Ru
15:53 / 10 Sentyabr 2026

““Bantik” məni şantaj edir” – Daha bir qalmaqal - VİDEO

““Bantik” məni şantaj edir” – Daha bir qalmaqal - VİDEO
Eye

“Bantik” mağazalar şəbəkəsində satıcı işləmiş Aysu Abdullayeva adlı vətəndaş işdən ayrıldıqdan sonra ona ödənilməli olan bonus pullarının verilmədiyini və sosial şəbəkədə paylaşdığı videoya görə hədələndiyini iddia edib.

“Bakupost” xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Aysu Abdullayeva bildirib ki, 2025-ci il yanvarın 15-dən “Bantik”də işləməyə başlayıb. Mağazada əməkdaşlar üçün aylıq plan müəyyənləşdirilib və plan yerinə yetirildikdə əlavə bonus ödənilib.

Şikayətçi may, iyun və iyul aylarında planı yerinə yetirdiyini, lakin iyun və iyul aylarına görə verilməli olan ödənişləri ala bilmədiyini deyib:

“May ayının bonusunu avqust ayında verəcəklərini dedilər. İyun və iyul aylarının pullarını isə vermədilər. Beləcə, oktyabrın 6-da işdən çıxdım. İşdən çıxandan sonra “Bantik”in rəhbəri Leyla Əliyeva ilə əlaqə saxlayıb pulumu niyə vermədiklərini soruşdum. Mənə yığıb “sən kimsən ki, bu saatda mənə zəng edirsən?” dedi”.

Aysu Abdullayeva məsələ ilə bağlı polisə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiyini bildirib.

Onun sözlərinə görə, bundan sonra “Bantik”in mühasibi onunla əlaqə saxlayaraq problemi həll etməyi və pulunu ödəməyi təklif edib.

“Mən ofisə getməyə razılaşmadım. Dedilər ki, sizə harası yaxındırsa, ora gəlməyə hazırıq. Mən də işlədiyim “Əcəmi” filialına gəlmələrini istədim. Orada bir nəfər yaxınlaşaraq bildirdi ki, Leyla xanımın ona borcu olduğuna görə “Bantik”in bir hissəsini satıb və artıq şirkətin sahiblərindən biri də odur. Dedi ki, şikayətini geri çək, pulunu verək. Mən də etmədim. Buna görə də pulumu vermədilər”.

Şikayətçi daha sonra ona sosial şəbəkədə paylaşdığı videonu silməsi və dediklərini təkzib etməsi üçün tələb qoyulduğunu iddia edib:

“Deyirlər ki, bir gün ərzində “TikTok”da videonu silməsən və dediklərini təkzib etməsən, səni məhkəməyə verəcəyik. Mən həm haqqımı tələb edirəm, həm də məhkəmə ilə hədələnirəm. Əziyyətlə qazandığım pulumu verməyiblər, üstəlik buna görə mənə təzyiq göstərirlər”.

Aysu Abdullayeva bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti ona məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib.

Məsələ ilə bağlı “Bantik” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Şirkətdən “Bakupost”a bildirilib ki, Aysu Abdullayeva ilə bağlı məhkəməyə müraciət edilib və hazırda iş məhkəmədədir.

“Bakupost” Dövlət Əmək Müfəttişliyi Xidmətinə də sorğu göndərib.

Qeyd edək ki, mediada “Bantik”lə bağlı ötən günlərdə də oxşar iddia yayılıb. Belə ki, 2024-cü ildə mağazada satıcı işlədiyini deyən qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını bildirmişdi.

Şirkətin rəhbəri Leyla Əliyeva isə həmin iddiaya cavab olaraq qadını tanımadığını və problemin həlli üçün onunla əlaqə saxlamağa hazır olduğunu qeyd edib:

Lalə, BakuPost

" target="_blank">


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar