Ru
10:31 / 16 Sentyabr 2022

Bir nadan danışdırır, o biri nadan üzr istətdirir, tövbə etdirir...

24527

Cəlil Cavanşir



Son günlər baş verən hadisələr əksəriyyət kimi, məni dərindən sarsıdıb. Qısa müddət ərzində ölkə qan çanağına döndü. Eyforiya dövrü bitdi. İndi reallıqlarla üzləşmək vaxtıdır. Burası aydındır ki, Qafqazda heç vaxt sülh olmayacaq. Revanş ehtirası və imperializm buna imkan verməyəcək. Bu bölgəyə səpilən nifaq toxumu hər ötən gün daha dərinə kök atır. Ömrümüz bu münaqişələrin, bu qırğınların, qətliamların, savaşların içində keçəcək. Bizdən sonra gələn nəsilləri də, daha fərqli aqibət gözləmir.






Hər şəhid simasında oğlumun cizgilərini görürəm. Hər itkini iliklərimə qədər hiss edirəm. Bu ağrını, bu iztirabı ifadə etməkdə acizəm.


Görünür hər iki xalqı dərindən tanıyan imperialist güclər necə manipulyasiya etmək lazım olduğunu da əla bilir. Savaş bitmir, sadəcə şəklini, formasını, miqyasını dəyişir...


İnsanlar, insanlıq, dəyərlər xərclənir, istismar olunur.


Məsələn, cahilin biri hələ yarası qaysaq bağlamayan şəhid qardaşını kamera qarşısına çıxarıb, onun ən həssas halından istifadə edib, danışdırır. Sonra biz kütləvi şəkildə bu məsələni lənətləyirik. Ardınca başqa bir nadan həmin şəhid qardaşını öz dərdindən, iztirabından ayırıb, "başa salır", üzr istətdirir, tövbə etdirir. Beləcə hər şey adiləşir. Rüşvət də, rüşvəti alan da legitimlik qazanır. Hamılıqla bir ağız da kimlərisə, qeyri-müəyyən adamları (əslində hamı hər şeyi bilir) söyüb, sonra gedirik bir qarın çörək üçün başımızı qatmağa.





Arada şəhid dəfnində "Ya Hüseyn" deyənlər müzakirə olunur. Dövlət də, cəmiyyət də sanki bu adamların varlığından indi xəbər tutub...


Halbuki bu adamlar illərdi var. Mübariz İbrahimov şəhid olandan bu yana ölkədə bir məqam diqqət çəkir: şəhidliyin islama, xüsusilə şiə təmayüllü islama bağlanaraq təbliği. Yoxsa bunları indi görürsünüz?


Biz yenə kimlərisə lənətləyirik, amma daha asta səslə. Çünki hər gün ədalətə olan inamımız, ədalət axtarışımız öləziyir və bir gün sönür.


Ölkədə nə baş verir? Bunu heç dövləti idarə edənlər də bilmir. Ancaq müəyyən şeyləri hiss edirik. Böyük bir oyunun əhəmiyyətsiz oyunçuları olduğumuz məlumdur. Bununla barışmamağımız təbiidir. İnsan övladı özünü önəmli hesab etməyi sevir. Məhz buna görə də hamı özünü prosesləri idarə edən və ya gedişata təsir edə biləcək qəhrəman hesab edir.


"Zəngəzuru alaq!" deyənlər də, "NoWar" deyənlər də elə bilir ki, dedikləri, yazdıqları şüarlar kimlər üçünsə əhəmiyyətlidir. Halbuki taleyimiz kimlərinsə qələminin ucundadır, qarşı tərəf tətiyi çəkənə qədər yaşamaq şansımız var...


Artıq heç nəyin mənası qalmayıb. Sənin sülh çağırışın da, savaş ehtirasında önəmsizdir. Həyatımızın ən gözəl illəri beləcə məhv olub gedir. Bəlkə mübarizə aparmaq lazımdır. Bəlkə son ana qədər etiraz etməliyik. Amma kimı qarşı? İmperializmə, mövcud idarəçilərə, yoxsa cahil kütləyə qarşı?

Hər kəs öz qorxularına, öz xofuna, öz "həqiqətinə" sığınıb yaşayır. Bu gün tapdığımız bir tikə çörəyi sabah itirmək qorxusu yuxumuzu qaçırır.


Bundan sonrası necə olacaq?


Biz sadəcə bütün qəlbimizlə sülh, əmin-amanlıq, sakit bir dünya arzulaya bilərik. Bəlkı karma bizi xilas edər. Taleyimizə isə başqaları yön verir.


Bir sabah oyanıb bütün silahların susduğunu öyrənsək, bəlkə yaşamağa da həvəs olar. Hələliksə baş qatırıq. Milyardlarla taleyi oyuncaq olan insan kimi, heç kəsə lazım olmayan canlılarıq.


Əvvəlimiz murdar maye, sonumuz torpaqda çürümək. Bu zaman kəsiyində də ali dəyərlərdən danışaraq vücudumuzda pox daşıyırıq.



Şərhlər
  • t.ədalət

    Cəlil Cavanşirin yazısı adamı sarsıdır.Aydın görünür ki,biz, türk olmayanların basqısı altında can veririk.Əbülfəz Əliyevin hakimiyyəti kürdlərə təslim etməsi,təhvil verdiyi hakimiyyətin legitimləşməsi üçün gedib Kələkidə gözləməsi çox şey deyir.Biz,üzdə gizlədilən güclü bir kürd seperatizminin təcavüzünə uğramışıq.Əlbətə,vəziyyətimizi qardaş Türkiyə də görür.Ölkənin başdan-başa kürd kökənlilərə təslim edilməsi,vəzifələrin türklərin üzünə bağlanması indi hamıya məlumdur.Ərazilərimiz kimi hakimiyyətimiz də işğal olunub.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər