Ru
14:01 / 03 Avqust 2022

Bahalaşma qaçılmazdır - Ekspert səbəbləri izah edir

2339
Son vaxtlar süni qiymət artımı ilə bağlı məsələlər gündəmdən düşmür.

Hətta, rəsmilər “süni bahalaşma”ya qarşı tədbirlər görülməsinin vacibliyini vurğulayırlar. Amma fakt budur ki, indiyə qədər süni qiymət artımı ilə bağlı heç kim cəzalandırılmayıb.


Bəs, süni bahalaşma niyə baş verir və ona qarşı nə etmək olar?


Məsələ ilə bağlı Bakupost.az -a İqtisadi Təhlil İnstitutunun rəhbəri, iqtisadçı ekspert Məmməd Talıblı açıqlama verib:


İqtisadçı problemin bir hissəsinin süni və təbii inhisarçılıqla bağlı olduğunu diqqətə çatdırıb:




“İnhisarçılığın 2 forması var: süni və təbii. Təbii inhisarçılıq texnoloji imkanlara əlçatanlıq zəif olanda, kapitalizasiya gücü yetərli olmayan şirkətlərin bazara daxil olmasında resurs çatışmazlığı fonunda baş verir. Süni inhisarçılıq anlayışı isə rəqib şirkətlərin bazara daxil olması üçün ona müxtəlif maneələr yaradılması kimi başa düşülür. Hər iki inhisarçılıq forması şirkətlərin bazar paylarının artırılması fonunda inhisar qiymətlərinin diktə olunması fürsəti ilə bağlıdır. Süni inhisarçılıq hökm sürürsə, bu zaman bahalaşma qaçılmaz olur. Çünki inhisarçılıq zamanı həmin şirkətlərin bazar paylarının bölüşdürülməsi ilə bağlı açıq və gizli sövdələşmələrə gedirlər. Və sonda bazarlar daha çox inhisarlaşır. Buna paralel olaraq, baha qiymət və keyfiyyətsiz xidmət istehlakçılara sırınır”.


M.Talıblı süni bahalaşamanı qanunvericilikdə olan boşluqlarla da əlaqələndirib:


"Süni bahalaşma sadəcə bir və ya bir neçə səbəbin təsir altında formalaşmır. Bu, həm qanunvericilikdəki boşluqlar, həm də institutsional siyasətin keyfiyyətsizliyindən qidalanır. Azərbaycana gəldikdə isə, onu qeyd edə bilərik ki, artıq 15 ildən çoxdur, “Antiinhisar (Rəqabət) Məcəlləsi” qəbul olunmur. Bu hüquqi çərçivələrin olmaması ilə bağlı məsələdir. İnstitutsional siyasətdə isə çoxsaylı çatışmazlıqlar mövcuddur. Bunlardan biri bəzi özəl sferaya xarici kapitallı müəssisələrin buraxılmamasıdır. Məsələn, bank, sığorta sektorunda xarici mənşəli investorların buraxılması ilə bağlı məhdudlaşdırıcı normalar mövcuddur. Bu, bank-sığorta sektorunda təkcə yüksək bank faizlərinin, əlverişli sığorta şərtlərini yararsız hala gətirmir, eyni zamanda kapitalın təmərküzləşməsi prosesini də gücləndirir. Və nəticədə sərvətin bir neçə əldə konsolidasiyası güclənir. Bütün bunlar isə sonda dövlətin əsas iqtisadi məqsədlərindən sayılan gəlir bərabərsizliyinin yumşaldılması siyasətini keyfiyyətsiz hala gətirir. Ona görə biz ölkəmizdə biznes mühitini yaxşılaşdırmalı və investisiya iqlimini normalaşdırmalıyıq”.

Fərid
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər