Ru
17:47 / 19 May 2025

Azərbaycanda uşaq ölümlərinin sayı niyə artıb? - AÇIQLAMA

Azərbaycanda uşaq ölümlərinin sayı niyə artıb? - AÇIQLAMA
Eye

Dünya Bankı və "Statista"nın məlumatlarına əsasən, Azərbaycan öz qonşuları arasında və Avropa ölkələri ilə müqayisədə ən yüksək uşaq ölümü göstəricisinə malikdir. Bildirilir ki, 2022-ci ildə Azərbaycanda perinatal ölüm göstəricisi hər 1000 doğulan uşağa nəzərən 16,2-yə çatıb.

Dövlət Statistika Komitəsindən Bakupost.az -a verilən məlumata görə, 2024-cü ildə ölkə üzrə 1 yaşadək ölən uşaqların sayı 1420 nəfər olub. Onların 804 nəfəri oğlan, 616 nəfəri isə qızdır. Hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı isə 29 nəfər olub.

Qeyd edək ki, uşaq ölümü ilə bağlı göstəricilər 2021-ci ildə 840, 2022-ci ildə 959, 2023-cü ildə isə 2039 nəfər təşkil edib. Statistikadan da göründüyü kimi, son iki ildə uşaq ölümü sayında artım müşahidə olunur.

Bəs Azərbaycanda uşaq ölümlərinin səbəbi nədir? Doğrudanmı ölüm hallarında artım var?

Mövzu ilə bağlı Bakupost.az -a danışan pediatr Vaqif Qarayev beynəlxalq təşkilatların statistikasına inanmadığını bildirib:


“Uşaq ölümü bütün dünyada çox həssas mövzudur. Bu göstərici həmin ölkənin sanitar mədəniyyətinin və yaxud da səhiyyə xidmətinin səviyyəsini göstərir. Ona görə də, açığı, mən Dünya Bankı deyilən qurumun rəqəmlərinə inanmıram. Yəni birdən-birə ölkədə nə baş verib ki, ölüm faizi artıb? Daha çox rəsmi rəqəmlərə inanıram. Uşaq ölümü həmişə olub, indi də var, gələcəkdə də olacaq. Ən çox bir yaşa qədər uşaqların ölüm faizi nəzərdə tutulur. Bu yaşda uşaqlar xəstəliklərə həddindən artıq meyilli olurlar, çünki orqanizmin müqaviməti zəifdir. Daha çox tənəffüs, mədə-bağırsaq sistemi, sinir sistemi xəstəlikləri öndə gedir. Bütün dünyada vəziyyət belədir. Amma bizdə bir də irsi xəstəliklər var, anadangəlmə qüsurlar. Bu, digər inkişaf etmiş ölkələrdə çox nadir hallarda rast gəlinir. Məsələn, dəfələrlə deyilir, erkən nikahlar, qohum evlilikləri olmaz. Amma deyilməsinə baxmayaraq, bu hallar yenə də olduğu kimi qalır. Ona görə də biz bu məsələyə diqqət yetirsək, yaxşı olar.”

Pediatr-neanotoloq Aidə Əliyeva isə Bakupost.az -a bildirib ki, hamiləliyin 22-ci həftəsindən uşağın doğulduğu 7-ci gününə qədər olan dövr perinatal dövr sayılır:



"Burada müxtəlif səbəblər, ana ilə, hamiləliklə əlaqədar hər hansı patologiyası və ya uşağın vəziyyəti ilə bağlı amillər ölümə səbəb ola bilər. Bir də ki, hansısa tibbi xidmətin vaxtında göstərilməməsi uşaq ölümünə səbəb olur. Yəni keyfiyyətli tibbi xidmətin olmaması... Amma ən çox rast gəlinən səbəblərdən biri yarımçıq doğulmadır. Xüsusən də dərin yarımçıq doğulan uşaqlarda ölüm halları daha çox müşahidə olunur. Asfiksiyalar, eləcə də yeni doğulmuşlarda rast gəlinən infeksiyalar da uşaq ölümünə səbəb ola bilər. Bu infeksiyalar həm anadangəlmə ola, həm də xəstəxana şəraitində yarana bilər. Digər səbəblərdən biri isə ürək qüsurları, ümumiyyətlə, anadangəlmə qüsurlar, tənəffüs və bağırsaq sistemi problemləridir. Bunlar hamısı ölümə səbəb ola bilər.”

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar