Ru
15:51 / 31 Mart 2023

Böyük Qayıdışın növbəti mərhələsi - Talış kəndində həyat canlanır

32627
Əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.

Hökumətin proqramında 2025-ci ilin sonunadək 10 270 ailənin, 2026-cı ilin sonunadək isə 34 500 ailənin işğaldan azad olunmuş ərazilərə köçürülməsi hədəf kimi qoyulub. Ötən il Zəngilan rayonunda 110 hektardan çox ərazidə "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınan Ağalı kəndinə sakinlərin köçürülməsi Böyük Qayıdışın reallaşmasında ilk addım oldu.

Martın 16-da isə Tərtər rayonunun işğaldan azad edilən Talış kəndinə növbəti köç baş tutdu. Böyük Qayıdış Proqramı çərçivəsində Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürüldü. İlk mərhələdə Talış kəndində məskunlaşdırılan 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirildi. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirildi. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olundu.





Qeyd edək ki, strateji əhəmiyyətli Talış kəndi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 3-də düşməndən azad edilib. 4 oktyabr 2021-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Talış kəndində Bayraq Meydanında Azərbaycan bayrağı ucaldılıb.Talış kəndində yüksək nöqtələrdən birində bu ərazinin işğaldan azad olunduğu gün Müzəffər Ali Baş Komandan tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu Xatirə daşı yerləşdirilib.

Bundan sonra ən qısa zamanda Talış kəndi sakinlərinin mərhələli şəkildə öz dədə-baba yurdlarına qaytarılması üçün genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb. Evlərin daxili hissələri və fasadı əsaslı təmir edilib, dam örtükləri tamamilə sökülərək yenilənib. Daxili və xarici divarlarda konstruktiv möhkəmləndirmə işləri yerinə yetirilib. Hər bir evin həyətyanı ərazisində dekorativ ağaclar, kollar, güllər əkilməklə yanaşı, fərdi əkin sahələri də yaradılıb. Hər bir ev üçün ümumi sahəsi 54 kvadratmetr olan fərdi təsərrüfat anbarları inşa edilib. Bütün evlərin mövcud hasarları sökülüb, əvəzinə yeni hasarlar inşa edilib. Evlərin daxili kommunikasiya xətləri yenidən qurulub. Hər bir ev qazla işləyən isitmə sistemi (kombi) ilə təmin edilib.

Kəndin 78 nəfərlik 3 mərtəbəli məktəb binası müasir tələblər səviyyəsində əsaslı təmir edilib. Dam örtüyü tamamilə sökülərək yenilənib. Binanın zirzəmi mərtəbəsi texniki mərtəbə kimi nəzərdə tutulub. 1-ci və 2-ci mərtəbədə sinif otaqları, tibb otağı, müəllimlər otağı və s. nəzərdə tutulub. 3-cü mərtəbədə (mansard mərtəbəsi) akt zalı və kitabxana yerləşir. Binanın daxili hissəsi lazımi texniki xidmət avadanlıqları ilə təchiz edilib. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol meydançası və idman avadanlıqları ilə təchiz edilmiş idman meydançası qurulub. Uşaq bağçasının binası da əsaslı təmir edilib. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və 2 ədəd metal konstruksiyalı söhbətgah inşa edilib.

Klub İcma Mərkəzi də əsaslı təmir edilib, binanın daxili hissəsi lazımi bütün texniki xidmət avadanlıqları ilə təchiz edilib, həyətyanı ərazidə abadlaşdırma işləri həyata keçirilib.

Kənddə fəaliyyət göstərən mağaza və aptek binasında da bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə sistemləri ilə təchiz edilib. Mağaza 2 hissədən – ərzaq mallarının satışı və aptek bölmələrindən ibarətdir.

Talış kəndinin qazanxana binası əsaslı təmir edilib, bütün avadanlıqlar yeniləri ilə əvəz edilib. Belə ki, 2 ədəd hər birinin gücü 350000 kkal/saat olan isitmə qazanları və digər bütün lazımi texniki avadanlıqlar quraşdırılıb. Qazanxana vasitəsilə məktəb binası, uşaq bağçası və inzibati binanın istiliyi təmin edilir.

Talış kəndinə əhalinin köçürülməsi üçün həyata keçirilən bərpa və yenidənqurma işlərinin miqyası buraya yenidən həyatın qayıtmasının bariz nişanəsidir.




Martın 18-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonuna səfər ediblər.


Səfər çərçivəsində Talış kəndində görülən işlər, inzibati binada, məktəb və uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.


Prezident deyib ki, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıb və 180-ə yaxın ailə qayıdacaqdır. Bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb:

“Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq. İndi buranın ancaq birinci mərhələsidir, daha 178 ev tikiləcək, camaat da köçəcək.Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilmişdir. İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad etdik. İkinci Qarabağ müharibəsi dövründə o hərbi əməliyyatın çox böyük əhəmiyyəti var idi. Çünki biz öz azadlıq savaşımızı müxtəlif istiqamətlərdə aparırdıq, o cümlədən bu istiqamətdə. Ona görə bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi".


Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun dediyinə görə, hazırda Talış kəndində bərpa quruculuq işləri davam edir: "İkinci mərhələdə kəndə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur. Həmin ailələrin yaşayacağı evlərin tikintisi qısa müddətdə başa çatdırılacaq".




Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun sözlərinə görə, Tərtərin Talış kəndinə köçürülən ailələr üçün hər cür şərait yaradılıb:

“Talış kəndi istər siyasi, istər tarixi, istərsə də özünün füsunkar təbiəti baxımından Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edən bir ərazidir. Bu gün Qarabağımızda daha 20 ocağın öz doğmaları ilə isinməsinə şahidlik edirik”.

O əlavə edib ki, ev bölgüsü ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində tam şəffaflıq gözlənilməklə püşkatma mərasimi keçirilib. Məcburi köçkün soydaşlarımız ailə tərkibinə uyğun olaraq 2, 3, 4 otaqlı fərdi evlərlə təmin olunublar. Talış kəndi ən müasir tələblər səviyyəsində yenidən qurulub, prezidentin tapşırığına əsasən, bütün zəruri sosial-texniki, infrastruktur ilə təchiz olunub. Burada məktəb, uşaq bağçası, xeyir-şər evi və inzibati binada abadlaşdırılma işləri aparılıb.

30 il sonra doğma Talışa qayıtmağın sevincini yaşayan kənd sakini Rəbiyyə İrzayeva deyir ki, məcburi köçkünlük dövründə çox çətinliklər çəkiblər. Daim doğma torpaqlara qayıtmaq ümidi ilə yaşayıblar:

"30 il qabaq biz buradan çox çətin vəziyyətdə getmişdik. O anları uzun illər ürəyimizdə gəzdirib, gözlərimiz önündə kino lenti kimi canlandırmışıq. 30 il idi ki, doğma torpaqlarımızdan didərgin düşmüşdük. Bu illər ərzində bir gün də olsun doğma yurdumuzu unutmamış, hər zaman torpaqlarımıza qayıtmaq ümidi ilə yaşamışıq. Artıq Prezidentimizin qətiyyəti, ordumuzun gücü ilə ən böyük istəyimiz gerçəkləşib. Bu illər ərzində torpaqlarımızın azad olunması üçün dua edirdim, bundan sonra qalan ömrümü şəhidlərimizə rəhmət diləməklə yaşayacağam. Çünki onlar bu günlərin sevincini bizə bəxş etmək üçün şirin canlarından keçiblər”.

Kənd sakini qeyd edib ki, ağlına belə gəlməzdi ki, sakinlərə dağlıq yerdə bu qədər gözəl şərait yaradılacaq:

“Evimiz çox gözəldir, rahatdır. İstilik, işıq, su, qaz, bir sözlə, hər şey var. Prezidentimizə öz təşəkkürümü bildirirəm”.





Millət vəkili Azər Badamov bildirib ki, Böyük Qayıdış 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və bərpası, əhalinin öz doğma torpaqlarına qayitmasının nəzərdə tutur:

"Ermənilər 30 illik işğal dövründə bütün yaşayış məntəqələrimizi, mədəni və tarixi abidələrimizi bilərəkdən dağıdıblar. Ərazi bütövlüyümüzün təmin olunduğu qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və 30 illik ağır məcburi köçkünlük həyatı yaşamış vətəndaşlarımızın doğma yurdlarına qaytarılması əsas prioritet elan olunub. Bu məqsədlə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılaraq bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsinə sərf olunub. İşğaldan azad edilmiş şəhər və rayonlarda tikinti işlərinin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün həmin ərazilər minalardan təmizlənib, qısa zaman kəsiyində böyük infrastruktur layihələri icra edilib. Qarabağa qayıdış çərçivəsində Tərtərin Talış kəndində də böyük quruculuq işləri həyata keçirilib. Martın 16-da bu kəndə sakinlərin qayıdışı təşkil olunub. Talışı kəndi ən müasir şəkildə tikilib və 30 il ağır məcburi köçkünlük həyatı yaşamış insanlar bundan sonra doğma yurdlarında müasir şəraitdə yaşayacaqlar. Bu kənddə evlər tikilib, insanlar üçün maksimum yaşayış təmin olunub. Talış adi kənd olsa da, buradakı rahatlıq şəhərlərdən də yaxşı səviyyədədir. Yəni Talışı kəndi işğaldan azad olunmuş ərazilərdə tikiləcək şəhər və kəndlərimizin bir nümunəsidir”.




Millət vəkili Elman Məmmədovun sözlərinə görə, 30 illik işğaldan sonra qısa müddət ərzində böyük bir kəndin yenidən tikilməsi və oraya əhalinin qayıdışının təmin olunması Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir:


"Bütün bərpa işləri dövlətimizin iqtisadi gücündən, imkanlarından xəbər verir. Heç bir beynəlxalq qurumun, xarici dövlətin yardımı olmadan ölkənin qısa zamanda kəsiyində öz gücünə ərazilərin təhlükəsizliyinin təmin olunması, minalardan təmizlənməsi, yüksək səviyyədə quruculuq işinin aparılması asan deyil. Böyük Qayıdışla yanaşı, köçəcək əhalinin işlə təminatı məsələsi artıq həll edilib. Eyni zamanda təhsil, səhiyyə, rabitə, kommunikasiya məsələlərinin hər biri kompleks şəkildə qaydasına salınıb. Bu, "Böyük köç"ün başlanğıcıdır ".


Sevinc
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər