Böyük Britaniya və Avropa İttifaqı bazar ertəsi günü müdafiə və ticarət əlaqələrində ən əhəmiyyətli yenilənməyə razılaşıblar. Buna səbəb ABŞ Prezidenti Donald Trampın qlobal nizamı sarsıtması olub.
Bakupost.az Reuters-ə istinadən xəbrə verir ki, Britaniya təxminən doqquz il əvvəl Aİ-dən ayrılmağa səs verməsinə baxmayaraq, müdafiə sahəsində aparıcı ölkə kimi birgə satınalma layihələrində iştirak edəcək.
Tərəflər həmçinin Britaniya məhsulları və vətəndaşlarının Aİ-yə daha asan girişini təmin etmək və mübahisəli olan yeni balıqçılıq razılaşmasını da imzalamaq barədə razılığa gəliblər.
Trampın tətbiq etdiyi tariflər və Avropanın özünü daha yaxşı qoruması barədə verilən xəbərdarlıqlar dünya ölkələrini ticarət, müdafiə və təhlükəsizlik əlaqələrini yenidən nəzərdən keçirməyə məcbur edib.
Bu, Böyük Britaniyanın Baş naziri Kir Starmeri Fransa prezidenti Emmanuel Makron və digər Avropa liderlərinə daha da yaxınlaşdırıb.
Hökumət bildirib ki, ən böyük ticarət tərəfdaşı olan Aİ ilə bu yenilənmə ərzaq və kənd təsərrüfatı istehsalçıları üçün kağız işini azaldacaq, ərzaq qiymətlərini ucuzlaşdıracaq, enerji təhlükəsizliyini yaxşılaşdıracaq və 2040-cı ilə qədər iqtisadiyyata təxminən 9 milyard funt sterlinq ($12.1 milyard) əlavə edəcək.
Bu, Britaniyanın bu ay imzaladığı Hindistan və ABŞ-la razılaşmalardan sonra üçüncü böyük müqavilədir. Müqavilənin dərhal iqtisadi təsiri böyük olmasa da, korporativ əhval-ruhiyyəni yüksəldərək, zəruri investisiyaların cəlb olunmasına kömək edə bilər.
Starmer bildirib: “İndi irəliyə baxmağın vaxtıdır. Köhnə mübahisələrdən və siyasi qarşıdurmalardan uzaqlaşıb, Britaniya xalqı üçün ağıllı və praktik həllər tapmaq lazımdır. İnsanların həyatını yaxşılaşdırmaq üçün tərəfdaşlarımızla işləməyə hazırıq.”
Amin Rızayev,
BakuPost