“Ortaq türk tarixinin, dilinin yaradılması uğrunda mübarizə apararkən, bizlərin qəlbinə dəyən belə məsələlərə çox toxunulmamasını daha doğru hesab edirəm.”
“Təəssüf ki, son dövrlərdə hansısa səbəbdən türk xalqlarını ayıran, onların arasındakı ziddiyyətli məqamları qabartmağa çalışan fikir və mülahizələr irəli sürülür. Zənnimcə, bu o qədər də doğru yanaşma deyil. Biz Şah İsmayılı da, Sultan Səlimi də, Əmir Teymuru da türk xalqlarının böyük sərkərdələrindən hesab edirik. Şah İsmayıl da xalqımız üçün Səfəvi kimi böyük imperatorluq yaratmış bir şəxs idi. O, öz vəsiyyətində gənclərə tövsiyə edirdi ki, onun dövründə yol verdiyi səhvlər təkrarlanmadan 3 əsas əmanətə - din, dil və torpağa axıra qədər sədaqətli olsunlar. Mən bu cəhətdən çox xırda məsələləri qabartmağı doğru hesab etmirəm.
Peşəkar tarixçilər Çaldıran döyüşü ərəfəsində və sonradan Osmanlı sultanları ilə Səfəvi şahları arasındakı yazışmaları çox gözəl bilirlər. Bu yazışmalarda da günahın kimdə olduğu açıq şəkildə görünür.”
Qeyd edək ki, Sultan Səlim Şah İsmayıl Xətaiyə 3 həqarət dolu məktub yazır. Şah İsmayıl Xətai isə buna cavab olaraq 1 məktub yazır. Sözügedən məktubları diqqətinizə çatdırırıq.
Sultan Səlim yazır:
(3-cü məktubdan)
“….Bu əsnada səndən bizə qarşı gizlin və ya aşkar, xeyir və ya şər olmasından aslı olmayaraq, cəsarətə eyham vuran bir vəziyyət müşahidə edilməmişdir. Xüsusilə də hazırda Azərbaycanda olan dağ və təpələrdə qalib ordumun dördayaqlılarının dırnaq izi aypara ilə dolu səmaya dönmüşkən, hələ ki, nə səndən bir səs-soraq var, nə də gözə dəyirsən. Elə yox olmusan ki, varlığın ilə yoxluğun arasında bir fərq yoxdur. Qılınc davası edənlərin qalxan kimi bəlalara sinə gərmək peşələri olmalı, ağalıq iddiası edənlərin dəbilqə kimi ox və nizə zərbələri ilə qarşılaşmaq qorxusu olmamalıdır.
Təhlükəsiz yerdə pərdə arxasında gizlənənləri ər adlandırmaq xətadır. Ölümdən qorxanların qılınca qurşanıb ata minməsi isə bəyənilməz haldır.
Ölümə doğru getməkdən kimsə qaçırsa
Zorla dartıb ölümə doğru yerindən tərpədərlər.
Belə bir vəziyyətdə gizlənərək bir küncə sıxılıb gözə görünməmənin səbəbi böyük ehtimalla müqayisəolunmaz dərəcədə güclü qoşunumdan qorxub çəkinməkdir. Elə isə belə bir ehtimalın (səndəki qorxunun) aradan qaldırılması üçün 40 min nəfərdən ibarət igid əsgərin ordumdan ayrılaraq Qeysəriyyə ilə Sivas arasında düşərgə salmasına əmr etdim. Düşmənə at oynatması və meydanı boş görməsi üçün bu qədər fürsət verilə bilər və bundan artıq olmaz. Əgər səndə az da olsa qeyrət və cəsarət varsa, gəlib şanlı və qalib əsgərlərimlə qarşılaşırsan…”
Şah İsmayıl Səlimə cavab yazır:
(Səlimin 3-cü məktubuna cavab)
“….Sultanlara yaraşmayan ifadələrə gərək yoxdur. Şübhəsiz ki, həmin dinsiz ifadə və fikirlər katiblərinin və tiryək çəkməkdən beyinləri qurumuş mirzələrinin yazdığı uydurmalardır. Bu qədər ləngimənin də bir zərurəti olduğunu düşünürəm. Buna görə də möhürümüzlə möhürlənmiş xüsusi keyfiyyətli qızıl ilə dolu mücrünü (qutunu) ən yaxın və etimad etdiyimiz Şahqulu ağa, – ruzisi bol olsun, – ilə birlikdə göndərdim ki, əgər lazım olarsa istifadə edərsən. Tezliklə gəlib çıxacaqdır. Allahın köməyi ilə qəzavü-qədərdə nə yazılıbsa, o da baş verəcəkdir. Amma kiminsə sözünə əhəmiyyət vermədən ciddi şəkildə düşün ki, sonrakı peşmançılıq fayda verməz.
Bu məktub biz İsfahan torpaqlarında ov edərkən yazıldı. Sizinlə dərhal qarşılamağa tədarük görməyə başlamaqla yanaşı, dostcasına cavab yazdıq ki, istədiyiniz kimi hərəkət edəsiniz (seçim sizindir).
Səni çox incitmədən “heç bir günahkar başqasının günahını daşımaz” (Ənam,164) demək istəyirəm ki, əgər (bu) iş müharibə ilə nəticələnəcəksə, süstlük edib yubanma. Lakin sonunu da düşün. Vəssalam!..”
Bu məktublardan sonra “Çaldıran” döyüşü baş verdi.
Aysel,
BakuPost