Bakı Metropoliteni ən yeni texnologiyalar əsasında hazırlanmış sonuncu - dördüncü nəslə mənsub daha 3 qatar – 15 vaqonu istismara buraxıb.
Bakupost.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilir.
Bildirilib ki, Bakı metropoliteninin texniki tələbləri nəzərə alınmaqla hazırlanmış yeni vaqonların müasir mikroiqlim sistemi (kondisioner) ilə təchiz edilməsi, vaqonlararası birbaşa keçidlə sərnişin tutumunun 15 faiz artırılması, qapıların daha enli olması, açılıb-bağlanan zaman işıqlı xəbərdarlıq indikatorları ilə təmin olunması sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən əsas üstünlüklərdir.
Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər və uşaq arabaları üçün sahələr mövcuddur. Metrodan istifadənin hər kəsə əlçatan olması nəzərə alınaraq baş vaqonlar əlil arabalarının yerləşdirilməsi üçün xüsusi yerlərlə təmin edilib.
Yeni qatarların baş vaqonları 38, orta vaqonlarının hər biri 44 oturacaqlıdır. Baş vaqonda ümumilikdə sərnişin tutumu 315, orta vaqonlarda isə 329 nəfərdir.
Yeni qatarlar xəttə bu il istismar müddəti başa çatan əvvəlki nəsil vaqonların əvəzinə verilib.
Qeyd edək ki, hazırda sazlama və komplektləşdirmə işləri aparılan daha 15 vaqon 2025-ci ilin sonunadək xətlərə buraxılacaq. Bununla da Bakı metropolitenində yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.
Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək, ümumilkdə 299 yeni nəsil vaqon alınması nəzərdə tutulur.