Ru
15:31 / 20 Fevral 2024

Balaca sevgisizlər və ya alnımıza yazılan təhqir... - Cəlil Cavanşirin yazısı

8409
Yazar Cəlil Cavanşir


Alnımıza "qə..bə" yazılıb, görmürük.

Heç bir insan mərhəmətsiz və qəddar doğulmur. Uşaqlar isə o qədər məsum və təmizdir ki, onların mərhəmətsiz olması üçün qəddar, zalım, vəhşi mühitdə böyüməsi lazımdır. Əgər uşaq qəddardırsa, valideyn günahkardır. Yəni, təhsilə, məktəbə qədər uşaqların ailəsi bu məsələlərdə məsuliyyət daşıyır.

Alman filosofu İmmanuel Kant deyir:

“Təlim və tərbiyə heyvan təbiətini, insan təbiətinə çevirir. Heyvanlar hər şeyi instinktləri vasitəsi ilə edirlər, amma onların hamısına lap əvvəldən müəyyən qədər ağıl verilib. Fəqət insanın özünəməxsus bir ağıla ehtiyacı var. O, instinktə ehtiyac duymadığına görə özü üçün bir davranış planı formalaşdırmaq məcbuyyətindədir. Əfsus ki, bunları birdəfəyə həyata keçirə bilməyəcəyi, dünyaya formalaşmış şəkildə gəlmədiyi üçün bunları onun yerinə başqalarının həyata keçirməsi lazımdır.”

Kantın “başqaları” dediyi ilk növbədə ailədir. Nənə-baba, ata-ana, bacı-qardaş və varsa digər qohumlar...

Valideynlərinin qəddar davrandığı uşaqlar, birmənalı olaraq mərhəmətsiz və qəddar böyüyür. Valideynlərinin bir-birinə qarşı qəddar davrandığı ailələrdə böyüyən uşaqlar, getdikcə mərhəmət hissini itirə bilərlər. Valideynlər bu məqamı unutmamalı və övladlarının davranışlarına fikir verməlidirlər. Zorakılığın və kobudluğun baş verdiyi qeyri-sağlam mühitlərdə böyüyən uşaqların qəddar və amansız olmasına çox da təəccüblənməyək.

Hətta belə uşaqların oynadığı oyunlar da zorakılıq üzərində qurulur. Məsələn, belə uşaqlar oyuncaqlarını bilərəkdən sındırırlar. Bu tip sevgisiz yeniyetmə qızlar Koreya istehsalı qanlı filmlər, seriallar izləyir, Tik-tok və başqa sosial şəbəkələrdə axmaq-axmaq videolara baxırlar. Qızlı-oğlanlı “oğur aləmi”nə meyilli, depressiv və qəzəbli olurlar. Belə uşaqlar küçədə gedərkən gördükləri heyvanlara daş atır, onlarla pis rəftar edirlər. Parklarda tez-tez belə uşaqlarla rastlaşıram. Pişiyin quyruğunu dartan, itləri daşa basan balaca sevgisizlər...

Təhsilin və məktəbin günahı çox böyükdür. İllərdir islahat adı ilə təhsilin başında dəlləklik öyrənirlər. Müəllimin başı qarışır imtahana, sertifikasiyaya, yerdəyişməyə, dərs bölgüsünə, maaş artımına, vəzifə imtahanına...və təlim-tərbiyə yaddan çıxır.

Mən müstəqillik dövründə, təhsilin dağıldığı, dərsliyin tapılmadığı dövrdə təhsil almışam. Amma mənim təhsil aldığım kənd məktəbinin müəllimləri bizə həm də həyatı öyrədirdilər. Vicdanlı, dürüst, vətənpərvər, humanist dəyərlər aşılayırdılar. Bizim vaxtımızda da şagirdlər arasında qəddar davranışlar olurdu. Zəifi əzmək, cahili ələ salmaq...

Ancaq buna mane olan ayıq-sayıq müəllimlərimiz vardı. Sovet dövründə yetişmiş, yamaqlı pencəyindən utanmayan, dərs keçəndə gözləri par-par parıldayan, şagirdlərini balası kimi sevən, yeri gələndə qayğısına qalan müəllimlər vardı. Bizim dövrümüzdə müəllimin avtoriteti vardı, bir işarə ilə sinifi, şagirdi ələ alan müəllimlərim olub.

Məsələn, biz bilirdik ki, müəllimlərimizin hansı müxalifdir, hansı hakim partiyanın tərəfdarıdır. Bizim dövrümüzdə də seçki saxtakarlığında iştirak edən müəllimlər vardı. Ancaq səsini sona qədər müdafiə edən, sözünü mərd-mərdanə deyə bilən örnək müəllimlərimiz də vardı.

Görünür, getdikcə təhsil sistemi yox olub, çöküb gedəcək.

Müəllimlərin rifahı üçün işlər görülür, amma həm də müəllimin avtoriteti, nüfuzu azalır. İmtahandan kəsilən müəllim şagirdə necə örnək ola bilər? Və ya bayramlarda pul uman, valideyn əlinə baxan müəllim necə şagirdə söz keçirə bilər?

Xülasə, bu gün təhsil sisteminin yarıtmazlığı, ailələrin sosial çətinlikləri, bəzi ailələrin şiddət, qəddarlıq üzərində bərqərar olması, cəmiyyətin hər şeyə biganəliyi bizim alnımıza yazılan ən böyük təhqirdir.

O məktəbli qız “qə..bə” sözünü məktəb yoldaşının yox, valideynlərinin, müəllimlərinin və bu cəmiyyətin alnına yazıb, sadəcə biz görmürük...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər