Bakıda mənzilə basqın edərək 75 yaşlı qadına qarşı quldurluq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkənin yaxınlarının ifadəsindən sonra istintaq sənədləri tədqiq olunub.
Daha sonra prokuror çıxışı zamanı təqsirləndirilənin 20 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan olunaraq Süleyman Cəbiyev qəti olaraq 19 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2025-ilin mayın 28-də Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib. Süleyman Cəbiyev 1950-ci il təvəllüdlü Jalə Əskərxanovanın yaşadığı evin həyətyanı sahəsinə keçərək yataq otağına daxil olduqdan sonra o, ev sahibəsinin boynuna bıçaqla ardıcıl zərbələr yetirib. 75 yaslı qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha sonra o qadının mənzilindəki 450 manatı götürərək hadisə yerini tərk edib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 120.2.11 və 101.3.3-cü maddələri üzrə cinayət işi açılaraq ittiham irəli sürülüb.