Ru
15:40 / 10 Yanvar 2024

"Bakı" restoranında planlaşdırılan qətl - "Moldovan" necə aradan götürüldü?

15953





Bəhram Çələbi




"TT Nəriman"ın dediklərindən:

Məşədi Səfəroğlu Cavanşirlə təsadüfən Dərbənd bazarında görüşdüm. Dağlı Baləlinin ona bağışladığı “QAZ-21”in yük yerini ərzaqla doldururdular. Cavanşirə böyük hörmətim vardı, Mişoppa ilə foto cəkdirdikdən sonra bu hörmət dəfələrlə artmışdı. İttifaq miqyaslı oğru olasan, belə ürəyin ola!?

Cavanşir bir ay öncə qiyam baş verən Qroznıdakı "detkolon"a “qrev” aparacaqlarını söyləyib, mənə də oraya baş çəkməyi təklif etdi. Razılaşdım… Bundan boyük savab iş ola bilməzdi. Həmin dövrdə Klaranın oğlu İskəndərin, Əmirşahın sonbeşiyinin orada “istirahətdə” olduqlarını bilirdım. İki nəfər avar oğlan da bizimlə yol yoldaşı idi, onların qardaşları həmin “sanatoriyada” islah olunurdular... Rahatca mənzil başına yetişdik… Uşaqlarla görüşdük, onlarla birlikdə aşxanada gətirdiklərimizdən nuş elədik. Mən orada Qədimşahın oğlu Cavanşir, sumqayıtlı Natiq, Gəncədən bir oğlan və İlqar Vosmoyski adlı yeniyetmə ilə tanış oldum. Sonda adını çəkdiyim bu cavan digərlərindən “metlasına”, düşüncəsinə, dünyagörüşünə görə xeyli fərqlənirdi. Uşaqlar özləri də onu lider kimi qəbul edirdilər. Rus məktəbində oxumuşdu, boks üzrə Azərbaycan çempionu olmuşdu. Mənə elə gəldi ki, ulduz xəstəliyi deyilən azara tutulmuşdu bu "patsan". Çünki hamıya verilən suallara yalnız o cavab verirdi… Şübhəm yox idi ki, yaxın gələcəkdə səkkizguşəli ulduz gəzdirənlərin sayını bir rəqəm artıracaq…

Onu biz buraya gəlməzdən bir neçə saat əvvəl BUR-dan azad etmişdilər. Sir-sifətindəki işgəncə izləri hələ çəkilib getməmişdi...

Mən səhv etmişdim – İlqar killer oldu

Qorkidəki «QAZ» qruplaşması hələ Moskvadakı bandalardan da qabaq yaranmışdı və qanunları kriminal aləmdəkindən çox ciddi fərqlənirdi. «QAZ» bandası Qorbaçovun özəlləşdirmə fuflosundan xeyli əvvəl, durğunluq illərinin ən qatı dövründə, altmışıncı illərin axırlarında – «Volqa M-21»in dəbdə olduğu zamanlarda yaranmışdı. O vaxt «zapçast» alverçiləri ilə küçə qruplaşmaları arasında möhkəm əlaqə mövcud idi. Küçə qruplaşmaları məhbəs düşərgələrindən azadlığa çıxan "zek"lərdən təşkil olunmuşdu və onlar əldə etdikləri sərmayənin 50-70 faizini İttifaq məhbəslərində olan vərəmli qardaşlarının həyatını bir qədər uzatmağa sərf edirdilər.

Məhbəsdən çıxan cavanların əksəriyyəti özünü Qorkiyə, yaxud bu şəhərə yaxın qəsəbələrdən birinə salmağa çalışır, «QAZ» qruplaşmasında, yaxud küçə alverində və yaxud da zavodda özlərinə lövbər salıb, qazamatda keçirdikləri əzablı günlərin əvəzini çıxmağa səy göstərirdilər.
Bandan (vağzaldan) çıxıb, sıra ilə düzülmüş «şahmat»lardan (taksi) birinə yaxınlaşdı, sürücünün yanındakı kresloya əyləşdi.
– Bratuxa, harada yaxşı jratva verirlər? – soruşdu və «Kent» siqaretini çıxarıb birini yandırdı.
– Əgər gürcüsənsə, «İveriya» kafesinə, azərbaycanlısansa, «Bakı» restoranına, ermənisənsə “Axtamar” bistrosuna, çeçensənsə, “ Buynıy Terek”ə apara bilərəm.
– Yox, düz tapmısan, gedək «Bakı»ya.
– Ruslanın restoranı Qorkidə ən məşhurudur, – sürücü yaltaq təbəssümlə gülümsünüb, taksini yerindən tərpətdi. – Şəhərin bütün adlı-sanlı adamları onun restoranında kişka doldurur.
– "Blatnoy" oğlana oxşayırsan, "nakolka"ların da var ,- İqor bir qədər rişxəndlə oğlanın sükan tutmuş sağ əlinin üstündəki «ürək» və ona batırılmış «ox» tatusuna baxdı. Tatuirovkanın aşağısında «ne zabudu mat rodnuyu» sözləri qaralırdı.
– Əsgərlikdən yadigardır, – vodilanın yağlı sifətinə özündənrazı təbəssüm yayıldı, – cavanlıqda dərrakə olmur axı adamda.
– Qorki necədir, yaşamaq olur?
– "Soyuz"da bir Moskvada, bir də Leninqradda vəziyyət babatdır,–sürücü pəncərədən bayıra tüpürərək əlavə etdi. – Bu nə yaşayışdır? Yağ talonla, qənd talonla, kolbasa üçün saatlarla növbədə dayanmalısan. Səhərdən axşamadək it kimi işləyirsən, xeyri yoxdur. Görək bu Qorbaç neyləyir... Deyirlər, Krasnodarda birinci katib işləyərkən oranı cənnətə döndəribmiş, – sürücü İqorun barmağında döyülmüş romb qaşlı persteni görüb, təəccüblə soruşdu: – Oturmusan?
– Olub, brat. Oturmuşam.
– Belə "nakolka" "krıtı"da "srok" səriyənlərdə olur, – taksist maraqla müştərisini süzdü, – "krıtı"da oturmusan?
– O da olub.
– Adamın inanmağı gəlmir. Belə cavan..., ancaq "krıtı"da bit əzmək? Nə üstündə?
– Nə gözlərini bərəldirsən? Yola bax, yoxsa bir qucaq dəmirə çevirərsən "taçka"nı.

Hamının “Boq” adlandırdığı İqor Boqdanov yeniyetməliyini Qroznıdakı uşaq koloniyasında, cavanlığını isə İttifaqın müxtəlif zonlarında xərcləmişdi. Malış Söhbət, Dağlı Cavanşir, Klaranın oğlu İsgəndər, Gəncəli Vaqiflə "xlebnik" olmuşdu. Qroznıya gəldiyi ilk gündən özünü qatı "otrisalovka", "stremlyayuşiy" kimi tanıtmışdı “Vosmoyski”. Deyilənlərə görə, oğru tacına da namizəd idi... Qroznıya “qrev” gətirən “TT Nəriman"la Məşədi Səfəroğlu onlara "patsan"ların lideri kimi təqdim olunan “Boq”a öz tövsiyələrini vermişdilər.

“QAZ”-ın həyətində qətl

...Manveli ("Şaşa", "Moldovan") elə «QAZ»-ın həyətində – işlədiyi anbarın qarşısında güllələmişdilər. 9 May – Qələbə bayramı günü olmasına baxmayaraq, zavoda gəlmişdi. Manvel kimə isə üç qutu "xırda ehtiyat hissələri" hazırlamışdı. Qapının girişindəki səçkidə arxası üstə uzanmışdı. İkicə atəşlə "sovet milyonçusu"nu o dünyaya göndərmişdilər. Güllələrdən biri ürək nahiyəsindən, digəri isə gicgahından vurulmuşdu. Başındakı güllə yarasının ətrafında güclə seziləcək nazik ekssentrik çevrələr qaralırdı. Kontrol atəş yerinə yetirilmişdi. Barmağındakı iri qızıl üzüyə, cibindəki "volodya"larla dolu "lopatnik"ə (yüzlüklərlə dolu pul qabı) toxunmamışdılar. Zavodun girişindəki keşikçi dəstəsi, həyətdə tarakan kimi qaynaşan nəzarətçilər nədənsə atəş səsini eşitməmişdilər.

Qırx səkkiz yaşlı “Moldovan” Qorkinin ən hörmətli adamlarından biri idi. Var-dövləti başından aşıb-daşan bu arıq, sısqa adam ehtiyat hissələri anbarında çalışmaqla yanaşı, ətrafdakı qəsəbələrdə öz sexlərini və şəhərin girişindəki avtomobil təmiri emalatxanasını yaratmışdı.

Üç "sro"k səriyəndən sonra Kiyevdən gəlmişdi “Moldovan”. Qısa boyu, yastı kürəyi, uzun saçları vardı. Həddindən artıq çevik idi. Adama elə gəlirdi ki, həmişə nədənsə narahatdır, kimdənsə ehtiyat edir. Ömrünün iyirmi bir ilini kiçmanlarda, zonda xərcləmişdi və son vaxtlar kim kefini, əhvalını xəbər alırdısa, "Dünyada məndən xoşbəxti yoxdur", – deyirdi.

Qanuni oğru deyildi, heç avtoritet kimi də tanınmırdı. Sonuncu "srok"unda yaxşı oturduğuna görə Moskvadakı "bratvalar"ı onu şərtlə Qorkidə «QAZ»a calaya bilmişdilər. Moldovan qazancının tən yarısını tubiklərə (vərəmli dustaqlara) "qrev" verməyi boyun olmuşdu. Şaşanın yazdığı "molyava"da (indiki dillə desək, sazişdə) 50 faiz sözlərinin altında barmağını deşərək çıxardığı qanla xaç işarəsi cızmışdı. Altı il istər zavodda, istərsə də şəhərdə ona “gözün üstə qaşın var” deyən olmamışdı. Şaşanın sərvəti artdıqca artsa da, "qrev"in miqdarı əvvəlki rəqəmlərdə ilişib qalmışdı. Arvadı, bir qızı, bir oğlu olduğu halda, iki yerdə məşuqə də saxlayırdı.

Rayon milis idarəsi və prokuror Laura Qafarova iki aydan artıq istintaq aparsa da, qətlin üstünü aça bilmədiklərindən, iş dayandırılmışdı.

Kriminal aləmin adamlarına elə qətlin birinci günü bəlli oldu ki, Manveli uşaqlarının anası sifariş verib. “Sovet milyoneri” son altı ayda iki yerdə mənzil almışdı və hər birində məşuqə saxlayırdı. Son altı ay müddətində on dörd il bundan əvvəl - Moldaviyadakı kiçmandan çıxandan sonra evində məskən salıb yaşadığı, özündən səkkiz yaş böyük, keçmiş "zeçka" Daryanın yanına getmirdi. Darya nə az, nə də çox, düz doqquz il Sibirin Omsk vilayətindəki "lager"də "vorovixa" oturmuşdu və kriminal aləmdə onun nüfuzu Moldovandan qat-qat çox idi. Moldovanın “QAZ”da qaz vurub qazan doldurmasının da səbəbkarı Darya olmuşdu. "Vorovixa" uşaqlarının xatirinə Manveldən ötrü həm Kiyev qruplaşmasına, həm də Lujnikidə böyük nüfuz sahibi olan avtoritetə ağız açmışdı.

Moldovanın qətli ilə bağlı zavodda işləyən 76 sabiq "zek" şübhə altına düşdüyündən, onların hamısı prokurorluqda və milis şöbələrində dindirilmişdi. Onlardan biri də İqor Boqdanov idi. Onu şəhər prokurorluğunun müstəntiqi Laura Osmanovna dindirirdi.
– Adın?
– İlqar...
– Familiyan?
– Allahverdiyev.
– İlk cinayəti nə vaxt və harada törətmisən? – prokuror kənarlarını qatlayaraq yazdığı izahat kağızından başını qaldırmadan soruşdu.
– Elə doğulduğum gün, ana bətnindən azad olan kimi cinayət eləmişəm, – deyən İqor gözlərini qıyaraq gülümsədi.
Laura Osmanovna nəzərlərini qaldırıb, hirsli-hirsli İqora baxdı:
– Bura prokurorluqdur, cavan oğlan, bazar deyil. Danışığına fikir ver!.
– Düz deyirəm, yoldaş prokuror. Məgər ictimai yerlərdə dava-dalaş salmaq, haray-həşir qoparmaq, qışqırmaq qanun pozuntusu deyilmi? – Boqdanovun üzünü geniş təbəssüm işartısı bürüdü. – Doğulan kimi elə bərkdən qışqırmışam ki, həkim də, "sestra"lar da, hətta anam da səksənib. Lepila (həkim) mənim ayaqlarımdan tutub başıaşağı sallayaraq yumşaq yerimə şillələr vururmuş və birdən mən ağrılara dözməyərək, qışqırmağa, söyməyə başlamışam.
– Bəs "detkolon"a, özü də lap ciddisinə hansı əməlinə görə düşmüsən? – Laura Osmanovna özünü ciddi saxlamağa çalışsa da, təbəssümünü gizlədə bilməyərək soruşdu. – Qroznı "detkolonu"na, adətən, qatilləri, qatı cinayətkarları göndərirlər.
– Kafedə birisi sevgilimə sataşmışdı, yaşladım – İqor başını aşağı salıb, təəssüf hissi ilə əlavə etdi. – Bədbəxtlikdən çuvak keçindi. Balaca cib bıçağı ilə onu qorxutmaq istəyirdim.
– Dünən saat on iki ilə üç arasında harada olmusan?
– Dostlarımla «Bakı» restoranında idik. On birdən düz saat beşədək. Bunu bizimlə oturan "devaxalar" da təsdiqləyə bilər. Məndə həmin müddət üçün alibi dəmir kimidir.
– Məclisdəki dostlarının adlarını sadala! – Laura Osmanovna «Bakı» restoranının adını eşidəndə bir qədər tutulsa da, tez özünü ələ alıb davam etdi, –qızların da ünvanlarını, adlarını demək lazım gələcək.
– Qızları bu işə calaşdırmayaq, yoldaş prokuror. Tələbələrdir. Yataqxanada olurlar. Dilə-dişə düşərlər, institutda narazılıq yaranar.
– Mənə iş öyrətmə, cavan oğlan! Dostlarının adını, ünvanlarını de görək!
– Həmyerlim Əlizadə, bir də Saşa, Aleksandr – xoxol. Üç nəfər biz idik, üç də "zolotaya dukat" (yaraşıqlı əyalət qızları). Biz ümumi zaldakı stol arxasında əyləşdiyimizdən, əriniz Ruslan (Rüstəmi tanış-bilişləri Ruslan kimi çağırırdılar) restorana girib-çıxdıqca dəfələrlə bizi görüb. Hətta stolumuza yaxınlaşaraq, mənimlə salamlaşıb da.
– Rüstəm səninlə salamlaşıb? – prokuror qrafindən büllur stəkana su süzüb, bir neçə qurtum aldı, izahatın yazılışını saxladı.
– Mən bütün həyatım boyu Rüstəmə minnətdar olacağam. Qorkiyə gəldiyim ilk gündən əlimdən tutub, kömək edib, işə düzəldib məni. Ölənədək bu yaxşılıqlarını unutmaram.
– Bütün bunlara baxmayaraq, mən həmin qızlardan, tələbələrdən də izahat almalıyam, – Laura Osmanovna dərindən nəfəsini dərib, sınayıcı nəzərlərini İqorun sakit, təmkinli, bir qədər də özündənrazı sifətinə zilləyərək pıçıldadı.
– Buyurun, nə qədər kefiniz çəkir dindirin, ancaq yataqxanada. Bu qarayanız, sağlam, iri qonur gözlü gəncin səsi, danışıq tərzi və bütün hərəkətləri təkəbbürlü olduğunu aşkarca göstərirdi. Baxışlarında nə isə bir inciklik, narazılıq oxunurdu. “İqorda dəmir iradə var” deyənlər yanılmırdılar. Qətl və oğurluqda İqor iştirak etməsə də, "nakolka"nı məhz o vermişdi və dönə-dönə tapşırmışdı ki, meyitin üstündən heç nə götürülməsin...

...Yenidənqurma başlamazdan xeyli əvvəl də SSRİ-nin meqapolislərində qan su yerinə axırdı. O zaman cinayətkar klanlar arasında mübarizə çox ciddi şəkildə gedirdi. Lakin konkret qırğınlar baş verirdisə də, əsasən "peşka"lar və ya "döyüşçü"lər (18 -27 yaşlı idmançı bədənli cavanlar) qırılırdılar, mübarizə avtoritetlərin qətlinəcən gedib çatmırdı…



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər