Ru
15:33 / 07 Noyabr 2025

Konqresin Büdcə İdarəsinə kiber hücum – TP-Link qadağan olunur

Konqresin Büdcə İdarəsinə kiber hücum – TP-Link qadağan olunur
Eye

ABŞ Konqresinin Büdcə İdarəsi (Congressional Budget Office – CBO) xarici mənşəli olduğu ehtimal edilən kiberhücuma məruz qalıb. Qurum ölkə büdcəsinə təsir edən qanun layihələrinin maliyyə qiymətləndirilməsini həyata keçirən mühüm qanunverici orqandır.

Bakupost.az xəbər verir ki, bu barədə CBO-nun sözçüsü Keytlin Emma “The Washington Post”a açıqlamasında bildirib: “Konqresin Büdcə İdarəsi təhlükəsizlik insidentini müəyyən edib. Vəziyyəti nəzarətə almaq üçün dərhal tədbirlər görülüb və sistemlərini daha effektiv qorumaq məqsədilə əlavə monitorinq və yeni təhlükəsizlik nəzarətləri tətbiq edilib”.

Hadisə ilə bağlı araşdırma başlayıb. Qurumun Konqres üçün apardığı işlər isə dayandırılmadan davam etdirilir. Rəsmi açıqlamada qeyd olunur ki, digər dövlət qurumları və özəl sektor şirkətləri kimi CBO da zaman-zaman şəbəkəsinə yönəlmiş təhdidlərlə qarşılaşır və bu risklərin aradan qaldırılması üçün daimi müşahidə aparır.

“The Washington Post” yazır ki, insident nəticəsində dövlətə məxsus məxfi məlumatların və ABŞ Nümayəndələr Palatası ilə Senat ofisləri arasında aparılan yazışmaların sızdırılması ehtimalı var. Bəzi konqres üzvlərinin ofisləri artıq təhlükəsizlik narahatlıqları səbəbindən CBO ilə əlaqəni kəsib.

Xatırladaq ki, iyul ayında Çinli hakerlər “Microsoft SharePoint” proqramındakı boşluqdan istifadə edərək ABŞ-ın nüvə silahlarını nəzarətdə saxlayan dövlət qurumunun sistemlərinə daxil olmağı bacarmışdı.

Həmin hücumdan sonra Daxili Təhlükəsizlik Nazirliyi və Sağlamlıq və Sosial Xidmətlər Nazirliyində də oxşar təhlükəsizlik riskləri müəyyən edilmişdi.

Əvvəlki aylarda isə hakerlər Tramp administrasiyasının DOGE adlı xərc azaldılması proqramının rəsmi veb-saytını ələ keçirmişdi.

“The Washington Post”un iddiasına görə, federal rəsmilər Çinlə bağlı milli təhlükəsizlik riskləri səbəbindən ABŞ-da populyar olan modemlərin satışını qadağan etməyi nəzərdən keçirirlər.

Məlumata görə, Ticarət Nazirliyi Kaliforniya mərkəzli “TP-Link Systems” şirkətinin məhsullarının satışının dayandırılmasını təklif edib. Şirkətin cihazları ABŞ-da ev şəbəkə avadanlığı bazarının üçdə birindən çox paya malikdir.

Rəsmilər bildirir ki, hərçənd şirkət formal olaraq ABŞ-da qeydiyyatdadır, lakin o, Çinli “TP-Link Technologies” şirkətindən ayrıldıqdan sonra da Pekinin təsir dairəsindən tam çıxmayıb və amerikalı istifadəçilərin məlumatlarını riskə ata bilər. Qəzetin yazdığına görə, şirkət hələ də keçmiş əsas şirkətinin Çindəki bəzi aktivlərinə sahibdir.

“TP-Link Systems” isə ABŞ mərkəzli şirkət olduğunu və istehlakçılar üçün təhlükə yaratmadığını bildirərək iddiaları rədd edib.

Şirkətin sözçüsü “The Independent” nəşrinə açıqlamasında deyib ki, “Bu iddialarla bağlı hər hansı dövlət qurumu və ya Ağ Ev tərəfindən rəsmi addım və ya təsdiq yoxdur.”

Son aylarda özəl sektor da genişmiqyaslı kiberhücumların hədəfinə çevrilib.

Ötən ay populyar mesajlaşma platforması “Discord”da baş verən insident zamanı hakerlər on minlərlə istifadəçiyə aid fotoşəkil, şəxsiyyət vəsiqəsi, ad və əlaqə məlumatları kimi həssas məlumatları ələ keçirib.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar