalıdır? Necə etmək lazımdır ki, özəl sektorda çalışanlar bahalaşmadan əziyyət çəkməsinlər?

Məsələ ilə bağlı millət vəkili Azər Badamov Bakupost.az -a bildirib ki, yanvarın 1-dən qanunda edilmiş müvafiq dəyişikliyə görə, özəl sektorda aşağı ödənişli işlərə əmək haqqı ödənişlərinin 300 manatdan başlayaraq ödənilməyə başlandığndan, sektorda digər vəzifə daşıyanların əmək haqları da minimum əmək haqqına görə tənzimlənəcək və bu da avtomatik artıma gətirib çıxaracaq:



“Qlobal istiləşmə, quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması dünya bazarlarında malların qiymətlərinin artımına gətirib çıxarıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Azərbaycan da dünyanın bir hissəsi olduğundan qlobal bazarlardakı bahalaşma ölkəmizin bazarlarına da öz təsirini göstərib. Belə ki, bu, idxal olunan malların və yerli məhsulların istehsalında xarici komponentlərdən istifadə olunan malların da qiymətlərinin artımına öz təsirini göstərib. Həm də bu proseslər ölkədə illik infilyasiyanı 12% -ə qədər artırıb”.

Millət vəkili qeyd edib ki, istehlak mallarının qiymətlərindəki artımlar vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərir:

“Bu təsirləri minimumlaşdırmaq məqsədilə cənab Prezident maliyyə tutumu 1,5 milyard manat olan böyük sosial paketin icrası ilə bağlı sərəncam imzalayıb. Bu sosial paketə uyğun olaraq cari ilin yanvarın 1-dən büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqları, pensiyalar, müavinətlər, təqaüdlər 20%-dən 40%-ə qədər artırılıb ki, bu da 2,5 milyona qədər insanı əhatə edir. Əslində, icra olunan sosial siyasətin əhatə dairəsi daha genişdir. Çünki bu artımlar özəl sektorda da özünü göstərəcəkdir. Yəni, 2022-ci ildən ölkə üzrə minimum əmək haqqının məbləği 250 manatdan 300 manata çatdırılıb. Bu, ölkə üzrə əmək haqqının 300 manatdan aşağı ödənilməsini qadağan edir. Yanvarın 1-dən müvafiq qanunda edilmiş dəyişikliyə görə özəl sektorda aşağı ödənişli işlərə əmək haqqı ödənişlərini 300 manatdan başlayaraq ödənilməyə başlandığndan, bu sektorda digər vəzifə daşıyanların əmək haqları da minimum əmək haqqına görə tənzimlənəcək və avtomatik artmasına gətirib çıxaracaqdır. Bu nöqtəyi nəzərdən tətbiq olunmuş sosial paketin əhatə dairəsi daha da genişlənir və özəl sektoruna da öz təsirini göstərmiş olur”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, ölkədə işsizlik problemi çox olduğundan özəl sektorun maaş səviyyəsi də aşağıdır:



“Özəl sektorda dövlətin, hökumətin hansısa maaş təyinetmə hüququ yoxdur. Özəl sektora təsir edən yeganə məsələ minimum əmək haqqının 250 –dən 300 manata qaldırılmasıdır ki, bu artıq məcburidir. Dövlətin qayda-qanunlarla yeganə təsir edəcəyi sahə məhz bundan ibarətdir. Amma ölkədə işsizlik probleminin çox olduğundan özəl sektorun maaş səviyyəsi də aşağıdır. Çünki aşağı maaşa razı olmayıb işdən çıxanların yerinə dərhal namizəd tapılır. Yəni, bu iş yerlərinin az olması ilə əlaqədardır. İnsanlar var ki, hətta 400-500 manata da işləməyə razıdırlar. Kimsə maaşından narazı olub, artırılmasını tələb edirsə, o saat işdən azad olunur və yerinə başqaları işə götürülür. Burada əsas məsələ iqtisadiyyatda rəqabətin geniş yayılmaması və iş yerlərinin az olması ilə əlaqəlidir. İş, təklif bolluğu olsa, o zaman işçilərdə də seçim imkanları olar. İndi təəssüf ki, heç seçim imkanı da yoxdur”.

İqtisadçı-ekspert qeyd edib ki, özəl sektorda çalışanlara maaşların təyin edilməsi müdirlərin, sahibkarların insafına qalıb:

“Burada təəssüf ki, başqa bir kriterya yoxdur. Əgər rəqabət güclü, iş yerləri bol olsaydı vətəndaşlarda da seçim imkanları olardı. İndi seçim imkanlarının məhdud olması, özəl sektorda da maaşların aşağı olması ilə nəticələnir. Dünyada bu məsələnin tənzimlənməsinə nəzər salsaq, bütün dövlətlərdə minimum ödəniş səviyyəsi ya saatlıq, ya həftəlik, ya da aylıq müəyyənləşdirilir. Azərbaycanda isə aylıq minimum əmək haqqına üstünlük verilib. Bəzi ölkələrdə bu saat başı hesablanır. Ona görə də hansısa formada buna təsir etmək mümkün olmur. Amma müxtəlif özəl sektorların Həmkarlar Komitəsi olur. Həmin Həmkarlar Komitəsi işverənlərlə danışıqlar apararaq onların maaşlarının artırılması, müəyyən yaxşı şəraitin yaradılması ilə bağlı təzyiqlər göstərirlər. Həmkarlar Komitəsinin olması işverənlərə də rahat şəkildə kimlərisə işdən çıxartmaq, maaşları aşağı salmaq kimi addımlar atmağa imkan vermir. Azərbaycanda zəncirin çatışmayan halqalarından biri də məhz budur. Eyni zamanda hər şeyi yalnız dövlətdən də gözləmək də olmaz. Özəl sektorda çalışanlar öz Həmkarlar Təşkilatlarını yaratmalı, hər ilin əvvəlində işəgötürənlərlə onlar danışıqlar aparmalıdırlar. Qardaş Türkiyədə hər dekabr ayında bütün Həmkarlar Təşkilatları işverənlərləvə dövlətlə danışıqlar aparırlar. Ölkəmizdə isə çatışmayan cəhət budur”.

N. Cəfərli əlavə edib ki, ölkəmizdə özəl sektorda çalışan işçilərin hüquqlarının müdafiəsi ilə bağlı məşğul olan institusional şəbəkə yoxdur:

“Dünyanın hər yerində bunları həmkarlar təşkilatları əvəz edir. Ölkədə hər şeyin dövlətin edəcəyini gözləmək də doğru deyil, vətəndaşlar özləri də təşəbbüs göstərməlidirlər. Özləri Həmkarlar Komitəsi yaratmaq, təşkilatlanmaq, öz maaşları, iş yerlərinin təhlükəsizliyi ilə bağlı tələblər irəli sürə bilərlər. Sivil dünyada özəl sektorun inkişafı yalnız bu yolla mümkündür”.

Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər